AZ

"Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika" məsələləri Bakıda müzakirə olundu

Bu günlər enerji dünyasının aparıcı oyunçuları Bakıda toplaşdılar. Məqsəd aydın idi: dəyişən qlobal bazarda Xəzər və Mərkəzi Asiyanın rolunu yenidən müəyyənləşdirmək.  

"Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika" adlanan  ikigünlük forum neft ticarəti və logistikanın ən aktual məsələlərini gündəmə gətirərək regionun strateji əhəmiyyətini bir daha ön plana çıxardı. İştirakçılar enerji marşrutlarının şaxələndirilməsi, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və bazar risklərinin idarə olunması kimi mühüm istiqamətlər üzrə fikir mübadiləsi apardılar. 

Enerji və nəqliyyat bazarlarının iştirakçıları üçün əlamətdar hadisələrdən biri sayılan forum hazırkı geosiyasi reallıqlar fonunda keçirilib. Orta dəhlizin artan rolu isə ayrıca nəzərə alınıb. Bu marşrut artıq Şərqlə Qərb arasında xam neft, neft və neft-kimya məhsullarının daşınmasında böyük əhəmiyyətə malik əsas xətlərdən birinə çevrilib. Məhz bu səbəbdən tədbir sektorun aparıcı oyunçularını - iri enerji şirkətlərini, nəqliyyat qurumlarını və logistika operatorlarını eyni platformada birləşdirib.

Forumda əsas diqqət dayanıqlı logistika marşrutlarının inkişafına, Xəzər regionunda infrastrukturun genişləndirilməsinə, geosiyasi risklərin idarə olunmasına və vahid ticarət mexanizmlərinin formalaşdırılmasına yönəlib. Gündəlik isə dəyişən qlobal şəraitdə nəqliyyat və infrastruktur, maliyyə və əməliyyat məsələləri, eləcə də yeni ticarət strategiyalarını əhatə edən geniş mövzular spektrini əks etdirib.

Müzakirələrdə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft  kəmərinin region üçün strateji əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, bu marşrut üzrə nəqlin genişləndirilməsi üçün əlavə həcmlərin cəlb edilməsi vacibdir. Marşrutun seçimi isə yalnız qiymət fərqləri ilə deyil, həm də çatdırılma müddəti, daşınma və sığorta xərcləri, həmçinin təhlükəsizlik amilləri ilə müəyyənləşib. Bu baxımdan, BTC xəttinin region üçün etibarlı və dəyərli ixrac istiqaməti olaraq mövqeyini qoruduğu bildirilib.

Tədbir çərçivəsində səsləndirilən fikirlərdə yaxın illərdə enerji axınlarının istiqamətində mümkün dəyişikliklərə  diqqət çəkilib. Bildirilib ki, Mərkəzi Asiya və Azərbaycanın enerji imkanları tədricən yeni bazarlara, xüsusilə cənub istiqamətinə yönələ bilər. Bu isə artıq indidən müvafiq nəqliyyat dəhlizlərinə və infrastruktura investisiya qoyuluşunu aktuallaşdırır. Bununla yanaşı, enerji qiymətlərinin artmasının bəzi regionlarda istehsalın rəqabət qabiliyyətinə mənfi təsir göstərdiyi, nəticədə investisiya axınlarının daha sərfəli bazarlara yönəldiyi vurğulanıb. Qlobal neft-kimya sənayesinin isə hazırda struktur dəyişikliklər mərhələsindən keçdiyi, xüsusilə Asiya regionunda istehsal güclərinin sürətlə artdığı diqqətə çatdırılıb.

Bütün bunların fonunda forum  göstərdi ki, regional neft ticarəti və logistikası sahəsində peşəkar dialoqun genişləndirilməsi, təcrübə mübadiləsinin dərinləşdirilməsi və yeni işgüzar əlaqələrin qurulması bu günün əsas prioritetlərindəndir.

Tədbir bu sahənin aparıcı nümayəndələrini, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Petronas", "KMG Kashagan" şirkətləri, "Pakistan Dəmir Yolları" və Qara dəniz Terminalının top-menecerlərini bir araya gətirərək,  geniş müzakirə mühiti yaradıb. Bu isə mövcud problemlərin dəyərləndirilməsi, çətinliklərin aradan qaldırılması və gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Müzakirələrin mərkəzində Şərqlə Qərb arasında dayanıqlı logistika marşrutlarının inkişafı, Xəzər regionunda infrastrukturun genişləndirilməsi, geosiyasi risklərin effektiv idarə olunması və vahid ticarət əməkdaşlığı mexanizmlərinin tətbiqi dayanıb. Yaxşı hal odur ki, bu istiqamətlər üzrə aparılan fikir mübadiləsi regionun tranzit potensialının daha səmərəli reallaşdırılmasına və qlobal enerji təchizat zəncirində mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.

Tədbirdə müzakirə olunan məsələlər kifayət qədər geniş və çoxşaxəli olub. Əsas diqqət regionun strateji enerji və nəqliyyat arteriyalarının mövcud vəziyyətinə yönəlib, o cümlədən CPC, BTC, Bakı-Supsa və digər marşrutların ötürmə gücü və real yüklənmə səviyyəsi təhlil edilib. Bununla yanaşı, Orta dəhlizin gələcək inkişaf perspektivləri, xüsusilə Zəngəzur dəhlizinin mümkün açılmasından sonra regionda formalaşa biləcək yeni logistika xəritəsi də diqqət mərkəzində olub.

Müzakirələrdə tranzit müddətinin azaldılması əsas prioritetlərdən biri kimi önə çıxıb. Bu istiqamətdə rəqəmsallaşmanın genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması, dəmir yolu infrastrukturunun modernləşdirilməsi, eləcə də donanma və vaqon parkının yenilənməsi kimi addımların vacibliyi vurğulanıb.  Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi prosesi və onun regionun tranzit imkanlarına verəcəyi töhfə də ətraflı şəkildə nəzərdən keçirilib.

Forum çərçivəsində liman infrastrukturunun hazırkı vəziyyəti və inkişaf perspektivləri də geniş müzakirə olunub.  Xəzər və Qara dəniz hövzəsində yerləşən əsas limanların artan yük axınını qarşılamaq üçün hansı imkanlara malik olduğu, eləcə də bu istiqamətdə əlavə investisiya ehtiyacları diqqətə çatdırılıb. Ümumilikdə, regionun artan tranzit potensialına uyğun şəkildə logistika sisteminin çevik və dayanıqlı formada inkişaf etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Bununla yanaşı, Mərkəzi Asiyada yeni logistika mərkəzlərinin formalaşması prosesi də diqqətdən kənarda qalmayıb. Xüsusilə region ölkələrinin Çin və Cənubi Asiya bazarları ilə əlaqələrinin genişlənməsi fonunda yeni ticarət marşrutlarının əhəmiyyəti vurğulanıb. Bütün bu amillər fonunda forum bir daha göstərib ki, dəyişən qlobal iqtisadi mühitdə koordinasiyalı yanaşma və regional əməkdaşlıq həlledici rol oynayır.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr