AZ

Kürün daşması nəticəsində İmişlidə əkin sahələri su altında qalıbVİDEO

Kür çayında suyun səviyyəsinin kəskin artması İmişli rayonunun bir sıra kəndlərində əkin sahələrinin su altında qalmasına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, ən çox zərər çəkən ərazilər isə Əlyetməzli və Məmmədli kəndləridir.

Fermerlər həm məhsul itkisi, həm də qarşıdakı risklərdən narahatdırlar. Ərazidə olan iki mühafizə bəndindən birində su sızması qeydə alındığından çay suları əkin sahələrinə daxil olub. Nəticədə Əlyetməzli kəndində 47 hektar taxıl və 168 hektar yonca sahəsi olmaqla ümumilikdə 215 hektar, Məmmədli kəndində isə 16 hektar əkin sahəsi su altında qalıb.

Su basmış sahələrdə məhsulun məhv olması ilə yanaşı, torpağın münbitliyinin azalması ehtimalı da fermerləri ciddi narahat edir.

Fermerlər hesab edirlər ki, su bir qədər də qalxarsa, subasmaya məruz qalan əkin sahələrinin miqyası daha genişlənər və kənd təsərrüfatına ciddi ziyan vurar.

İmişli rayon Fövqəladə hallar komissiyasından verilən məlumata görə, əraziyə müxtəlif təyinatlı texnikalar cəlb olunub. Təhlükəli yerlərdə bəndbərkitmə işləri aparılır, suyun səviyyəsi mütəmadi olaraq izlənilir. Əlavə subasma hallarının qarşısını alınmaq üçün qabaqlayıcı tədbirlər davam etdirilir.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
20
xezerxeber.az

1Mənbələr