AZ

Xəzərlə bağlı iddialar inandırıcı deyil Ekspert

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən regional ekoloji-iqtisadi sammitdə əsas müzakirə mövzularından biri Xəzər dənizinin sürətlə dayazlaşması olub. Sammit çərçivəsində keçirilən panel müzakirələrində bildirilib ki, Xəzərin səviyyəsi son onilliklərdə davamlı şəkildə aşağı düşür. Qazaxıstanın Ekologiya Nazirliyinin məlumatına görə, 2006–2025-ci illər arasında dənizin səviyyəsi 2 metrdən çox enib, 2025-ci ildə isə orta göstərici Baltik sistemi ilə təxminən - 29 metr civarında olub. Eyni zamanda bəzi ərazilərdə sahil xəttinin 30–35 kilometr geri çəkildiyi qeyd olunur ki, bu da vəziyyətin kritik həddə çatdığını göstərir.

Sammitdə çıxış edən Azərbaycanın Baş naziri Əli Əsədov Xəzərin dayazlaşmasını regionun ən ciddi problemlərindən biri adlandırıb. O bildirib ki, iqlim dəyişiklikləri bu prosesə ciddi təsir göstərir və sahilyanı dövlətlərin əməkdaşlığı vacibdir.

Ekoloqların xəbərdarlığı daha qorxuncdur: əgər tendensiya davam etsə, əsrin sonuna qədər Xəzərin səviyyəsi 10–15 metr, hətta daha çox azala bilər. Bu isə həm ekosistem, həm də region iqtisadiyyatı üçün ağır nəticələr vəd edir. Mütəxəssislər artıq Xəzərin taleyinin Aral dənizi ilə müqayisə olunmasını təsadüfi saymır və xəbərdarlıq edirlər: əgər siyasi iradə və real addımlar olmazsa, dünyanın ən böyük qapalı su hövzəsi tədricən geri çəkilməyə davam edəcək.

Sözügedən mövzu ilə bağlı Axar.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirib ki, bu qədər kritik danışmazdan əvvəl bu məsələlər elmi cəhətdən əsaslandırılmalıdır:

“Azərbaycanın coğrafiya institutu, universitetlərin fakültələri, hidrometeroloqların fikirləri… Bunlar hamısı müzakirə olunmalıdır. Baş nazir əgər ora gedirdisə, bir dosyeylə getməli idi. Xəzərin əsrin sonuna qədər 10-15 metr dayazlaşacağı proqnozunu kim verib, mən bilmirəm. İnandırıcı deyil. Hazırda gedən proseslər onu göstərir ki, Xəzərin səviyyəsi bir müddət sonra yenidən qalxa bilər. Xəzərin səviyyəsinin hətta 10-15 metr düşməsi o demək deyil ki, Xəzər quruyacaq. Çünki Xəzərin ən dərin yeri 1025 metr, orta dərinliyi isə hər halda bir neçə yüz metrdir. Sahilə yaxın zonalarda, xüsusilə şimal hissəsində dayazlıq çoxdur, bunu qəbul edirəm. Əgər Qazaxıstan, Rusiya ərazisini götürsək, Xəzərin dayazlaşması o sahələrin kiçilməsi demək olacaq. Bəlkə Qazaxıstan öz Xəzər ərazisini itirə bilər. Amma yenə də inandırıcı görünmür. Baş nazir Ekologiya və Milli Sərvətlər nazirliyi ilə birgə konfrans təşkil etsinlər, biz də gedək bu məruzələri dinləyək. Birdən-birə Astanada bu cür iddialar səslənir. Mən buna qeyri-ciddi yanaşıram”.

Ekoloq Ənvər Əliyev isə vurğulayır ki, mövsümi şəkildə Xəzərin səviyyəsi qalxır:

“Prezidentin özü də dedi ki, iqlim dəyişikliyi yoxdur. Mən də 10-15 ildir deyirəm ki, iqlimi yaradan amillər dəyişməyibsə, iqlim dəyişikliyindən danışmaq gülüncdür. Buna baxmayaraq, dövrilik qanunu var. 10-15 metr heç kim deyə bilməz. Ümumi tendensiya 30-40-50 ildən bir dəyişilir, yavaş-yavaş Xəzər dənizi yüksəlməlidir. Sahilin enməsi dayanıb”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti üzrə hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
axar.az

1Mənbələr