AZ

Hörmüz boğazı ətrafındakı gərginlik Azərbaycana yüklərin gətirilməsinə necə təsir göstərib?

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hörmüz boğazı ətrafında yaranan gərginlik Azərbaycanın Körfəz ölkələri ilə ticarət edən kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə təsir göstərib.

Baku TV-nin məlumatına görə, xüsusilə yükdaşıma şirkətlərinin konteyner daşımalarını dayandırması nəticəsində yüklər limanların saxlama zonalarında uzun müddət qalır və bu da əlavə xərclər və cərimələrin yaranmasına səbəb olur.

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, belə hallarda məsuliyyət birbaşa tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən müəyyən edilir. Onun sözlərinə görə, müqavilədə risklərin bölüşdürülməsi necə nəzərdə tutulubsa, mübahisələr də həmin çərçivədə həll olunur.

Hüquqşünas Vüsal Cəfərov isə qeyd edib ki, müqavilə bağlanarkən əsas götürülən şəraitin sonradan ciddi şəkildə dəyişməsi onun dəyişdirilməsi və ya ləğvi üçün hüquqi əsas yarada bilər. Əgər tərəflər razılığa gələ bilməzsə, məsələ məhkəmə qaydasında həll oluna bilər.

Vüsal Cəfərov əlavə edib ki, tərəflərdən biri xarici ölkədə yerləşdikdə, bağlanan müqavilədə gələcəkdə baş verəcək mübahisələrin hansı ölkənin qanunvericiliyinə əsasən həll edilməsi qeyd olunur.

Sözügedən problem yükdaşımalarda alternativ marşrutları da aktuallaşdırır. İqtisadçı Xalid Kərimli deyir ki, Azərbaycanın Şərq ölkələri ilə idxalında yüklərin daşınması ənənəvi olaraq okean üzərindən iki marşrutla həyata keçirilir: İran üzərindən Bəndər-Abbas limanı vasitəsilə və Gürcüstanın Poti limanı üzərindən Qara dəniz yolu ilə.

Onun sözlərinə görə, İran marşrutu daha qısa və ucuz olduğu üçün üstünlük təşkil edirdi. Hazırda isə Mərkəzi Asiya və Xəzər dənizi üzərindən keçən Orta Dəhliz də alternativ kimi istifadə olunur. Orta Dəhliz üzrə daşınma qiymətləri Poti marşrutu ilə təxminən eynidir, lakin daha qısa müddətdə çatdırılma imkanı yaradır.

Bununla belə ekspert deyir ki, İran üzərindən bir konteynerin daşınması ölkəyə 4 000-4 500 dollara başa gəlirsə, qeyd edilən digər marşutlar üzrə bu göstərici 7 000 dollardan çoxdur.

Lakin hər bir halda İran ətrafındakı məlum hadisələr qiymətləri yüksək olsa da, alternativ marşrutları aktual edir. Bu da nəticədə ölkəyə idxal olunan məhsulların qiymətlərinin artması deməkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
baku.ws

2Mənbələr