Oktyabrın 27-də atəşkəs rejiminə baxmayaraq, İsrail hərbi təyyarələrinin Livana endirdiyi zərbələr nəticəsində altı nəfər həyatını itirib...
Poliqon xəbər verir ki, France Presse Agentliyinin Livan Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata əsasən, cümə günü, 24 aprel tarixində İsrail ordusunun Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində altı mülki şəxs həlak olub, daha iki nəfər isə yaralanıb. Nazirliyin açıqlamasında qeyd olunub ki, hadisə davam edən atəşkəs rejiminə baxmayaraq baş verib.
Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, iki nəfər Vadi əl-Hüceyr bölgəsində, iki nəfər Tulin şəhərində, bir nəfər Srifa qəsəbəsində, digər bir nəfər isə Yater kəndində öldürülüb. Bütün bu yaşayış məntəqələri Livanın cənubunda yerləşir.
BMT-nin Livandakı sülhməramlı qüvvələri (UNIFIL) cümə günü bildirib ki, martın 29-da öz bazasına edilən hücum nəticəsində yaralanan İndoneziya hərbi qulluqçusu xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişib. UNIFIL-in məlumatına əsasən, martın 29-dakı hücum zamanı bir indoneziyalı əsgər həlak olmuş, digəri isə yaralanmışdı.
BMT-nin apardığı ilkin istintaq müəyyən edib ki, həlak olan əsgər İsrail tankının atdığı mərmi nəticəsində ölüb. Cümə günü daha əvvəl İsrail ordusu Livanın cənubundakı Bint-Cbeyl şəhərində altı nəfəri öldürdüyünü açıqlamışdı. Həmin şəhərdə aprelin 17-də atəşkəs elan edilməsinə qədərki günlərdə İsrail qoşunları ilə Hizbullah hərəkatı arasında şiddətli döyüşlər gedirdi.
İsrail ordusu Bint-Cbeyldə öldürülən altı nəfərin hamısının Hizbullahın döyüşçüləri olduğunu iddia edir. Livan Səhiyyə Nazirliyinin statistikasına görə, martın 2-də müharibənin başlanmasından etibarən İsrailin Livan ərazisinə endirdiyi hücumlar nəticəsində ümumilikdə 2491 nəfər həyatını itirib. Qeyd edək ki, tərəflər arasında atəşkəs rejimi hələ də qüvvədə olsa da, zaman-zaman qarşılıqlı atəşlər və hava zərbələri baş verməkdədir.
Poliqon.info