AZ

Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır

Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) XQ-yə bildirilib ki, bu çərçivədə şəhərin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə avtobusların fəaliyyəti mərhələli şəkildə istifadəyə verilir.

Onun sözlərinə görə, yeni marşrut şəbəkəsi şəhərin əsas istiqamətlərini əhatə edərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətinin təşkilinə imkan yaradacaq.

Xankəndidə fəaliyyət göstərəcək şəhərdaxili avtobus marşrutları aşağıdakılardır:

1 nömrəli marşrut – “Qarabağ Universitetinin Klinikası – Xankəndi Tikiş Fabriki”;

2 nömrəli marşrut – “Kərkicahan qəsəbəsi – Dəmiryol və Avtovağzal kompleksi”;

3 nömrəli marşrut – “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə”.

Bildirilib ki, marşrut xətləri üzrə ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən olunaraq müvafiq yol nişanları ilə təchiz edilib.

Sərnişindaşıma xidmətləri BakuBus MMC-yə məxsus ekoloji təmiz elektrik avtobusları vasitəsilə həyata keçiriləcək. İlkin mərhələdə şəhərin tələbatı nəzərə alınaraq 10 nəqliyyat vasitəsi 14–15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərəcək.

Qeyd olunub ki, avtobuslarda ödəniş sistemi tam nağdsız əsasda təşkil edilib. Sərnişinlər ödənişləri fiziki “BakıKart”, QR-bilet, həmçinin NFC texnologiyası vasitəsilə bank kartları və mobil ödəniş sistemləri – “Google Pay” və “Apple Pay” üzərindən həyata keçirə bilərlər. Fiziki kartların balansını şəhərdə quraşdırılmış ödəniş terminalları vasitəsilə artırmaq mümkündür.

Bununla yanaşı, avtobusların hərəkətinə AYNA-nın monitorinq mərkəzi tərəfindən real vaxt rejimində nəzarət ediləcək.

Layihənin həyata keçirilməsi regionda müasir və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılmasına xidmət edir.

Xatırladaq ki, BakuBus MMC-nin müasir standartlara cavab verən avtobusları hazırda Bakı və Gəncə şəhərlərində də sərnişinlərə xidmət göstərir.

Seçilən
26
29
xalqqazeti.az

10Mənbələr