AZ

Vicdan əzab verərmi?

Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanı haqqında

əvvəli ötən saylarımızda

Həmin axşam Svidriqaylov Avdotya Romanovnanı al dillə qaldığı nömrəyə dəvət eləyib, qardaşının vəziyyətini ona anladır, əgər Dunya onun üzünə xoş baxarsa, qardaşını ölkədən çıxaracağına söz verir. Fəqət qız da mülkədarın təklifindən boyun qaçırır.

Daha sonra Svidriqaylov Sonyaya katorqada Raskolnikovun işinə yarayacaq qədər pul verir. Elə həmin gecə qaldığı mehmanxanada gülləni başına sıxıb intihar eləyir.

Raskolnikov doğmalarıyla vidalaşır, özünü təhvil verməmiş Sonya ilə görüşüb ondan xeyir-dua, bir də xaç alır. Polis bölməsində o, Svidriqaylovun intiharından xəbər tutub sarsılır, heyrət içində eşiyə çıxanda Sonyanı görür. Ardınca bölməyə qayıdıb cinayəti boynuna götürür. Yüngülləşdirici hallar nəzərə alınmaqla ona səkkiz il katorqa cəzası kəsilir. Sonya da Rodiona qoşulub Sibirə gedir. Yeddi ay sonra Razumixinlə Dunya evlənirlər. Epiloq bu abzasla bitir:

“Burada yeni bir əhvalat başlayır; bu əhvalat yavaş-yavaş yeniləşib yenidən doğulan, yavaş-yavaş bir aləmdən özgə bir aləmə keçən, bu vaxtacan tanımadığı, bilmədiyi yeni gerçəkliyə baş vuran bir adamın əhvalatıdır. Bu, yeni bir hekayətin mövzusu ola bilər, bizim dastanımız isə bununla başa çatır”.

***

Raskolnikovun qatilliyi ideoloji cinayətdir, nə qədər yoxsul olsa da, o, qətli pula, sərvətə görə yox, öz ideyasını sınaqdan keçirmək üçün törədib. Dostoyevski qəhrəmanının əməli timsalında nihilizmi qaynama dərəcəsinə, ateizmi məntiqi sonluğuna çatdırır, xristian humanizmindən sapmanın hansı faciəvi nəticələr verə biləcəyini göstərməyə çalışır (növbəti romanından başlayaraq onun allahsızları cərgəsinə xristianlığın ana məzhəbinin ardıcılları - katoliklər də əlavə olunacaq). Bundan ötrü yazıçı yaradıcılığına xas maksimalizmlə əsərinin mənəvi hüdudlarını son həddəcən genişləndirib, qəhrəmanının cinayətinə bəraət verə biləsi bütün vasitələri işə salır. Raskolnikov, məsələn, zalım çara, yaxud xəsis bir tacirə qəsd eləməyi də qarşısına məqsəd qoya bilərdi; ancaq yox, o, zəhərli həşəratdan seçilməyən, dünyanın çiynində artıq yük olan iyrənc bir məxluqun qüruba gedən ömrünə balta çalır, onun cinayəti pərəstiş elədiyi, özünə örnək seçdiyi Napoleonun cinayətlərinin yanında dənizdəki damla da deyil. Bununla belə yazıçı göstərir ki, hətta bu cür murdar həşəratı da tapdayıb əzmək olmaz. İncil istisnalara yer qoymayıb, İsa Məsih birmənalı “öldürmə” deyir!

“Cinayət və cəza” romanının təməli xristianlığın günah konsepsiyasına dayanır, bir az da uzağa getsək, bu kitab İncilin baş ehkamını sübuta yetirmək üçün yazılıb - hərdən aksiomun da isbata ehtiyacı olur. Əsərin süjetini, ayrı-ayrı epizodlarını, personajlarını Bibliya, o cümlədən İncil motivləriylə, sakral arxetipik fiqurlarla, müqəddəs obrazlarla paralel, müqayisəli şəkildə təhlil eləyən mütəxəssislər çoxdur. Əksər halda qəhrəmanların adında belə həmin sakral obrazlara, dini rəvayətlərə, qədim yunan miflərinə göndərmələr var. Dostoyevski şərin hər cür təzahürünə qarşı sürgündə əzbərlədiyi İncil ayələriylə, İsa Məsih təlimiylə çıxır. Ondan ötrü nihilizmin, anarxizmin yaxşı tərəfi, xeyir üzü yoxdur, İsanın təliminə uyğun gəlməyən hər cür nəzəriyyə şərdir. Bir əsərində qəhrəmanının diliylə deyirdi ki, əgər Haqla Məsihin yolları haradasa ayrılarsa, o, Haqqın ətəyini buraxıb Məsihin iziylə gedər. Bu baxımdan, polifonik sənətkar kimi ad çıxarmış Dostoyevski qədər tendensiyalı yazıçı az-az tapılar. Fəqət şeytani fikirlərə təbiətən meyilli dahi yazıçı rəqiblərinin ağzını yummur, onlara sözlərini sona qədər deməyə, əməllərini son həddəcən işlətməyə imkan verir, şəri bütün gücüylə meydana çıxarmaqla xeyirin də gücünü, kəramətini artırmaq məqsədi güdür.

Özündən sonrakı ədəbiyyata da Dostoyevskinin xeyirindən çox şəri təsir göstərib. İyirminci yüzilin modernist yazıçıları arasında Raskolnikov Mışkindən, İvan Karamazov Alyoşa Karamazovdan müqayisəyə gəlməz dərəcədə populyardır. Yazıçı həm həyatda, həm də sənətdə şər ideyalarının xeyir ideyalarından qat-qat bol məhsul verdiyini görsəydi, yəqin xoşnud olmazdı. Qəribədir ki, onun diaqnoz qoyduğu, anatomiyasını açdığı, obrazlarla vücuda gətirdiyi şər ideyalar bir-birinə daban-dabana zidd gücləri - həm qırmızı imperiyanı (ateistlər, sosialistlər), həm də qəhvəyi imperiyanı (nihilistlər, antixristlər) quranların cibindən çıxdı. Knyaz Mışkinin, Alyoşa Karamazovun səsi topların gurultusundan eşidilməz oldu. Dostoyevskini özünün üç-dörd müəllimindən biri sayan Nitsşe də ustadının yox, Raskolnikovun iziylə getdi, hamının dərdini, günahını üstünə götürən ilahi insanı yox, hamını nallı çəkmələrinin altında qoyub keçən fövqəlinsanı özünə qəhrəman seçdi. Raskolnikov kimi Nitsşe də bəşəriyyəti iki qismə - üst insanlara, bir də aşağılara, kölələrə, sürülərə böldü, Apollonu devirib tanrılıq taxtına Dionisi çıxardı, nəticədə onu kamına çatdırmayan tərifli tanrısının əlində həlak oldu.

Raskolnikov uşaq vaxtı atasıyla yol gedəndə küçədə bir dəstə vəhşiləşmiş sərxoş mujikin bir qoca, heysiz atı döyə-döyə öldürdüyünü gözləriylə görmüşdü, əlindən bir şey gəlməsə də, əzabkeş atın qanlı üzündən öpmüşdü, qatillərə yumruq-təpik atmışdı. O vaxtdan onun qəlbindən o yara silinməmişdi, o müdhiş mənzərə tez-tez yuxusuna girirdi. Sələmçi qarıdan da bəlkə həmin yorğun yabının qisasını alırdı, ürəyinin dərinliyində baltanı bəlkə də qarıya yox, zavallı atı vəhşicəsinə qətlə yetirən həmin o azğın mujiklərin kəlləsinə çalırdı. İşə bax ki, Raskolnikovun gördüyü o hadisədən təxminən iyirmi beş il sonra Nitsşe də yiyəsinin küçədə qəddarcasına qamçıladığı atın boynuna sarılıb dəli olmuşdu, Raskolnikovdan fərqli olaraq onun nifrəti öz başında çatlamışdı. Buna Dostoyevskinin peyğəmbərliyi deməyəsən, nə deyəsən! Pisi pisliklə sağaltmağa çalışmaq, şəri qəlbə yaxın buraxmaq, şeytana könül vermək bu qədər xatalıdır.

***

Şərdən xeyir törəməz, şərdən ancaq şər törəyir. Şər xeyirin dirçəlişinə yalnız dolayısıyla təkan verir. Raskolnikovun qarının bacısını öldürmək kimi bir planı yoxuydu, di gəl, birinci qətlin yaratdığı şərait onu ikinci canı da almağa vadar elədi. O, qəddar sələmçinin heç kəsə fayda verməyən sərvətini xeyirxah məqsədlərə yönəldəcəyini düşünürdü, fəqət ona o sərvətin bir qəpiyini də xərcləmək, o pullarla kiminsə yarasını sağaltmaq qismət olmadı, ola da bilməzdi. Aqressiv nihilizmin, radikal ateizmin məntiqi nəticəsi olan bolşevik xuntası da xalqların neçə min illik zəngin dini-mənəvi irsinin üstündən qara xətt çəkib düşünən başları kəsməklə, ziyalı elitanı rəiyyət səviyyəsinə salmaqla (halbuki tərsinə olmalıydı), varlıların sərvətini mənimsəyib kasıblara dağıtmaqla yoxsullara cənnət vəd eləyirdi. Nəticədə məlum oldu ki, cinayətlər silsiləsi, dövlət terroru tarixdə görünməmiş miqyasa çatıb, aradan on illər keçsə də, inqilab bitməyib, düşmənlərin, casusların kökü kəsilməyib, əvvəlkindən qat-qat qəddar, savadsız, mənəviyyatsız saxta elita formalaşdırılıb, aclıq, qıtlıq bəylə nökəri bərabərləşdirib, xoşbəxtlik vədləri isə çoxdan, lap çoxdan unudulub. Bundan sonra insanlar xoşbəxtlik sorağıyla yenidən məbəd qapılarına üz tutdular, dindən, Tanrıdan nicat dilədilər. Bəli, Raskolnikovun sonradan epidemiyaya, hətta pandemiyaya çevrilən mərəzinin fəsadlarını cəmi insanlıq, o cümlədən Azərbaycan xalqı bu gün də yaşamaqdadır. Dostoyevskinin peyğəmbərliyi gerçəkdən heyrətamizdir!

davamı növbəti sayımızda

F.Uğurlu

Seçilən
11
yeniazerbaycan.com

1Mənbələr