AZ

İran-ABŞ danışıqları dalana dirəndi: yeni eskalasiya ehtimalı artır

ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilməsi gözlənilir.

“Axios” portalının yaydığı məlumata görə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner əvvəlcə Pakistan vasitəçiləri ilə ayrı-ayrı görüşlər keçirəcək, bundan sonra İran tərəfi ilə üçtərəfli formatda görüşün təşkili müzakirə olunacaq.

Həmçinin qeyd olunub ki, İranın xarici işlər naziri Abbas Əraqçi həftə sonu Pakistan tərəfi ilə məsləhətləşmələr aparacaq. Bundan sonra ABŞ-la birbaşa təmasların vaxtı və formatı dəqiqləşdirilə bilər.

İranın “Tasnim” agentliyi isə yazır ki, Tehran danışıqlar aparmaq üçün ABŞ-a müraciət etməyib.(APA)

ABŞ və İran arasında birbaşa təmasların vaxtı və formatının qeyri-müəyyən qalması nədən xəbər verir və hansı riskləri yaradır? Bu danışıqlar baş tutarsa, Yaxın Şərqdə gərginliyin azalmasına real təsir göstərə bilərmi?

Şəhla

Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a danışıb:

"Pakistan ABŞ və İran arasında danışıqların aparılmasına və sülhə nail olunmasına vasitəçilik edir. 28 fevralda müharibənin başlanmasından sonra Pakistanda keçirilən ilkin danışıqlar birbaşa tərəflər arasında idi. Lakin bu, hər hansı müsbət irəliləyişə gətirib çıxarmadı. Danışıqların ikinci raundunun baş tutması üçün ən azı hansısa bir məsələdə güzəşt olunmalıdır. Lakin bu barədə tərəflərin heç birindən müsbət siqnal alınmır. Əksinə ABŞ İranın Hörmüzdə tətbiq etdiyi blokadaya qarşılıq Hind okeanında daha genişmiqyaslı blokada tətbiq edərək cavab verdi. Odur ki, İran rəsmiləri ABŞ tərəfindən tətbiq olunan blokadanın aradan qaldırılmadığı müddətcə ikitərəfli danışıqlarda iştirak etməyəcəklərini bildirirlər. Düzdür ki, ABŞ Prezidentinin xüsusi nümayəndələri, o cümlədən İran XİN nümayəndə heyəti hazırda İslamabaddadır. Lakin onlar arasında birbaşa, ikitərəfli danışıqlarla bağlı məlumat yoxdur. İran nümayəndələri Pakistan, Rusiya və Omanla məsləhətləşmələr üçün ardıcıl səfərlər edəcəklər".

Siyasi şərhçinin fikrincə, ABŞ uranın sıfır zənginləşdirilməsi və artıq zənginləşdirilmiş uranın təhvil verilməsi məsələsində İranla ortaq məxrəcə gəlməzsə müharibənin yenidən eskalasiyası baş verə bilər:

"Təsadüfi deyil ki, müxtəlif ölkələr öz vətəndaşlarını İranı tərk etməyə dair yeni çağırışlar etməyə başlayıblar. ABŞ zənginləşdirilmiş uranın çıxarılması üçün əməliyyat üzərində ciddi müzakirə aparır. Lakin bu, heç də asan məsələ deyil. Müqayisə üçün, 1994-də Qazaxıstan könüllü şəkildə öz uran ehtiyatlarını (600 kq) ABŞ-a təhvil verərkən ərazidə “Sapfir” əməliyyatı keçirilmiş və zərgər dəqiqliyi ilə keçirilən əməliyyatda təhlükəsizlik şərtlərinə ciddi əməl edilmişdi. Müharibə şəraitində belə bir əməliyyat demək olar ki, qeyri-mümkündür. Odur ki, tərəflər razılığa gəlməlidirlər. Məsələn, İranın uran zənginləşməsini ilkin mərhələdə 60%-dən 20%-ə düşürməsi, yaxud zənginləşmiş uranı Qazaxıstan və ya Rusiyaya təhvil verməsi ssenariləri ABŞ-da dəyərləndirilərsə, bu, münaqişənin həlli istiqamətində ciddi irəliləyişə gətirib çıxara bilər. Əks təqdirdə isə yeni müharibə Yaxın Şərq regionunu daha möhkəm silkələyəcəkdir".

Xalidə Gəray
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr