AZ

Azərbaycan səfiri ilə dostluq edirəm Bakıya gələn macar jurnalistlə MÜSAHİBƏ

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Modern.az saytı xarici jurnalistlərlə silsilə müsahibələri davam etdirir. Bu müsahibələrdə həmin jurnalistlərin Azərbaycan və azərbaycanlılar barədə təsəvvürlərini öyrənməyə, iki ölkə arasında ortaq cəhətləri araşdırmağa çalışır, digər məsələlər barədə fikir mübadiləsi aparırıq.

Budəfəki müsahibimiz Macarıstandan olan həmkarımız Alpar Katodur. O, "Daily News Hungary" nəşrinin həmtəsisçisi və baş redaktorudur.

Macar jurnalistlə müsahibəni təqdim edirik:

– Alpar, jurnalistika ölkədən ölkəyə fərqli formalarda inkişaf edir. Macarıstanda jurnalistikanın vəziyyətini necə təsvir edərdiniz?

– Bu, hazırda çox maraqlı sualdır, çünki hesab edirəm ki, 12 aprel parlament seçkilərindən sonra jurnalistika transformasiya mərhələsinə daxil olub. 16 ildir hakimiyyətdə olan Viktor Orban hökuməti media bazarına dövlət səviyyəsində çox ciddi təsir göstərib. Hakimiyyətə yaxın biznes sahibləri ən böyük xəbər saytlarını və televiziya kanallarını satın alıblar və çox az sayda media qurumu müstəqil qala bilib.

Bu saytlar onların nəzarətinə keçdikdən sonra dövlət subsidiyaları ilə təmin olunublar, halbuki müstəqil media qurumları bu cür müqavilələr əldə edə bilməyiblər. Bu, konkret olaraq bizə də təsir edib: ingilisdilli "Daily News Hungary” saytı və macar dilində yayımlanan "Helló Magyar" jurnalı kimi platformalar dövlətə məxsus şirkətlərlə böyük müqavilələr bağlamaq imkanından məhrum olublar.

İndi isə vəziyyət dəyişir. Orban hakimiyyəti itirib və hakimiyyətə gələn "Tisza" partiyası media maliyyələşməsində daha balanslı yanaşma tətbiq edəcəyini vəd edir. Bu səbəbdən media bazarında ciddi transformasiya gözlənilir. İndiyədək kommersiya prinsipləri ilə işləməyən, əsasən dövlət maliyyəsi hesabına fəaliyyət göstərən bir çox media qurumları bu dəstək kəsildikdən sonra iflas edə bilər.

– Macarıstan media mühitinin əsas xüsusiyyətləri hansılardır?

– Qeyd etdiyim kimi, dövlətin mediada rolu həddindən artıq böyük olub. Macarıstanda bir çox media qurumu gəlirlərini siyasi əsaslarla əldə edib. Amma indi yeni dövr başlayır və bu model dəyişmək üzrədir.

İctimai media da ciddi dəyişikliklərlə üzləşəcək. İndiyədək o, əsasən hökumətin birtərəfli mövqeyini yayıb. Lakin yeni baş nazir Peter Magyar bildirib ki, hökumət formalaşdıqdan dərhal sonra mövcud ictimai media sistemi tamamilə dayandırılacaq. Bu sistem yüz milyonlarla avroya başa gəlsə də, balanslı fəaliyyət göstərməyib. Yalnız yenidən təşkil olunduqdan və obyektiv fəaliyyət üçün zəruri addımlar atıldıqdan sonra fəaliyyətini bərpa edəcək. Bir çox insan ümid edir ki, Macarıstanda ictimai media yenidən dəyər yaradan və həqiqətən neytral bir platformaya çevriləcək.

– Bu gün macar jurnalistlərin üzləşdiyi əsas çətinliklər nələrdir?

– Keçmiş sistem jurnalistika peşəsinə dərin təsir göstərib. Bir çox hallarda jurnalistlər işə istedadlarına görə deyil, siyasi mənsubiyyətlərinə və sistemə sədaqətlərinə görə qəbul ediliblər. Bu isə peşənin keyfiyyətini dəyişdirib: daha az peşəkar, lakin siyasi bağlılığı olan şəxslər yüksək vəzifələrə gəlib, əsl istedadlı jurnalistlərin bir hissəsi isə bu sahəni tərk edib.

Oxucular da bunu hiss edirdi – bəzi jurnalistlərin siyasi sifarişlə işlədiyini və alternativ reallıq yaratdığını görürdülər. İndi əsas məsələ etibarlı jurnalistikanın oxucu etimadını yenidən qazanmasıdır.

– Ümumiyyətlə, media dövlət maraqları ilə həqiqət arasında seçim etməli olsa, hansını üstün tutmalıdır?

– Mən tərəddüdsüz həqiqəti seçərəm. Bizim media qurumlarımız – "Daily News Hungary" və "Helló Magyar" nəşri siyasi təsirlərdən müstəqildir. Bunun üstünlüyü söz azadlığıdır. Mənfi tərəfi isə maliyyə baxımından daha qeyri-sabit vəziyyətdə olmaqdır. Amma biz bu yolu seçmişik, çünki bu, daha geniş oxucu auditoriyasına çatmağa imkan verir və bu da biznes modelimiz üçün çox vacibdir.

– Macarıstanda jurnalistlərin orta maaşı nə qədərdir?

– Bu, çox dəyişkəndir. Yerli qəzetdə işləmək ilə beynəlxalq media qurumunda müxbir olmaq arasında ciddi fərq var. Eyni zamanda jurnalistikanın növü də rol oynayır – məsələn, redaktor media üçün daha az xərc tələb edir, araşdırmaçı jurnalist isə daha baha başa gəlir.

Mənim fikrimcə, Macarıstanda jurnalistlər orta səviyyədə maaş alanlar kateqoriyasına daxildir. Bəziləri ayda təxminən 1000 avro qazanır, digərləri isə 4000–5000 avro gəlir əldə edə bilir.

– Macarıstanda Azərbaycana münasibət necədir?

– Orban hökuməti dövründə Azərbaycan və Macarıstan arasında münasibətlər xeyli yaxınlaşıb. İqtisadi və mədəni sahələrdə çoxsaylı əməkdaşlıqlar qurulub, Budapeşt–Bakı arasında birbaşa uçuşlar turizmin inkişafına təkan verib.

Mən hesab edirəm ki, yeni hökumət bu münasibətləri zəiflətməməli, əksinə, daha da gücləndirməlidir.

– Macar mediası Azərbaycana dair hansı xəbərləri işıqlandırır?

– Son dövrlərdə Azərbaycanla bağlı xəbərlərin əksəriyyəti İranla olan gərginlik üzərində qurulub, xüsusilə dronların ölkənizin ərazisinə düşməsi ilə bağlı hadisələr diqqət çəkib.

Bundan əlavə, enerji məsələləri – xüsusilə “Yaşıl Dəhliz” layihəsi mühüm mövzulardandır. Bu layihə Macarıstanın enerji təhlükəsizliyinə ciddi töhfə verə bilər. Türk Dövlətləri Təşkilatının toplantıları da liderlərin görüşləri zamanı media gündəminə çıxır. Bəzən isə Azərbaycan mətbəxi, turizmi və Qafqazın zəngin mədəniyyəti ilə bağlı materiallar dərc olunur.

– Azərbaycanda hansı şəhərlərdə olmusunuz? Əgər hələ ölkəmizdə olmamısınızsa, gələcəkdə səfər etməyi düşünürsünüzmü?

– Azərbaycanda bir neçə dəfə olmaq şərəfinə nail olmuşam. Bakı mənə çox yaşamalı və rahat şəhər təsiri bağışlayır, orada olmaqdan hər zaman zövq alıram. Sonuncu dəfə dekabr ayında olmuşam. Həmin səfər zamanı Zəfər Muzeyini və onun arxasında yerləşən, tanklarla dolu Hərbi qənimətlər parkını ziyarət etdim.

İllər əvvəl ölkənizin şimalında yerləşən Quba rayonunda da olmuşam. Keçən il isə Qarabağda aparılan yenidənqurma işlərini yerində görmək imkanım oldu və bir neçə gün Şuşada qaldım. Bu, həqiqətən çox xüsusi təcrübə idi. Çünki orada böyük zəhmət hesabına yollar və şəhərlər yenidən qurulur və region sanki yenidən nəfəs almağa başlayır.

– Macarıstandakı Azərbaycan diasporu haqqında nə bilirsiniz? Onlar əsasən hansı sahələrdə fəaliyyət göstərirlər və təxminən sayı nə qədərdir?

– Mənim bir neçə azərbaycanlı dostum var. Eyni zamanda Budapeştdəki səfir Tahir Tağızadə və Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli ilə də yaxşı münasibətlərim var.

Hazırda Macarıstanda azərbaycanlıların sayı çox deyil. Amma əsas məsələ onların sayının az olması deyil, cəmiyyət üçün dəyərli üzvlər olmalarıdır. Onlar ofis işlərində, xidmət sektorunda və investisiya sahəsində fəaliyyət göstərirlər.

– Azərbaycan uzun müddətdir özünəməxsus mədəniyyəti ilə beynəlxalq səviyyədə tanınır. Azərbaycan mədəniyyəti – musiqisi, mətbəxi, incəsənəti və ya tarixi irsi ilə tanışsınızmı? Təəssüratlarınız necədir?

– Bəli, Azərbaycan mədəniyyəti son dərəcə zəngin və çoxşaxəlidir. Xüsusilə də Qafqaz, türk, fars və Avrasiya təsirlərini bir arada birləşdirməsi onu unikal edir. Mənim üçün ən maraqlı elementlərdən biri musiqi ənənəsidir – xüsusilə muğam, bu ölkənin ən məşhur mədəni sərvətlərindən biridir.

Azərbaycan mətbəxi də çox maraqlıdır: plov, dolma, kabablar və çay ətrafında formalaşan qonaqpərvərlik ənənəsi cəmiyyət, ailə və qonaqpərvərliyin nə qədər vacib olduğunu göstərir. Xüsusilə xoşuma gələn məqamlardan biri odur ki, yeməklər böyük qablarla süfrənin ortasına qoyulur və hər kəs oradan özünə pay götürür.

Xalçaçılıq kimi sənətkarlıq sahələri də ölkənin kimliyinin mühüm hissəsidir. Məni ən çox təsirləndirən isə Azərbaycanın eyni anda həm müasir inkişafı, həm də tarixi irsi nümayiş etdirə bilməsidir. Bakının müasir memarlığı ilə İçərişəhərin tarixi atmosferi kəskin fərq yaratsa da, bir-biri ilə harmonik şəkildə uyğunlaşır. Buna görə də Bakını yaşamaq üçün əlverişli şəhər kimi qeyd etdim.

– Son illərdə macar cəmiyyətində hansı mühüm dəyişikliklər baş verib?

– Düşünürəm ki, yaxın dövrdə böyük dəyişikliklər baş verəcək. Çünki 16 illik siyasi sistem sona çatır və bu, Macarıstanda həyatın bütün sahələrinə təsir edəcək. Bir çox insan bu dəyişikliklərin müsbət olacağına ümid edir. Amma əlbəttə, yeni baş nazir və onun komandasının bu yüksək etimadı doğruldub-doğrultmayacağını yalnız zaman göstərəcək.

– Macarların həyat tərzi “özünəməxsus” xarakter daşıyır. Gündəlik həyatda macarlar əsasən hansı yeməklərə üstünlük verirlər?

– Macar mətbəxi çox özəldir. Çünki bizim yaşadığımız Karpat hövzəsində yalnız macarlar deyil, bir çox başqa etnik qruplar da mövcuddur və onların mətbəxləri bizim mətbəximizə təsir edib.

Buna görə də, qulaş, balıq şorbası və müxtəlif ət yeməkləri kimi ənənəvi macar yeməkləri ilə yanaşı, slavyan və alman mətbəxinə mənsub yeməklərə də rast gəlmək mümkündür.

– Macarlara xas olan maraqlı sosial və ya mədəni ənənələr haqqında nə deyə bilərsiniz?

– Macar mədəniyyətində qonaqpərvərlik xüsusilə güclüdür. Bundan əlavə, gözəl kafe mədəniyyətimiz var və hamam mədəniyyəti də macarların həyatında çox xüsusi yer tutur.

Canlı folklor ənənələri və xristian adətləri də mühüm rol oynayır. Məsələn, Pasxa bayramında su səpmə ənənəsi və ya Milad bayramının qeyd olunması kimi. Bundan başqa, macarlar ilk baxışda bir qədər qapalı görünə bilərlər, lakin tez isinişirlər və güclü tarixi kimlik hissinə malikdirlər.

– Macarların mənşəyi ilə bağlı iki əsas nəzəriyyə mövcuddur: biri onları türksoylu hunlara, digəri isə fin-uqor xalqlarına bağlayır. Bu məsələyə Macarıstanda ümumi yanaşma necədir?

– Bu məsələ ilə bağlı ümumi konsensus yoxdur, çünki dəqiq cavab da yoxdur. Elmi yanaşmaya görə, macar dili ural/fin-uqor mənşəlidir. Lakin xalqın erkən tarixində türk, step və şərq təsirləri də mühüm rol oynayıb.

Yəni dil mənşəyi ilə etnik və mədəni mənşə eyni şey deyil. Biz demokratik cəmiyyətdə yaşayırıq və hər kəs istədiyinə inanmaqda sərbəstdir. Amma ümumi qəbul edilən məqam odur ki, son 1100 ildə Karpat hövzəsində yaşayan macarlar çoxsaylı təsirlərə məruz qalıb və bu gün hər kəs özünü macar hesab etsə də, onların kökləri arasında alman, slavyan və digər xalqlar da yer alır. Əsas məsələ insanın ürəyində macar olmasıdır.

– Mədəniyyət və gündəlik həyat baxımından macarlarla türk xalqları arasında hansı oxşarlıqları müşahidə etmisiniz?

– Tarixi və dil baxımından fərqli yollar keçsələr də, macarlar və türk xalqları arasında maraqlı mədəni paralellər mövcuddur. Ən önəmli ortaq cəhətlərdən biri qonaqpərvərlikdir – hər iki mədəniyyətdə qonağı yemək, içki və diqqətlə qarşılamaq böyük əhəmiyyət daşıyır.

Gündəlik həyatda isə ailə və icma dəyərlərinin önəmi, böyüklərə hörmət və bayramların kollektiv şəkildə qeyd olunması oxşardır. Macar mətbəxində də Avrasiya və step mədəniyyətinə uyğun elementlər – sulu və qazan yeməkləri, dolmalar və ədviyyəli ət yeməkləri mövcuddur.

Atçılıq və köçəri keçmişin xatirəsi də maraqlı paralellər yaradır. Macarıstanda da qədim köç dövrünə aid ənənələr, at üstündə oxatma kimi fəaliyyətlər bu gün də mədəni kimliyin bir hissəsidir. Mən özüm də at minməyi çox sevirəm və illərlə at üstündə oxatma ilə məşğul olmuşam. İndi isə uşaqlarıma bu mədəniyyəti aşılamağa çalışıram.

Ümumilikdə desək, oxşarlıqlar əsasən qonaqpərvərlikdə, ailə yönümlülükdə, birgə həyat tərzində, yemək mədəniyyətində və Şərq-çöl (step) irsinin yaddaşında özünü göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
modern.az

1Mənbələr