BAKI, 24 aprel. TELEQRAF
24-27 aprel tarixlərində paytaxtın Səməd Vurğun və Rəşid Behbudov küçələri, eləcə də Heydər Əliyev prospektinin əsas və kənar yollarında (şəhər istiqaməti) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlərə uyğun olaraq bəzi marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Belə ki,
- Səməd Vurğun küçəsindən keçən 61 nömrəli marşrut Azadlıq prospektilə, 88A nömrəli marşrut isə Rəşid Behbudov və Salatın Əsgərova küçələrilə;
- Rəşid Behbudov küçəsindən keçən 4 nömrəli marşrut Puşkin küçəsi, Azadlıq prospekti və Füzuli küçəsilə, 5, 20, 61, 88 nömrəli marşrutlar isə Xaqani, Puşkin və Füzuli küçələrilə;
- Heydər Əliyev prospektinin əsas yolundan keçən H1 nömrəli marşrut kənar yolla hərəkət edəcək.
Qismən məhdudlaşdırılması nəzərədə tutulan Heydər Əliyev prospektinin kənar yolundan keçən 1, 13, 38 və M8 nömrəli marşrutların intervallarında artım ola bilər.