AZ

ABŞ və İran masaya oturur - Böyük razılaşma yoxsa...

Yaxın Şərqdəki gərginlik fonunda diplomatik aktivlik daha da artmaqdadır. Son olaraq, İranın xarici işlər naziri Abbas Əraqçinin İslamabada gözlənilən səfəri və burada mümkün ABŞ-İran təmaslarının baş tutacağına dair yayılan məlumatlar regionda yeni siyasi dinamikanın formalaşa biləcəyindən xəbər verir. Üstəlik, Pakistanın bu prosesdə vasitəçi kimi çıxış etməsi, tərəflər arasında uzun müddətdir müşahidə olunan diplomatik durğunluğun aradan qaldırılması üçün yeni platforma yarada bilər.

Bu səfərin arxasında dayanan əsas məqsəd nədir? Gərginliyin müvəqqəti azaldılmasına yönəlmiş taktiki addımdır?

ABŞ və İran arasında illərdir həll olunmayan məsələlər- sanksiyalar, nüvə proqramı, regional təsir uğrunda rəqabət-bu görüşdə real müzakirə predmetinə çevriləcəkmi?

Pakistanın vasitəçiliyi tərəflər üçün nə dərəcədə etibarlı və effektiv platforma təmin edə bilər? Bu format tərəflərin qarşılıqlı etimadını bərpa etməyə kifayət edəcəkmi? Ən nəhayət, bütün bu proses böyük bir razılaşmaya gətirib çıxara bilərmi, yoxsa bu, sadəcə növbəti diplomatik cəhd kimi tarixə düşəcək?

Siyasi analitik Asif Nərimanlı Musavat.com-da gözlənilən bu səfəri belə şərh etdi: "Əraqçının İslamabada səfər edəcəyi xəbəri ABŞ-İran qarşıdurmasında gözlənilən yeni eskalasiya riskini azalda bilər, lakin tərəflərin prinsipial məsələlərdə anlaşacağı hələ də sual altındadır. Əslində iki həftəlik atəşkəsin bitməsindən sonra müharibənin yenidən başlanmasından daha çox, tərəflərin “soyuq diplomatiya” müstəvisində hərəkət edəcəyi gözləntisi daha böyük idi, çünki yeni müharibə heç birinə sərfəli deyil, xüsusilə ABŞ mövcud hücum potensialının, yəni hava zərbələrinin nəticə əldə etməyə kifayət etmədiyini anlayır. Buna görə hər iki tərəf təzyiq rıçaqlarını işə salaraq, danışıqlar masasından qazanclı çıxmağa çalışır. İranın danışıqlardan imtina etməsi müvəqqəti görünən üstünlüyündən qaynaqlanır. Tehranda anlayırlar ki, ABŞ hücumların yeni dalğasına başlamaqda tərəddüd edir, buna görə dəniz blokadasını aradan qaldırmaq şərtini irəli sürürlər. ABŞ isə heç bir güzəşt əldə etmədən buna getməyəcək, çünki İrana qarşı qeyri-müharibə şəraitində əsas rıçaqlarından biri məhz budur. Bu kontekstdə tərəflərin yenidən danışıqlar masasına əyləşməsi və müzakirələr aparmaq gözləntisi böyükdür. Hərçənd, bu danışıqlarda prinsipial məsələlərin həlli ehtimalı zəifdir, hər iki tərəf bunu anlayır, sadəcə diplomatiyanın davam etməsi müharibənin yenidən başlanmasının qarşısının alınması baxımından lazımdır. Fikrimcə, İran problemi bölgədə uzunmüddətli məsələyə çevriləcək. ABŞ siyasi və iqtisadi rıçaqlarını işə salmaqla Tehranı razılaşmaya məcbur etmək xəttini izləyəcək, bu periodda müəyyən hərbi zərbələrin endirilməsi də mümkündür, amma bunun genişmiqyaslı olacağı ehtimalı azdır. İran da mümkün qədər müqavimət göstərməyə çalışacaq".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
31
50
musavat.com

10Mənbələr