AZ

Ağıllı hesab etdiyimiz adamlar... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Ələsgər Süleymanov, jurnalist:

- TƏBIB-in yeni rəhbəri gələndən hamını işdən çıxarır. Bu addıma qiymət verməyə tələsməyək. Əsas yeni təyinatlar olanda mənzərə aydın olacaq. Hələ ki işdən çıxarılanlardan tək birinə - "Yeni Klinika"nın rəhbəri Barat Yusubova görə təəssüflənməyə dəyər. Təcili Yardımla bağlı isə ciddi islahatlar labüd idi.

Vüsal Məmmədov, jurnalist:

- Onsuz da bəlli idi, amma son hadisələr əyani şəkildə sübut etdi ki, Trampın hətta ilk baxışdan çox ciddi görünən sərt, kəskin bəyanatlarının belə, qara qəpik qiyməti yoxdur. Adam axşam dediklərini səhər rahatca dana, hətta tamam əksini söyləyə bilər. Bir dəfə, iki dəfə olsa, "flexibility" kimi dəbdə olan sözlərdən yapışdırıb, malalamaq olardı. Amma lider hər dəfə az qala ölüm-qalım səviyyəsində çox ciddi bəyanatlar səsləndirib, bir neçə saat sonra tam əksini deyirsə, bu, artıq flexibility-zad deyil. Bunun adına bizim dildə "öskürəyə basmaq" deyirlər. Tramp bütün işlərə birja dəllalı kimi yanaşır: Sözü dedi, qiyməti qaldırdı, pulu götürdü, aradan çıxdı, vəssalam. Heç bir məsuliyyət hiss etmir. Onun heç bir sözünə güvənmək olmaz. Artıq bütün dünya bunu başa düşür. Hətta birjalar belə Trampın dediklərinə əvvəlki kimi reaksiya vermirlər. Hamı anlayıb ki, onun ağzından çıxan səslə başqa yerindən çıxanın heç bir fərqi yoxdur.

lll

- İndi metronun rəhbəri Tağı Əhmədov olsaydı, jurnalistlərin "tuneldə neçə nəfər qalıb" sualına əsəbli şəkildə "iki nəfər yarım" cavabını verib, qəzəblə əlavə edəcəkdi: "Ə, bir-bir! Sən oradan dızıldayırsan, o buradan dızıldayır". Amma Tağı Əhmədovun bunu deməsi üçün əvvəlcə jurnalistlərin qabağına çıxması lazım idi. Yadımdadır, özü şəxsən hadisə yerinə getmişdi, çox əsəbi idi. Jurnalistlər də onu araya alıb, hərəsi bir tərəfdən sual verirdilər. İndi nə metronun rəhbəri həmin rəhbərdir, nə də jurnalistlər həmin jurnalistlər. Bircə metro həmin metrodur. Yeganə fərq ondadır ki, Tağı müəllimin vaxtında "Beatles" qrupunun üzvləri "Nizami" stansiyasında gəzmirdilər. İndi gəzirlər.

Təvəkkül Boysunar, yazıçı:

- Səhər universitetdə iki tələbənin bir-biriylə salamlaşmasına şahid oldum.

Oğlan, qarşılaşan kimi:

- Privet, - dedi. (Rus bölməsi deyildi)

Qız da cavabında dərhal:

- Nasılsın? - soruşdu.

Nəhayət üçüncü cəhddə Azərbaycan türkcəsi söhbətə girdi və oğlan:

- Sağ ol, sən nətərsən? - deyə cavab verdi.

Onlar "Anamın kitabı"nı cəmi üç saniyədə tamaşaya qoydular (Heç bir rejissor bu məharəti göstərə bilməzdi).

Afaq Vasifqızı, jurnalist:

- Ağıllı hesab etdiymiz adamlar bir-bir sıradan çıxırlar... qəribə vəziyyətdir... kimi təlxəyə dönür, kimi tovuzquşu kimi bər-bəzəkdə əriyib gedir, kimi tamam özünü buraxır, kimi bədəninin formasını, kimi beyninin məzmununu itirir... nə olub ki cəmiyyətə? Sosial şəbəkələrdə təqdim etdiyiniz obraz nədən bu qədər gülünc... bu qədər iyrənc... niyə axı???

Gülnar Nəsibli, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədr müavini:

- Belə günlərdə Tağı Əhmədovun yeri görünür.

İlham Şaban, jurnalist:

- Metroda ara-sıra enerji itir. 2018-ci ilin iyulunda da belə olmuşdu. Problemi kökündən həll etmək üçün modul tipli mini-AES tikmək olar.

Rauf Qərib Alagöz, yazar:

- 17 ədəd generator hanı bə?

Bir müddət əvvəl "Bakı Metropoliteni" QSC üçün ümumi gücü 39 meqavat olan 17 ədəd generator aldığını açıqlamışdı.

Deyilmişdi ki, qatarlar tuneldə qalmayacaq.

Ceyhun Əliyev, jurnalist:

- "Qarabağ" ikinci də ola bilər, üçüncü də, hətta avrokubok zonasından uzaq da, amma "Qarabağ" müstəqillik dönəminin qüruru olaraq, hər zaman qalacaq. Dünyanın ən zəif futbol ölkəsinə ən böyük klub turnirini iki dəfə yaşatmış klub və baş məşqçisi əbədidir, dostlar!

İlhamiyyə Rza, jurnalist:

- "Akinak"ı uşaqlar üçün çəkdilər, amma deyəsən, ən çox sevinən böyüklər oldu. Yurd sevgisi, vətən hissi uşaqların tərbiyəsində əsas sütundur. Film də bu barədədir. Zənnimcə, azad edilmiş ərazilərimizdə yaşayan uşaqlar da baxmalıdırlar! Bu da olsun daha bir tapşırıq! Hələliksə, Elxan Cəfərovun növbəti filminə baxandan sonra bu qədər işıqlı insanın bir araya gəlməsini fürsət bilib çoxlu şəkil çəkdirdik. Necə deyərlər, film bəhanə...

Rövşanə Ağasəfqızı, jurnalist:

- Elxan Cəfərovun "Akinak" filmi...

13-14 əsr əvvələ nağıl sürəti ilə səyahət edib işıqlı təəssüratla ayrıldıq...

Tarixi nağıl dili ilə çatdırmaq xeyli vəsait və zəhmət tələb edir... film tək görüntü yox, ideoloji baxımdan da uğurludur... Bütün yaradıcı komandaya əhsən...

Günel Mövlud, yazıçı:

- Yaşadığım ölkədən bezmişəm.

Berlində yaşayanda da bu hissləri keçirirdim. Avropanın günəşsizliyindən, tənhalıq yağan boz havasından, süni təbəssümlü ögey insanlardan, adını emosional təhlükəsizlik qoyaraq bir-birilərindən uzaqlaşmağından, politkorrektlik adı altında fikrini rahat deyə bilməməkdən, hisslərini ifadə etməyə çəkinməkdən, bərkdən gülməyin və insanı möhkəm qucaqlamağın familyarlıq hesab olunmağından, planlaşdırılmış həyat və iş tərzindən, bütün bu emosional, fiziki və iqtisadi səliqə-səhmandan, hamısından bezmişəm.

Halbuki müəllimənin qəlbinin bir tərəfində orta əsrlərin ziyafət masaları qurulur, cəngavər qədəhləri cingildəyir, toreodorlar öküzlə döyüşür, rəqqasələr oynayır, saz sözə qarışır, elat bayramları qurulur, Burlaxatun qırx incəbel qıznan seyrə çıxır, Beyrək ordan atını çapıb gəlir, bərəkəti və şənliyi bitib-tükənməyən hedonist bir bayram daima davam edir. Bir tərəfində isə ilanlar sürünür, cəhənnəm tonqalları yanır, İblislər bu tonqalların ətrafında fırlanır, qasırğalar qopur, dərin və sonsuz iztirabların siyahısı tutulur, bədənin və beynin yaddaşındakı ağrılar yoxa çıxıb, sonra qəfil geri qayıdır, sümüklərim sındırılır, ətimdən ət qoparılır...

Şaqraq qəhqəhənin və isitliyindən az qala buxarlanan göz yaşının vəhdətindən yaranan, Şərqin sehrindən və Qafqazın ehtiraslarından yoğrulan ziddiyyətli, hərəkətli bir qəlb sahibi olaraq Avropanın ölümü xatırladan hərəkətsizliyi, bozluğu, sakitliyi mənə görünməmiş bir əzab verir...

Elçin Rüstəmli, jurnalist:

- ABŞ Dövlət Departamenti amerikalıları dərhal İranı tərk etməyə çağırıb.

Bəyəm, bu həngamədən sonra İranda amerikalı qalıb ki?

Asif Nərimanlı, jurnalist:

- İranın ABŞ-la ikinci İslamabad görüşündən imtina etməsi müharibəni davam etdirmək istəyi yox, Vaşinqtonu dəniz blokadasından imtina etməyə məcbur etməyə hesablanıb. Bu, Tehranın ikinci cəhdidir.

Birinci cəhd atəşkəs razılaşmasının Livana da aid edilməsi idi.

Tehran atəşkəsin əldə olunmasından sonra Livanda Hizbullaha qarşı hücumların dayandırılması tələbini irəli sürdü və buna müəyyən qədər nail oldu. İsrail və Hizbullahın praktiki müstəvidə anlaşmaya riayət edəcəyi sual altında olsa da, İran üçün məsələ diplomatiyada önə çıxmaq idi.

İkinci cəhd növbəti görüşlə bağlı irəli sürdüyü şərtdir: Vaşinqton Hörmüzün blokadasını qaldırmadığı müddətdə boğazdan keçid problemli olaraq qalacaq və Tehran danışıqlarda iştirak etməyəcək.

Vaşinqtonun atəşkəs naminə Livan şərtini qəbul etməsi Tehranı Hörmüz tələbini də irəli sürməyə sövq edir və İranda, xüsusilə sərt xəttin tərəfdarları - SEPAH hesab edir ki, mövcud situasiya onların xeyrinədir və ikinci cəhddə də nəticə əldə edə bilərlər.

Mövcud şərtlər ABŞ-ı çətin vəziyyətə salır. Çünki iki həftəlik atəşkəs razılaşmasının bitməsindən sonra Vaşinqton seçim etməlidir:

- Tramp yenidən "bombalamaq"la təhdid edir, lakin bu, Tehranın danışıqlara gəlməsi və razılaşması üçün edilən xəbərdarlıqdır, reallıqda isə yeni hücumların hədəflərə çatmaqda effektiv olacağı ehtimalı zəif görünür: infrastrukturun dağıdılması belə rejimi təslim olmağa sövq etməyəcək;

- Hörmüzün blokadasının davam etdirilməsi: bu, nəzəri baxımdan, effektiv addımdır, lakin praktikida çətinliklər də var; İran blokadaya cavab olaraq, Hörmüzdən keçidə maneələri davam etdirəcək və proses uzun müddət davam edərsə, enerji bazarında vəziyyət nəzarətdən çıxa bilər.

İran bu situasiyanı xeyrinə çevirmək, ABŞ-ı dəniz blokadasına son qoymağa məcbur etmək niyyətindədir. Yaxud ən azından danışıqlar prosesində təşəbbüsünü ələ almaq istəyir. Yenidən hücum riskinə rəğmən, Tehranın danışıqlardan imtina etməsini bu cür oxuya bilərik.

ABŞ-ın mümkün gedişi genişmiqyaslı hücumları bərpa etmək yox, İran gəmilərini "ovlamaq" ola bilər. Dünən İran gəmisinə edilən hücum da buna hesablanmışdı və danışıqlardan imtina edən Tehrana təzyiq xarakteri daşıyırdı. İranın İslamabad görüşündən imtina etməsi  öncə rəsmi formada elan edilməsə də, rejimin informasiya resurslarında - İRNA, İRİB və s. yayıldı, ABŞ da gəmiyə hücumla cavab verdi. İstisna deyil ki, analoji addımlar genişləndirilmiş formada davam edə bilər, çünki hər iki tərəf diplomatik masada əlini gücləndirmək və qarşı tərəfi geri çəkilməyə məcbur etmək üçün mümkün rıçaqlardan istifadə edir. Məqsəd genişmiqyaslı müharibədən qaçmaqdır, lakin kifayət qədər kövrək olan situasiya toqquşma riskini artırır.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- İndiki məqamda hansı daha aktualdır, internetin sürətinin reklamı, yoxsa tələbata uyğun qiymət seçiminin olması ?

İKTA yenidən internet sürətinin artması ilə bağlı növbəti hesabatı açıqlayıb. Beynəlxalq reytinqlərdə irəliləyiş vurğulanıb. Sürətin yüksəlməsi, əlbəttə, müsbət haldır.

Amma dəfələrlə vurğulanıb ki, tənzimləyici qurumun zaman-zaman bu məsələyə fokuslanması, beynəlxalq qurumlara bununla bağlı böyük vəsaitlərin ödənilməsi indiki galda prioritet olmamalıdır.

Hazırda Azərbaycanda "yüksək internet sürətini necə əldə edim" sualı aktual deyil. RİNN-in, "Aztelekom"un apardığı infrastruktur layihəsilə bu problem öz həllini tapıb.

Odur ki, İKTA-nın bu tip açıqlamaları, yumşaq desəm, əks effekt yaradır.

Bu gün istifadəçiləri daha çox düşündürən məsələlər qiymətlərin yüksəkliyi, xüsusilə də tələbata uyğun  seçim imkanlarının məhdudluğu, bəzi ərazilərdə rəqabətin zəifliyi, real sürətin vəd edilən göstəriciyə uyğun gəlməsi, kəsintilər və xidmət keyfiyyətidir.

Aktual olan mobil internetin qiymətinin hər gün qalxmasıdır.

Hansı ki, hələ bir dəfə də müşahidə etməmişəm ki, İKTA bu məsələlərə münasibət bildrisin.

Dövlət operatoru olan "Aztelekom" hələ də minimal 25 manat taarif məsləsində israrlıdır. Heç bir seçim yeri qoymayıb.

Belə bir mərhələdə beynəlxalq reytinqlərdə neçə pillə yuxarı qalxmağın reklamına və bunun üçün kənar beynəlxalq qurumlara vəsait xərclənməsinə deyil, resursların birbaşa abonentin xeyrinə yönəlməsinə ehtiyac var.

İKTA fərqində olmalıdır ki, əsas mövzu sürət yarışması yox, ədalətli qiymət, seçim azadlığı və keyfiyyətli xidmət olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
525.az

1Mənbələr