Mahir əsas heyətdən kənarlaşdırıldı
“Kayzerslautern”də millinin hücumçusu Mahir Emreli ilə bağlı vəziyyət gərginləşib. Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın BILD nəşri məlumat yayıb. Bildirilir ki, 28 yaşlı futbolçu klubun son qərarı ilə əsas heyətdən kənarda qalıb.Nəşr yazır ki, baş məşqçi Torsten Liberknext Mahiri “Ayntraxt Braunşveyq”ə qarşı keçiriləcək vacib ev oyununun heyətinə daxil etməyib. Klubdan verilən məlumata görə, bu addım sırf idman səbəbləri ilə bağlıdır və Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun bir neçə gün əvvəl səsləndirdiyi ittihamlarla əlaqəli deyil.Qəzetin məlumatına görə, məsələnin pərdəarxası məqamları daha dərindir. Belə ki, “Kayzerslautern” rəhbərliyi Azərbaycan tərəfi ilə razılığa gələrək, zədədən yeni qayıdan Mahirin milli fasilə zamanı Almaniyada qalmasını xahiş etmişdi. Klub söz vermişdi ki, Mahir burada qalıb məşq edərsə, heyətə düşmək şansı artacaq. Lakin futbolçu klubda qalsa da, bud nahiyəsində yenidən problem yaranıb və nəticədə o, son oyunlarda, demək olar ki, meydana çıxmayıb.Milli komandanın baş məşqçisi Ayxan Abbasov açıqlamasında klubun sözügedən davranışından məyus olduğunu gizlətməyib:“Klubun idman direktoru bizə müraciət etmişdi. Bildirmişdi ki, Mahir klubda qalsa, oynamaq şansı artacaq. Biz də buna razılaşdıq. Amma təəssüf ki, heç bir fərq görmürük. Bu məsələ bizi ciddi düşündürür”.Qeyd edək ki, M. Emreli 2028-ci ilə qədər müqavilə ilə bağlı olduğu “Kayzerslautern”də ən çox maaş alan oyunçulardan biridir. Alman mətbuatının iddiasına görə, klub rəhbərliyi artıq yay transfer pəncərəsində onun üçün yeni alıcı axtarmağı planlaşdırır.