ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ali Məhkəmənin qərarından sonra hakimiyyət rüsum şəklində toplanmış 159 milyard dolları geri qaytarmalı olacaq.
“İki sahil” xəbər verir ki, müvafiq paylaşım Amerika liderinin "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
"Ölkəmizin əlverişsiz vəziyyətindən onilliklər boyu faydalanan şəxslər və təşkilatlar ABŞ Ali Məhkəməsinin tariflərlə bağlı dəhşətli və gülünc qərarı səbəbindən indi 159 milyard dolları geri almalıdırlar", - Tramp bildirib.
Qeyd edək ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi dövlətlərin mütləq əksəriyyətindən gətirilən mallara 2025-ci ildə idxal rüsumlarının müəyyən edilməsi haqqında prezidentin qərarını qanunsuz hesab edib. Məhkəmə qərara alıb ki, 1977-ci ildə qəbul edilmiş Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) prezidentə belə tarif məhdudiyyətləri tətbiq etmək hüququ vermir.
Daha sonra Beynəlxalq Ticarət məsələləri üzrə Federal Məhkəmənin hakimi Riçard İton Tramp administrasiyasının üzərinə ötən il qlobal rüsumların tətbiqi zamanı tutulmuş 130 milyard dollardan çox vəsaitin idxalçılara geri qaytarılmasına başlamaq öhdəliyi qoyub.
Bundan sonra çoxsaylı şirkətlər hələ Ali Məhkəmə qərar çıxarmazdan əvvəl məhkəmə prosesləri başlatmış yüzlərlə digər şirkətə qoşularaq məhkəmə iddiaları qaldırıblar. Ümumilikdə 2 mindən çox iddia qeydə alınıb, iddiaçılar arasında "FedEx", "Costco", "Goodyear", "Pandora" və "Barnes & Noble" da var.