AZ

Lamin Yamal – La Liqada aprelin ən yaxşı oyunçusu! – ARENA.AZ

İspaniya millisinin və “Barselona”nın cinah hücumçusu Lamin Yamal La Liqada 2026-cı ilin aprel ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

18 yaşlı futbolçu aprel ayında keçirdiyi 3 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu mükafat uğrunda mübarizədə Lukas Boye (“Alaves”), Vedat Muriqi (“Malyorka”), Karlos Soler (“Real Sosyedad”) və Federiko Vinası (“Real Ovyedo”) geridə qoyub.

Yamal bu mövsüm üçüncü dəfə ayın oyunçusu adını qazanıb. O, daha əvvəl noyabr və dekabr aylarında da bu mükafata sahib çıxmışdı.

Cari mövsümün ilk belə mükafatını “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı. Sentyabr və okyabr aylarında “Real”ın fransalı hücumçusu Kilian Mbappe fərqlənmişdi. Yanvarda Vedat Muriqi (“Malyorka”), fevralda Georges Mikautadze (“Vilyarreal”), martda Karlos Espi (“Levante”) ayın ən yaxşı oyunçusu adına layiq görülmüşdü.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 45 oyuna çıxıb. O, bu oyunlarda 24 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 151 oyun, 49 qol və 52 məhsuldar ötürmədən ibarətdir.

Onu da qeyd edək ki, vinger sol bud əzələsindən zədə aldığına görə 2025/2026-cı illər mövsümünün qalan hissəsini buraxacaq.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 25 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
30
12
arena.az

10Mənbələr