Azərbaycanda dilənçiliklə məşğul olmağa görə sanksiya, cərimə və həbs cəzaları tətbiq ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur. Layihəyə əsasən, dilənçiliklə məşğul olan şəxslərə xəbərdarlıq ediləcək, yaxud 100-200 manatadək cərimə tətbiq olunacaq.
İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin kifayət etmədiyi hallarda 10 günədək inzibati həbs tətbiq ediləcək. Yetkinlik yaşına çatmayan şəxslərin dilənçiliyə cəlb edilməsinə görə isə 200-500 manatadək cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin kifayət etmədiyi hallarda 15 günədək inzibati həbs nəzərdə tutulur.
“Cəza mexanizmləri ilə dilənçiliyin azalmasına nail olmaq real deyil”
Hüquqşünas Şəbnəm Mirələmli “Kaspi”yə bildirdi ki, İnzibati Xətalar Məcəlləsinə dilənçiliklə bağlı yeni maddənin əlavə olunması avtomatik olaraq bu fəaliyyətin tam qadağan edilməsi demək deyil: “Bu cür dəyişikliklər adətən davranışın tənzimlənməsinə, müəyyən hallarda isə məhdudlaşdırılmasına yönəlir. Yəni qanunverici daha çox ictimai asayişi qorumağı, vətəndaşların rahatlığını təmin etməyi və bəzi hallarda insanların istismarının qarşısını almağı hədəfləyir. Təklif olunan maddə dilənçiliyə görə inzibati məsuliyyət nəzərdə tutursa, bu, faktiki olaraq həmin fəaliyyətin müəyyən formalarının İnzibati Xətalar Məcəlləsi çərçivəsində inzibati tənbeh tədbirləri vasitəsilə tənzimlənməsi deməkdir. Amma bu, o demək deyil ki, dilənçilik tam aradan qalxacaq. Çünki dilənçilik təkcə hüquqi məsələ deyil, eyni zamanda sosial-iqtisadi problemdir. Praktiki baxımdan, dilənçiliyin tam qadağan olunmasının həyata keçirilməsi kifayət qədər çətindir. Bunun bir neçə səbəbi var. Birincisi, dilənçilik çox vaxt yoxsulluq, işsizlik və sosial müdafiə mexanizmlərinin yetərsizliyi ilə bağlı olur. Bu problemlər həll olunmadan yalnız cərimə və ya inzibati tədbirlərlə nəticə əldə etmək mümkün deyil. İkincisi, bəzi hallarda dilənçilik arxasında təşkil olunmuş qruplar və ya insan alveri elementləri dayanır ki, bu da cinayət hüququ müstəvisində mübarizə tələb edir”.
Hüquqşünas bildirir ki, inzibati həbs və cərimə müəyyən çəkindirici təsir göstərə və qısamüddətli azalma yarada bilər: “Təkcə cəza mexanizmləri ilə dilənçiliyin əhəmiyyətli şəkildə azalmasına nail olmaq real deyil”.
Yeni maddə üçün zəruri şərt