73,5 milyard dollar aktivlərə malik fondun 3 ayda ümumi gəlirləri 3,2 milyard manat olub
Cari ilin birinci rübü Dövlət Neft Fondu (ARDNF) üçün həm sabitliyin qorunduğu, həm də qlobal risklərin təsirinin hiss olunduğu dövr kimi yadda qaldı. Qurum tərəfindən açıqlanan rəsmi məlumatlar göstərir ki, fond ilin ilk rübündə gəlir və xərclər arasında balansı qoruya bilib.
Hesabata əsasən, ARDNF-nin aktivləri 2026-cı ilin əvvəlinə 73,54 milyard, mart ayının sonuna 73,51 milyard dollar (125 milyard manat) olub. Bu dinamika maliyyə bazarlarında baş verən dalğalanmalara baxmayaraq, fondun aktivlərinin ümumilikdə sabit saxlanıldığını göstərir.
Cari ilin yanvar-mart aylarında ARDNF-nin ümumi gəlirləri 3,18 milyard, xərcləri 3,22 milyard manat təşkil edib. Gəlirlərin 1,8 milyard manatı neft-qaz sektorundan formalaşıb. Hesabat dövründə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağı 1,4 milyard, "Şahdəniz" yatağı 359,6 milyon manat gəlir gətirib. Fondun gəlirlərində ikinci böyük mənbə vəsaitlərin idarə olunmasından əldə olunan qazancdır. Ötən dövr ərzində bu sahədən 1,37 milyard manat gəlir əldə edilib.
Xərclərə gəldikdə, hesabat dövründə fonddan dövlət büdcəsinə 3,21 milyard manat vəsait köçürülüb. Eyni zamanda sosial və insan kapitalına yönəlmiş xərclər də az olmayıb. Xaricdə təhsil proqramları və ali təhsilin rəqabətliyinin artırılması layihələrinə ümumilikdə 7,1 milyon manat vəsait ayrılıb. İdarəetmə xərcləri isə cəmi 6,4 milyon manat olmaqla ümumi büdcə fonunda minimal paya malik olub.
2026-cı ilin ilk rübü qlobal maliyyə bazarları üçün asan keçməyib. Artan geosiyasi gərginliklər, Yaxın Şərqdə baş verən hadisələr və inflyasiya gözləntilərinin güclənməsi investor davranışına ciddi təsir edib, xüsusilə mart ayında istiqraz gəlirlərinin artması qiymətlərə mənfi təsir göstərib. Həmin proseslər ARDNF-nin investisiya portfelində də hiss olunub. Bununla belə, fondun diversifikasiya olunmuş portfeli - özəl səhmlər, daşınmaz əmlak və infrastruktur investisiyaları ümumi gəlirliyin qorunmasına kömək edib. Ümumiyyətlə, ARDNF-nin bu ilin ilk rübü üzrə nəticələri göstərir ki, fond qısa müddətli bazar dalğalanmalarına baxmayaraq, maliyyə sabitliyini qoruyub. Bunu gəlir və xərclərin balanslaşdırılması, aktivlərin sabit qalması və investisiya portfelinin çevikliyi də təsdiqləyir.
Rüstəm KAMAL,
"Azərbaycan"