Rəqəmsal ticarətin sürətlə yayılması alış-verişi daha rahat etsə də, eyni zamanda yeni təhlükələri də ortaya çıxarır. Fırıldaqçı saytlar, şübhəli linklər və məlumat oğurluğu halları istifadəçilər üçün ciddi risk yaradır. Ona görə də onlayn mühitdə təhlükəsiz qalmaq üçün sadə, amma vacib qaydaları bilmək və tətbiq etmək olduqca önəmlidir.
"Onlayn ticarətin rahatlığı həm də müəyyən təhlükələri bərabərində gətirir. Rəqəmsal dünyada "ov" olmamaq üçün texnoloji biliklərdən daha çox, diqqətli və şübhəçi yanaşma önəmlidir".
Bu sözləri İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov QHT.az-a açıqlamasında bildirib.
F. Əmirov həmçinin açıqlamasında onlayn alış-veriş zamanı təhlükəsizliyinizi təmin edəcək əsas qaydaları vurğulayıb:
"Hər parıldayan reklam real mağaza deyil. Alış-veriş etdiyiniz saytın ünvan bölməsinə (URL) mütləq baxın:
* HTTPS protokolu: Saytın ünvanı http:// deyil, mütləq https:// ilə başlamalıdır. Sondakı "s" hərfi (secure - təhlükəsiz) məlumatlarınızın şifrələndiyini göstərir.
* Düzgün ad: Fırıldaqçılar məşhur brendlərin adında kiçik dəyişikliklər edirlər (məsələn, amazon.com əvəzinə amaz0n-shop.com).
Əsas bank kartınızın məlumatlarını hər saytda paylaşmaq böyük riskdir.
* Bank tətbiqiniz vasitəsilə Virtual Kart yaradın.
* Alış-veriş edəcəyiniz məbləğ qədər pulu həmin karta köçürün və ödənişi edin. Beləcə, saytın bazası oğurlansa belə, əsas hesabınızdakı vəsait toxunulmaz qalar.
"Təbriklər, qalib gəldiniz!" və ya "Böyük endirim üçün bura klikləyin" tipli SMS və WhatsApp mesajlarına qarşı ehtiyatlı olun.
* Fişinq (Phishing): Rəsmi qurumların və ya bankların adından gələn, lakin sizi şübhəli saytlara yönləndirən linklərə daxil olmayın və kart məlumatlarınızı daxil etməyin. Unutmayın, heç bir bank sizdən kartın PİN kodunu və ya CVV kodunu mesajla istəməz.
Kartınızın 3D Secure xidmətinin aktiv olduğundan əmin olun. Bu sistem sayəsində ödəniş zamanı mobil telefonunuza birdəfəlik təsdiq kodu gəlir. Kod sizə gəlmirsə, deməli icazəsiz əməliyyat cəhdi var.
Parklarda, kafelərdə və ya metrolarda təqdim olunan pulsuz Wi-Fi şəbəkələri üzərindən bank əməliyyatları aparmayın. Bu şəbəkələr kiber-cinayətkarlar tərəfindən məlumatları ələ keçirmək üçün asanlıqla izlənilə bilər. Şəxsi mobil internetinizdən istifadə etmək hər zaman daha təhlükəsizdir.
Əgər bir təklif "inanılmayacaq dərəcədə yaxşı" görünürsə (məsələn, son model telefon 80% endirimlə satılırsa), çox güman ki, bu bir tələdir".
Piranə Xasiyeva