Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) “Alfa” xüsusi təyinatlı bölməsi Krım yarımadasında mühüm xüsusi əməliyyat həyata keçirib.
Musavat.com xəbər verir ki, gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə endirilən dəqiq zərbələr nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir neçə strateji hərbi obyekti və texnikası ciddi zərər görüb.
Əməliyyat nəticəsində Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Yamal” və “Filçenkov” böyük desant gəmiləri, həmçinin “İvan Xurs” kəşfiyyat gəmisi sıradan çıxarılıb. Eyni zamanda, Qara Dəniz Donanmasının “Lukomka” təlim mərkəzi, Hava Hücumundan Müdafiə qüvvələrinin radiotexniki kəşfiyyat qərargahı və “Mis-M1” radiolokasiya stansiyası da hədəfə alınaraq vurulub.
Bundan əlavə, zərbələr nəticəsində “Belbek” hərbi aerodromunda yerləşən bir ədəd MiQ-31 qırıcı təyyarəsinə və aerodromun texniki-istismar hissəsinə ciddi ziyan dəyib. Hazırda əməliyyatın nəticələri ilə bağlı ətraflı araşdırmalar davam edir.
Musavat.com