AZ

Venesiyanın dar küçələrində Culfa tacirlərinin izləri

ain.az, 525.az portalına istinadən məlumat verir.

Culfa hal-hazırda Azərbaycan Respublikasının ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ərazisində eyniadlı rayonun mərkəzidir. Tədqiqatçılar yazır ki, qədim Culfa şəhəri indiki Culfadan 4–5 km aralıda idi. Araz çayı sahilində yerləşən bu tranzit şəhər tarixən təkcə coğrafi mövqeyi ilə deyil, həm də iqtisadi və mədəni roluna görə seçilmişdir. Əsasən də orta əsrlərdə Böyük İpək Yolunun mühüm qovşaqlarından biri kimi tanınmışdır. Culfa Şərqlə Qərbi birləşdirən ticarət yollarının üzərində yerləşdiyinə görə Şimali və Cənubi Azərbaycanı, eləcə də İranı Anadolu və Avropa ilə bağlayan ən qısa və əlverişli keçid nöqtəsi olmuşdur.

İpək yolu Culfaya yalnız tacir gətirmirdi, eyni zamanda memarlıq inciləri də bəxş edirdi. Şəhər ərazisində xeyli sayda karvansara qalıqları mövcuddur. Həmin karvansaralar minlərlə dəvə və atdan ibarət karvanların gecələməsi üçün nəzərdə tutulmuşdur. Akademik İ. Hacıyev qeyd edir ki, bu karvansaralar Culfa ərazisindən keçən karvan yollarının əsas atributlarından biri idi. Karvansaralar yalnız əsas ticarət mərkəzləri olan şəhərlərdə deyil, həm də xarici karvanların hərəkət etdiyi ticarət yolları üzərində tikilirdi. Tarixən Culfa ərazisində mövcud olmuş karvansaralardan ən böyüyü XII–XIII əsrlərə aid edilən, rayonun Gülüstan kəndində yerləşən Culfa karvansarası idi. Yenə həmin mənbədə qeyd olunur ki, ümumi uzunluğu 37 metr olan bu karvansara nəinki Naxçıvan Muxtar Respublikası, ümumilikdə müasir Azərbaycan Respublikasının ərazisində elm aləminə məlum olan ən böyük karvansaradır. İstər Culfa karvansarası, istərsə də rayon ərazisində mövcud olmuş digər karvansaraların hər biri orta əsrlərdə Culfa şəhərinin mühüm ticari əhəmiyyətinin göstəricisidir. Lakin bu ticarət heç də birtərəfli olmamış, Culfa ipək istehsalı və ticarətində də mühüm rol oynamışdır. Culfa tacirləri təkcə xarici malları idxal etmir, həm də yerli məhsulları (ipək, xalça, duz) beynəlxalq bazarlara çıxarırdılar.

Hətta “Culfa qumaşı” bir vaxtlar Yaxın Şərqdə çox məşhur idi. Tarix üzrə fəlsəfə doktoru, dosent E. İsayevin tədqiqatlarında göstərilir ki, İpək yolu vasitəsilə Culfa tacirləri Qərbi Avropanın Venesiya, Amsterdam, Marsel şəhərləri, habelə Suriya, Türkiyə və Hindistanda alver edirdilər. Bu mənada Venesiyanın xüsusilə seçildiyini qeyd etsək, yanılmarıq. Çünki həmin dövrdə Avropada beynəlxalq ticarətin əsas mərkəzlərindən biri Venesiya idi. Bəzi məlumatlara görə, hətta Venesiya əhalisinin dörddə biri ticarətlə məşğul idi (bu dövrdə əhalinin sayı təxminən 200 min nəfər təşkil edirdi). Bu şəhər əsrlər boyu yalnız memarlığı ilə deyil, həm də müxtəlif xalqların ticarət yollarının kəsişdiyi mühüm mərkəz kimi tanınmışdır. Bununla bağlı akademik Y. Mahmudov da yazır ki, XV əsrdə Azərbaycan Qərb ölkələrində çox axtarılan yüksək keyfiyyətli xam ipəyin vətəni idi. Azərbaycan və İran ipəyinin əsas alıcıları italiyalılar, birinci növbədə venesiyalılar idilər. Eyni zamanda həmin mənbədə qeyd olunur ki, Azərbaycan tacirlərinə Venesiyada hər cür köməklik göstərilirdi. Onların burada sərbəst ticarət hüquqları var idi, gömrük rüsumlarından və vergilərdən azad idilər. Bir sıra tarixi əhəmiyyətli sənədlər də qeyd olunan məlumatları təsdiqləyir. Məsələn, senatın 1622-ci il 7 sentyabr və 1647-ci il 6 iyul tarixli qərarlarına əsasən deyə bilərik ki, Azərbaycan tacirlərinin Venesiyadakı nümayəndəliyi Venesiya hökumətinə rüsum ödəməkdən azad idi. Təbii haldır ki, bu cür yüksək səviyyədə inkişaf etmiş ticari əlaqələr Venesiyanın onomastik sisteminə təsirsiz ötüşməmiş, tarixin yer yaddaşına həkk olunaraq günümüzə qədər gəlib çatmışdır. Belə ki, Culfanın adı Venesiyada küçə adı olaraq hələ də yaşamaqdadır. Bu küçə tarixən culfalı tacirlərin ən çox toplaşdığı, alver etdikləri əsas küçələrdən olmuşdur və hal-hazırda “Ruga Giuffa” adlanır.

“Ruga” sözü fransız mənşəli “rue” sözündən yaranıb, hər iki tərəfi yaşayış binaları və dükanlarla əhatə olunmuş küçə mənasını verir. Hazırda Venesiyada demək olar ki, bütün küçələr bu formada olsa da, şəhərin yalnız müəyyən hissələrinin məskunlaşdığı qədim dövrlərdə bu adın məhz qeyd olunan üslubda tikilmiş ərazilərə verildiyi güman edilir. Sonralar əhali artdıqca və sıra evlər çoxaldıqca bu ad geniş yayılmışdır. S.Pietro di Castello bölgəsində “Galle di Ruga” da mövcuddur. “Giuffa” sözü isə Culfa toponiminin italyan dilinə uyğunlaşdırılmış formasıdır. Çünki Azərbaycan dilindəki “C” və ya “J” (Julfa) səsi italyan dilində yazıda “Gi” birləşməsi ilə ifadə olunur (məsələn: Giovanni, Giulia). “L” səsinin itməsi və “f” səsi ilə əvəzlənməsi isə onunla bağlıdır ki, söz ortasında gələn “l” samitindən sonra gələn sərt samit (f) italyan dilinin bəzi dialektlərində, xüsusən Venesiya dialektində artikulyasiyanı asanlaşdırmaq üçün düşə bilir və ya sonrakı samitin qoşalaşmasına səbəb olur. Beləliklə, Julfa → Giulfa → Giuffa transformasiyası baş vermişdir.

Onu da qeyd edək ki, biz bu adı İtaliya mənbələrində araşdırdıqda urbonimin etimoloji izahını verən müxtəlif tədqiqatçılar arasında fikir ayrılıqları olduğu faktı ilə qarşılaşırıq. Məsələn, Cüzeppe Tassini özünün “Curiosità Veneziane ovvero Origini delle denominazioni stradali di Venezia” adlı fundamental əsərində toponimin bir neçə müxtəlif formada etimoloji izahını qarşılaşdırır. Əsərdə yazılır ki, Qalliççiolli öz yazılarında “Giuffa” sözünün Culfa sözünün təhrif olunmuş forması olduğunu qeyd edirdi və onun fikrincə burada Culfadan olan tacirlər məskunlaşmışdı. Lakin digər tədqiqatçılar bu adı burada yayılan “gagiuffa” adlı şiddətli vəba epidemiyası ilə əlaqələndirirlər. Hətta həmin mənbədə adın qaraçı və fırıldaqçı mənasına gələn “gajuffi” sözünün fonetik variantı olma ehtimalı da dilə gətirilir. Sözügedən ərazidə qaraçıların yaşadığı güman edildiyi qeyd olunur.

İtalyan dilindəki “gaglioffo” (avara, səfeh) sözünün də məhz bu tayfalarla bağlı yarandığı ehtimal edilir.

Fikrimizcə, həm Venesiya və Azərbaycanın arxiv sənədləri, həm də tarixi mənbələr Culfa tacirlərinin Venesiya ilə sıx ticarət əlaqələrini və həmin ərazidə yaşadıqlarını təsdiqləyir. Eləcə də onomastika elminin yaşayış məskənlərinin daha çox orada məskunlaşan əhalinin adı ilə adlandırılması prinsipinə əsaslandıqda, “Ruga Giuffa” küçəsinin adının Culfa tacirlərinin adı ilə bağlı olması öz təsdiqini tapır.

Rüzgar Camal

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
102
525.az

1Mənbələr