Almaniyanın müdafiə naziri döyüş əməliyyatlarının dayandırılmasını hərbi dəniz qüvvələrinin yerləşdirilməsi üçün əsas şərt kimi qoyub...
Poliqon xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Rheinische Post qəzetinə müsahibəsində Almaniyanın Hürmüz boğazına hərbi gəmilər göndərəcəyini açıqlayıb. Nazirin sözlərinə görə, Alman hərbi dəniz qüvvələrinin Hürmüz boğazında yerləşdirilməsi üçün ilkin şərt, ilk növbədə, döyüş əməliyyatlarının dayandırılmasıdır.
“Nəhayət, biz Avropanın ən böyük silahlı qüvvələrindən biriyik və buna görə də məsuliyyət daşımalıyıq. Eyni zamanda, həddimizi aşmamağımız lazım olduğunu anlayırıq. Donanmamız minaların aşkarlanması və zərərsizləşdirilməsi işində çox bacarıqlıdır. Biz məhz bu imkanlara diqqət yetirəcəyik. Hürmüz boğazında azad və təhlükəsiz gəmiçiliyi təmin etmək üçün təqdim edə biləcəyimiz də budur”, deyə Pistorius bildirib.
Almaniya müdafiə nazirinin sözlərinə görə, regionda hərbi qüvvələrin yerləşdirilməsi yalnız Almaniya Bundestaqının mandatı əsasında mümkündür. Pistorius əlavə edib ki, vaxta qənaət etmək üçün Alman bölmələrinin bir hissəsini əvvəlcədən Aralıq dənizinə yönəltmək qərarına gəliblər ki, mandat təsdiq edildikdən sonra daha çox vaxt itirməsinlər.
Nazir bununla bağlı Qırmızı dənizdə Avropa İttifaqının “Aspides” hərbi dəniz missiyasının başladılması təcrübəsini misal gətirib: “Mən də məhz belə etdim. O zaman Aİ-nin qərarını və Bundestaqın mandatını gözləməklə, iştirak edən freqatı əvvəlcədən Aralıq dənizinə göndərmək qərarına gəldim. Bu, yerləşdirmənin başlanmasını əhəmiyyətli dərəcədə sürətləndirdi”.
Pistorius qeyd edib ki, yaxın vaxtlarda Almaniya Aralıq dənizinə minaaxtaran gəmi göndərəcək və onun üçün komanda-təchizat gəmisi ayıracaq.
“Hürmüz boğazında dəstəyi təmin etmək üçün digər yerlərdə öhdəliklərimizi ağlabatan şəkildə və partnyorlarımızla əlaqələndirərək müvəqqəti olaraq azaldacağıq”, deyə nazir əlavə edib.
Qeyd edək ki, Hürmüz boğazı dünya neft ticarətinin təxminən beşdə birinin keçdiyi strateji əhəmiyyətli su yoludur. Son aylarda regionda İranla Qərb ölkələri arasında gərginliyin artması gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları gündəmə gətirib.
Poliqon.info