Avstraliyanın Baş naziri Entoni Albaneze ilə Vyetnamın yeni seçilmiş Prezidenti To Lam arasında telefon danışığı baş tutub.
“The Guardian” qəzetinin məlumatına görə, bu müzakirələrin mərkəzində dayanan əsas məsələ qlobal gərginlik səbəbindən yanacaq və enerji təhlükəsizliyinin təmin edilməsidir.
Rəsmi Kanberra Yaxın Şərqdəki qeyri-sabitlik səbəbindən enerji yollarını sığortalamaq üçün diplomatik aktivliyini artırıb. Danışıq zamanı Baş nazir Albaneze To Lamı prezident seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edib və iki ölkə arasındakı strateji münasibətlərin vacibliyini xüsusi vurğulayıb.
Şübhəsiz ki, tərəflər arasında qarşılıqlı enerji asılılığı diqqətçəkən səviyyədədir. Vyetnam Avstraliyanın neft idxalında mühüm yer tutur və ümumi tədarükün təxminən 13 faizini təmin edir. Öz növbəsində, Vyetnam Avstraliyadan təbii qaz idxal edərək öz enerji ehtiyaclarını qarşılayır.
Liderlər qlobal enerji bazarlarının açıq və əlçatan qalmasının strateji əhəmiyyətini bir daha təsdiqləyiblər. Baş nazir E.Albaneze tədarük zəncirini qorumaq məqsədilə bu ay Bruney, Sinqapur və Malayziyaya da səfərlər həyata keçirib.
Beləliklə, Yaxın Şərqdə davam edən münaqişələr yanacaq yollarının təhlükəsizliyini bir çox dövlət üçün prioritetə çevirib. Avstraliya Vyetnam kimi tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməklə, gələcəkdə yarana biləcək mümkün enerji böhranından maksimum dərəcədə sığortalanmağa çalışır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”