AZ

Müşfiq Cəfərov: Azərbaycan–Ukrayna münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycan ilə Ukrayna arasında münasibətlər uzun illərdir ki, möhkəm siyasi və hüquqi baza üzərində qurulub və bu əməkdaşlıq artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Strateji tərəfdaşlığın möhkəm təməli


Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov APA-ya açıqlamasında deyib ki, bu baxımdan 2008-ci ildə dövlət başçıları tərəfindən imzalanmış birgə bəyannamə xüsusi qeyd olunmalıdır və həmin sənəd bu gün də qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayır: “Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq yalnız formal sənədlərlə məhdudlaşmır, eyni zamanda real siyasi və diplomatik fəaliyyətlə də möhkəmləndirilir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, 2008-ci ildə Kiyevdə, 2011-ci ildə isə Bakıda imzalanmış sənədlər ölkələr arasında əməkdaşlığın güclü siyasi təməlini formalaşdırıb. Həmin sənədlərdə qarşılıqlı şəkildə ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin toxunulmazlığının dəstəklənməsi xüsusi yer tutur. Bu isə onu göstərir ki, Bakı və Kiyev beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqdir və bu mövqedən çıxış edərək bir-birinə davamlı siyasi dəstək verir”.

Qarşılıqlı dəstək və siyasi etimad

Müşfiq Cəfərov bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin də bəyanatında bu məqam açıq şəkildə öz əksini tapır. Volodimir Zelenski qeyd edib ki, Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyib və eyni münasibəti Azərbaycandan da görüb: “Bu qarşılıqlı dəstək münasibətlərin etibarlılığını və strateji xarakterini daha da gücləndirir”.

Əməkdaşlığın çoxşaxəli inkişafı

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü diqqətə çatdırıb ki, son illərdə iki ölkə arasında əməkdaşlıq yalnız siyasi müstəvidə deyil, müxtəlif sahələrdə, o cümlədən iqtisadi və institusional platformalarda da inkişaf edir: “Prezident İlham Əliyevin vurğuladığı kimi, ötən il Bakıda Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın iclası keçirilib. Bu cür mexanizmlər əməkdaşlığın sistemli və davamlı şəkildə inkişafına xidmət edir. Eyni zamanda, bu görüşlərin Ukraynada davam etdirilməsi ilə bağlı müzakirələr aparılması əlaqələrin gələcək perspektivlərinin geniş olduğunu göstərir”.

Azərbaycanda anti-dron texnologiyaları sahəsində təşəbbüs müdafiə xarakterlidir

Müşfiq Cəfərov ikinci mühüm istiqamət kimi hərbi-texniki əməkdaşlıq məsələsinə toxunub: “Bu sahədə əməkdaşlıq müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilir və burada əsas məqsəd müdafiə qabiliyyətinin gücləndirilməsidir. Azərbaycanda təşkil olunacaq layihələr, xüsusilə anti-dron texnologiyalarını əhatə edən təşəbbüslər müdafiə xarakteri daşıyır və regionda sabitliyə xidmət edir. Bu əməkdaşlıq heç bir halda Azərbaycanın Rusiya ilə Ukrayna arasında davam edən müharibənin hərbi komponentində iştirak etməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan balanslı və prinsipial xarici siyasət yürüdərək beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalır. Bu baxımdan, hərbi-texniki əməkdaşlıq yalnız müdafiə məqsədlərinə yönəlib və ölkənin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Prezident İlham Əliyevin bəyanatında da hərbi sənaye komplekslərinin inkişafı və birgə istehsal imkanları xüsusi qeyd olunub. Həm Azərbaycanda, həm də Ukraynada bu sahədə ciddi potensial mövcuddur və tərəflər bu imkanlardan istifadə etməklə qarşılıqlı faydalı layihələr həyata keçirə bilər. Bu isə təkcə müdafiə sahəsində deyil, ümumilikdə sənaye əməkdaşlığının genişlənməsinə töhfə verəcək. Ukrayna Prezidenti Volodimir Zelenski də təhlükəsizlik məsələlərini prioritet sahə kimi qeyd edərək, müdafiə sənayesi üzrə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Ukraynanın müharibə şəraitində qazandığı təcrübə və ekspert bilikləri Azərbaycan üçün də faydalı ola bilər. Hazırda Ukrayna ekspertlərinin Azərbaycanda olması və yerli mütəxəssislərlə əməkdaşlıq etməsi bu istiqamətdə konkret addımların atıldığını göstərir”.

Gələcək perspektivlər və siyasi iradə

Deputat qeyd edib ki, Azərbaycan–Ukrayna münasibətləri qarşılıqlı hörmət, etimad və beynəlxalq hüquqa sadiqlik prinsipləri əsasında inkişaf edir: “Bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyi və yeni istiqamətlər üzrə genişlənəcəyi gözlənilir. Prezidentlərin son bəyanatları da göstərir ki, tərəflər əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsində maraqlıdır və bu istiqamətdə siyasi iradə mövcuddur”.

Seçilən
19
42
apa.az

10Mənbələr