Çadın şərqində icmalararası toqquşma 40-dan çox insanın həyatına son qoyub.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə Vadi-Fira regionunda baş verib.
Qeyd olunub ki, münaqişə iki ailə arasında quyu üstündə yaranan mübahisədən sonra alovlanıb.
"Ən azı 42 nəfər həlak olub", - hökumətin regiondakı nümayəndəsi Brahim İssa Qalmaye bildirib.
Çadın şərqində torpaq, mal-qara və suya çıxış üstündə yaranan icmalararası toqquşmalar geniş yayılmış haldır. "International Crisis Group" qeyri-hökumət təşkilatının hesablamalarına görə, 2021-ci ildən 2024-cü ilə qədər olan dövrdə bu cür münaqişələr səbəbindən mindən çox insan həlak olub, 2 minə yaxın şəxs yaralanıb.