Türkiyə gözlənildiyi kimi ABŞ, İsrail – İran müharibəsinin Yaxın Şərq regionu üçün yaratdığı yeni reallığı fürsətlərə çevirmək üçün strateji geoiqtisadi həmlənin ilk addımlarını atmağa başladı. Cümə günü prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mərasimdə genişmiqyaslı vergi güzəştləri paketini elan edərək, Türkiyəni beynəlxalq kapital, ticarət və istedadlar üçün qlobal mərkəzə çevirəcəyin vədini verdi.
“Türkiyə əsri: Sərmayə üçün güclü investisiya mərkəzi proqramı”nın təqdimatında, İstanbuldakı Dolmabaxça sarayında çıxış edən Ərdoğan bildirdi ki, “hər bir biznes və iqtisadi sektor qalın duman içində öz yolunu və istiqamətini tapmağa çalışır”. O, Türkiyənin Şərqlə Qərb və ya Şimalla Cənub arasında sadəcə bir körpü kimi ənənəvi baxışının yetərli olmadığını əlavə edərək, ölkənin enerji və ticarət dəhlizləri üçün əvəzolunmaz bir mərkəzə çevrildiyini vurğuladı: “Qlobal iqtisadi nizamı və dəyər zəncirlərini yenidən formalaşdıran müharibə ölkəmizi qlobal iqtisadi sabitliyin təməl daşına çevirdi”. Ərdoğan həmçinin vurğuladı ki, Türkiyə investisiya mühitini gücləndirmək, rəqabət qabiliyyətini artırmaq, davamlı yüksək artımı təmin etmək və beynəlxalq birbaşa investisiyaları dəstəkləmək üçün hüquqi, inzibati, maliyyə və institusional addımlar atır.
Ərdoğan həmçinin investisiyaları stimullaşdırmaq, qlobal kapitalı cəlb etmək və Türkiyənin regional maliyyə mərkəzi və startap inkişaf mərkəzi kimi mövqeyini gücləndirmək məqsədi daşıyan bir sıra yeni iqtisadi tədbirləri açıqladı. O, yeni qaydaların vətəndaşları və şirkətləri xarici aktivlərini Türkiyə iqtisadiyyatına köçürməyə təşviq edəcəyini bildirdi.
Türkiyə sərmayə sahiblərinə nə təklif edir?
“Türkiyə əsri: Sərmayə üçün güclü investisiya mərkəzi proqramı” (Türkiye Yüzyılı Yatırım İçin Güçlü Merkez Programı) genişmiqyaslı iqtisadi təşviq paketidir. Proqram Türkiyənin qlobal iqtisadi qeyri-müəyyənliklər və regional gərginliklər fonunda beynəlxalq kapital, ticarət və istedad üçün cəlbedici mərkəzə çevrilməsi məqsədini daşıyır.
Proqram müxtəlif fiskal təşviqləri, o cümlədən korporativ vergi endirimləri, tranzit ticarət gəlirlərinə vergi azadolmaları, xaricdən köçənlərə 20 illik fərdi vergi tətili, aktivlərin repatriasiyası üzrə vergi amnistiyası, İstanbul Maliyyə Mərkəzinin gücləndirilməsi, vahid pəncərə sistemi ilə bürokratiyanın azaldılması, habelə startap ekosisteminin inkişafına dəstək verən elementləri özündə birləşdirir.
“Turkiyetoday” – məlumat verir ki, istehsalçı ixracatçılar üçün əvvəllər standart 25% olan korporativ vergi dərəcəsinin 9%-ə, digər ixracatçılar üçün isə 14%-ə endirilməsi planlaşdırılır.
İstanbul Maliyyə Mərkəzində (İFM) fəaliyyət göstərən şirkətlər üçün tranzit ticarət gəlirlərindən alınan vergi tamamilə (100 faiz) ləğv edilir. Mərkəzdən kənarda olanlar üçün isə bu gəlirin 95%-i vergidən azad olunur.
Son 3 ildə Türkiyədə vergi rezidenti olmayan və ölkəyə köçən şəxslərin xaricdəki gəlirləri 20 il müddətinə Türkiyə vergisindən azad edilir. Onların yalnız ölkə daxilində əldə etdiyi gəlirlər vergiyə cəlb olunacaq.
Vətəndaşlara və şirkətlərə xaricdəki pul, qızıl və qiymətli kağızlarını müəyyən müddət ərzində aşağı vergi dərəcəsi (2-3 faiz) ilə Türkiyəyə gətirmək imkanı tanınır. Bu addım həm də yoxlama təminatı ilə dəstəklənir.
Bütün icazə, qeydiyyat, vergi və ekoloji təsir qiymətləndirməsi kimi bürokratik prosesləri vahid rəqəmsal platformada birləşdirən “Tək Durak Büro” modeli yaradılır. Bu, Prezident İnvestisiya və Maliyyə Ofisinin koordinasiyası ilə idarə olunacaq.
Proqram, 1.6 trilyon dollarlıq iqtisadiyyat hədəfləyən ölkənin, startap və vençur kapitalı ekosistemində regional cazibə mərkəzinə çevrilməsi üçün “çevrilə bilən borc alətləri” kimi mexanizmlər vasitəsilə maliyyəyə çıxışı asanlaşdırmağı da özündə ehtiva edir.
Bu proqramı Türkiyənin iqtisadi siyasətində strateji bir dönüş nöqtəsini təmsil edir.
Türkiyə iddialarını gizlətməyə lüzum görmür
Proqramın elanı olundu zaman diqqət çəkməyə bilməz. ABŞ, İsrail- İran, İsrail-Livan, Hizzbullah müharibələrinindavam etdiyi, Hörmüz boğazının bağladığı vaxtda Türkiyə öz coğrafi mövqeyindən istifadə edərək tranzit ticarət qovşağı rolunu gücləndirməyə çalışır. Digər strateji məqsəd isə qlobal güc mərkəzləri arasında dəyişən tarazlıqda Türkiyənin “çoxqütblü dünya nizamında yeni qütb olmaq” ambisiyasını reallaşdırmaqdır.
Proqram, elan olunduğu dövrdəki enerji qiymətlərində dalğalanmalar, təchizat zəncirindəki problemləri, müharibənin gətirdiyi riskləri fürsətə çevirmək məqsədi daşıyır. Tranzit ticarətə gətirilən geniş vergi azadolmaları, İstanbul Maliyyə Mərkəzinin təşviqi və istehsalçı ixracatçılara tətbiq olunan ultra aşağı vergi dərəcələri (9%) ilə Türkiyə, “nearshoring” (yaxından tədarük) və “friendshoring” (dost ölkələrdən tədarük) kimi yeni qlobal meyllərdən maksimum pay almağa çalışır İstanbul Maliyyə Mərkəzinə verdiyi xüsusi əhəmiyyət, xüsusilə tranzit ticarət gəlirlərinin 100% vergidən azad edilməsi, qlobal maliyyə sistemində digər mərkəzlərə alternativ platforma yaratma axtarışının bir hissəsidir.
Ankara-London sərmayə razılaşmaları?
Ehtimal edirəm ki, proqramın elan edilməsi başlıca qlobal maliyyə mərkəzlərindən biri kimi mövqeyini saxlayan Böyük Brtitaniya ilə razılaşdırılıb və hətta birgə proyekt ola bilər. Nəzərə alaq ki, Türkiyə XİN başçısı Hakan Fidanın 23-24 aprel 2026-cı il tarixlərində Londona etdiyi səfər çərçivəsində Türkiyə ilə Böyük Britaniya arasında “Strateji Tərəfdaşlıq Çərçivə Sənədi” imzalanmışdır. Bu sənəd iki ölkənin iqtisadi əlaqələrinin gücləndirilməsi üçün hüquqi zəmin yaradır. Sənəddə xüsusi olaraq ticarət və investisiyaların artırılması, o cümlədən modernləşdirilmiş Azad Ticarət Sazişi üzrə davam edən danışıqlar vurğulanır. Bu çərçivə sənədi, Trükiynin elan yeni proqramı elan etməsindən cəmi bir gün əvvəl imzalanmışdır. London səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq Çərçivə Sənədi, xarici investisiyaları cəlb etmək üçün yeni mexanizmlərin yaradılmasını zəruri edən bir katalizator rolunu oynamışdır. İstisna deyil ki, London artıq Yaxın Şərq sərmayələrinin, layihələrin idarəolunmasında şaxaləndirməy gedir və artıq Dubay, Əbu-Dabi, Ər-Riyad, Dohanın imkanlarını təqdim edəcək, daha sabit, risklərdən daha etibarlı sığortalı İstanbulu ön plana çıxarır.