Qlobal güc balansında baş verən ciddi dəyişikliklər, eləcə də, beynəlxalq təhlükəsizlik sistemindəki qeyri-müəyyənlik Türk dövlətlərini öz müdafiə və inkişaf modellərini gücləndirməyə sövq edir... Eyni zamanda, Avrasiya məkanında nəqliyyat-kommunikasiya marşrutlarının əhəmiyyətinin artması, xüsusilə də, Orta Dəhliz layihəsinin aktuallaşması Türk dövlətlərini daha sıx geoiqtisadi əməkdaşlığa yönəldir...
Son vaxtlar Qərb siyasi dairələrində Türkiyəyə qarşı və onun üzərindən də dolayısı ilə bütövlükdə Türk dünyasına qarşı qərəzli münasibət yenidən güclənməyə başlayıb. Belə ki, həm Türkiyənin, həm də Türk dünyası ölkələrinin qlobal məkanda nüfuzunun artması Qərb siyasi dairələrinin radikal cinahını ciddi şəkildə narahat etməkdədir. Və Türk dünyası ölkələrinin qlobal çağırışlara paralel olaraq, artıq strateji inteqrasiyanın yeni mərhələsinə keçid etməsi həmin siyasi dairələrdə gələcəyə yönəlik xof yaradır.
Məsələ ondadır ki, müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalar Türk dünyasının geopolitik çəkisini və koordinasiya səviyyəsini ciddi şəkildə artırmağa başlayıb. Belə ki, son aylarda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində xüsusi fəallıq müşahidə olunur. Və bu platforma artıq sadəcə, mədəni və tarixi yaxınlıq üzərində qurulmuş əməkdaşlıq mexanizmi olmaqdan çıxaraq, çoxvektorlu strateji inteqrasiya modelinə çevrilməkdədir.
Onu da qeyd etmək lazımdır ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin TDT-nin növbəti sammitinin xüsusi əhəmiyyət daşıdığını vurğulanması qətiyyən təsadüfi deyil. Onun bu bəyanatı əslində, türk dövlətlərinin dəyişən qlobal güc balansı şəraitində daha sıx koordinasiyaya ehtiyac duyduğunu göstərir. Çünki türk xalqları adətən, məhz xarici təhdidlər və qeyri-müəyyənliklər dövründə xüsusi konsolidasiyaya meyil göstərirlər. İndiki mərhələdə isə bu, daha çox dövlətlərarası əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilir. Və bu baxımdan, TDT-nın növbəti sammitinin yalnız siyasi dialoq platforması deyil, həm də ortaq strateji mövqenin formalaşdırıldığı önəmli mərkəzə çevriləcəyi gözlənilir.
Maraqlıdır ki, son vaxtlar Türk dövlətləri arasında əməkdaşlığın ən dinamik istiqamətlərindən biri də məhz hərbi təhlükəsizlik sahəsi hesab olunur. Türkiyə və Özbəkistan arasında müdafiə sahəsində əməkdaşlığın inkişafına yönəlik müzakirələr bu prosesin sistemli xarakter daşıdığını göstərir. Belə ki, Türkiyə-Özbəkistan hərbi-texniki əməkdaşlığının genişləndirilməsi, birgə təlimlərin təşkili, zabit heyətinin hazırlanması və müdafiə sənayesi sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi artıq strateji tərəfdaşlığın əsas amilinə çevrilir. Və bu isə uzunmüddətli perspektivdə Türk dünyasında qeyri-rəsmi təhlükəsizlik arxitekturasının formalaşmasına münbit zəmin yaradır.
Digər tərəfdən, Türk dövlətlərinin əməkdaşlıq prioritetlərində diqqətçəkən yeni istiqamətlərdən biri də məhz kosmik sahədir. Belə ki, TDT çərçivəsində bu sahədə hüquqi bazanın yaradılması üzrə təşəbbüs, üzv ölkələrin yüksək texnologiyalar sektorunda koordinasiyanı gücləndirmək niyyətindən xəbər verir. Bu barədə hazırlanan saziş yalnız elmi tədqiqatların inkişafını deyil, həm də peyk texnologiyaları, rəqəmsal infrastruktur və tətbiqi kosmik proqramlar üzrə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Və bu isə Türk dövlətlərinin qlobal texnoloji rəqabətdə daha fəal iştirak etməsinə geniş imkanlar yarada bilər.
Onu da qeyd etmək lazımdır ki, Türk dünyasının beynəlxalq sistemdə mövqelərini gücləndirmək istiqamətində atılan son addımlar da diqqəti çəkir. Bu baxımdan, Türkiyə və Azərbaycan tərəfindən BMT çərçivəsində TDT-nın statusunun artırılması istiqamətində göstərilən fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, BMT-də Türk Dili Gününün keçirilməsi təşəbbüsü və Qırğızıstanın namizədliyinin Təhlükəsizlik Şurasında dəstəklənməsi ilə bağlı çağırış Türk dövlətlərinin koordinasiyalı diplomatiya modelinə keçid etdiyini göstərir. Və bu proses TDT-nı tədricən regional təşkilatdan, daha genişmiqyaslı təsir imkanlarına malik platformaya çevirə bilər.
Təbii ki, Türk dövlətləri arasında strateji inteqrasiyanın sürətlənməsi bir neçə önəmli geopolitik faktorla izah oluna bilər. İlk növbədə, qlobal güc balansında baş verən dəyişikliklər, eləcə də, beynəlxalq təhlükəsizlik sistemində qeyri-müəyyənliyin artması regional aktorların öz təhlükəsizlik və inkişaf modellərini gücləndirməsini zəruri edir. Eyni zamanda, Avrasiya məkanında nəqliyyat-kommunikasiya marşrutlarının əhəmiyyətinin artması, xüsusilə də Orta Dəhliz layihəsinin aktuallaşması Türk dövlətlərini daha sıx geoiqtisadi əməkdaşlığa sövq edir. Enerji, ticarət və tranzit potensialının birləşdirilməsi isə bu strateji inteqrasiyanın geoiqtisadi əsaslarını daha da möhkəmləndirir.
Bütün bu proseslər isə onu göstərir ki, Türk dünyasında strateji əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyub. Əgər, əvvəlki dövrlərdə bu birlik daha çox mədəni və tarixi yaxınlıq üzərində qurulurdusa, hazırda siyasi, hərbi və elmi-texnoloji faktorlarla zənginləşdirilərək, artıq geostrateji məzmun qazanır. Yəni, TDT tədricən Avrasiya geopolitik məkanında önəmli təsir gücünə malik qlobal platformaya çevrilir. Belə anlaşılır ki, Türk dövlətləri qlobal çağırışlara paralel olaraq daha koordinasiyalı və məqsədyönlü siyasət yürütməyə hazırdırlar. Və bu, yaxın gələcəkdə qlobal güc balansına ciddi şəkildə təsir göstərə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()