AZ

Prezident sərəncamı Ələt Azad İqtisadi Zonasının logistika mərkəzinə çevrilməsinə baza yaradır - ŞƏRH

Bakı, 24 aprel, AZƏRTAC

Prezidentin Sərəncamı ilə Ələt Azad İqtisadi Zonası ərazisində dövlət torpağının birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə zonanın səlahiyyətli qurumuna verilməsi ölkənin iqtisadi inkişaf strategiyasında mühüm mərhələ kimi qiymətləndirmək lazımdır. Bu qərar ilk növbədə zonada fəaliyyət göstərən və gələcəkdə fəaliyyətə başlayacaq investorlar üçün hüquqi sabitliyi və uzunmüddətli təminatı gücləndirir. Torpaq məsələsinin tam həll edilməsi investisiya risklərini minimuma endirərək daha iri həcmli və kapital tutumlu layihələrin cəlb olunmasına şərait yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, Ələt zonasının Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birbaşa inteqrasiyası onun regional logistika mərkəzi kimi əhəmiyyətini daha da artırır: "Bu da Azərbaycanın Orta Dəhliz üzərində strateji mövqeyini gücləndirərək tranzit gəlirlərinin artmasına xidmət edir.

Sərəncam həm də qeyri-neft sektorunun inkişafına təkan verəcək. Zonada istehsal, emal və ixracyönümlü müəssisələrin yaradılması iqtisadi diversifikasiyanı sürətləndirəcək, ölkənin ixrac potensialını genişləndirəcək. Şübhəsiz, bu addım minlərlə yeni iş yerinin yaradılmasına, regionlarda iqtisadi fəallığın artmasına və kiçik və orta biznesin inkişafına əlavə imkanlar açacaq".

İqtisadçı ekspert qeyd edib ki, qəbul olunmuş sənəd Ələt Azad İqtisadi Zonasının beynəlxalq səviyyəli sənaye və logistika mərkəzinə çevrilməsi üçün mühüm institusional baza formalaşdıracaq və uzunmüddətli perspektivdə dövlət büdcəsinə əlavə gəlir axınlarını təmin edəcək.

Xatırladaq ki, aprelin 24-də Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sənəddə göstərilir ki, Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 1453,09 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilsin.

Müxbir - Nailə Həsənova

Seçilən
4
1
azertag.az

2Mənbələr