Malidə silahlı qruplaşmaların genişmiqyaslı hücumu nəticəsində ölkədə vəziyyət kritik həddə çatıb.
Musavat.com xəbər verir ki, aprelin 25-də paytaxt Bamako da daxil olmaqla bir neçə şəhərə təşkil edilən hücumlar zamanı Malinin müdafiə naziri Sadio Kamara və ailəsinin bəzi üzvləri öldürülüb.
"Le Figaro" qəzetinin məlumatına görə, "Əl-Qaidə" ilə əlaqəli olan və regionun ən böyük silahlı təşkilatı sayılan JNIM ("Camaat Nüsrət əl-İslam vəl-Müslimin") tuareq üsyançıları ilə koordinasiyalı şəkildə hökumət qüvvələrinə qarşı silsilə hücumlar həyata keçirib. Hücumların hədəfində prezident iqamətgahı, Müdafiə Nazirliyinin qərargahı və Bamako beynəlxalq hava limanı olub.
Mövcud xaos fonunda Rusiya tərəfindən dəstəklənən "Afrika Korpusu"nun (keçmiş "Vaqner" ÖHŞ) üsyançılarla qoşunların təhlükəsiz çıxarılması barədə razılığa gəldiyi və şəhərləri tərk etdiyi bildirilir. Taleyin ümidinə buraxılan Mali ordusunun hərbçiləri isə kütləvi şəkildə təslim olurlar. Eyni zamanda, rusiyalı hərbi blogerlər Afrikada bir helikopterin zenit-raket kompleksi ilə vurulduğunu, heyətin və göyərtədəki mobil atəş qrupunun həlak olduğunu təsdiqləyiblər.
Hazırda ölkənin Qao, Kidal və Kati bölgələrində şiddətli döyüşlər davam edir. Tuareq seqaratçıları (FLA) bir çox mühüm mövqeləri nəzarətə götürdüklərini bəyan ediblər. Rusiya Xarici İşlər Nazirliyi isə Bamako hava limanına hücumun dəf edildiyini və rusiyalı diplomatlar arasında xəsarət alan olmadığını açıqlayıb.

Musavat.com