AZ

Rasim Əliyev: "Ulduzu səkkizguşəlidüzəltməyimi Heydər Əliyev özü tövsiyə etdi" - TARİXİ ŞƏXSİYYƏT

Kulis.az Xalq yazıçısı Elmira Axundovanın "Tarixi şəxsiyyət" layihəsi çərçivəsindəAzərbaycan SSR əməkdar memarı, Dövlət mükafatı laureatı Rasim Əliyevlə müsahibəsinin birinci hissəsini təqdim edir.

Elmira Axundova ‒ Hörmətli Rasim müəllim, Heydər Əliyevlə bağlı ilk xatirələriniz hansı dövrə aiddir?

Rasim Əliyev – Heydər Əliyev haqqında ilk xatirələrim 30-cu illərin sonuna aiddir. O vaxt Heydər Əliyev Bakıya, oxumağa gəlmişdi, Sənaye İnstitutunun Memarlıq fakültəsinə daxil oldu. İl yarım bizdə – Əli Bayramov küçəsi, 25 ünvanında yerləşən mənzilimizdə yaşadı. Sonra yataqxanaya köçdü.

Mən balaca idim, daim ona ilişir, «qəmiş olurdum», karandaşlarını, qələmlərini «çırpışdırırdım». Ona mane olmamağım üçün mənə kağız vərəqləri verib deyirdi: burada otur və şəkil çək.

Heydər Əliyevlə bağlı o vaxta aid daha nə xatırlayıram? Heç vaxt məni qovmazdı, nəinki bir kobud söz deməzdi, hər zaman sanki sehrli şəkildə uşağı sakitləşdirməyi, əzizləməyi bacarırdı, uşaq da ona mane olmadan sakitcə oturub nə iləsə məşğul olurdu. Beləliklə, mən tədricən şəkil çəkməyi öyrənirdim. Ailəmizdə valideynlərim və Heydər Əliyeviç mükəmməl rəsmlər çəkirdi, Aqil də çəkirdi, Hüseyn, ümumiyyətlə, peşəkar rəssam idi.

Heydər Əliyeviçin o illərdə, Leninqraddan qayıdandan sonra çəkdiyi bir rəsmi qoruyub saxlamışam. Karandaşla çəkilmiş bu rəsm mənim portretimin eskizidir. Hətta onun mənə bağışladığı «qotovalnya» deyilən çertyoj alətləri dəstini də qoruyub saxlamışam. Bu belə oldu: müharibə bizi bir müddət ayrı saldı. Müharibədən sonra, təhsil almaq üçün Leninqrada getməzdən əvvəl Heydər Əliyeviç Bakıya gəldi və bir müddət bizdə yaşadı. O vaxt memarlıqla bağlı bəzi əşyalarını mənə hədiyyə etdi. «Qotovalnya» da həmin əşyalar arasında idi. Təəssüf ki, hazırda onun içindəki bəzi alətlər itib.

E.A. – Gənc Heydər Əliyevi necə xatırlayırsınız?

R.Ə. – Ailəmizdə kimisə, hətta valideynlərimi də ondan çox sevdiyimi xatırlamıram. Mən ona çox bağlı idim. Uşaqlıqdan onu böyük qardaş kimi qəbul edirdim. Yalnız sonra bildim ki, bu adam mənim qardaşım deyil, atamın qardaşıdır. Mənə çox isti münasibət bəsləyirdi. Mən heç kəsdən belə sevgi, belə qayğı görmədim. Aramızda nə isə qeyri-adi bir dostluq vardı. Hələ mən məktəbdə oxuduğum zaman, o Leninqrada getməzdən əvvəl, tez-tez məndən soruşurdu ki, böyüyəndə nəçi olmaq istəyirəm. Mən də həmişə cavab verirdim ki, rəssam olacağam. Mənim əmim Hüseyn rəssam idi, Səttar Bəhlulzadə ilə dostluq edirdi və onlar tez-tez bizə gəlirdilər. Bəzən içkili olardılar. O vaxt atam Mərkəzi Komitədə işləyirdi. Atam onları masaya dəvət edirdi, onlar yeyib-içirdilər. Amma atam heç vaxt masaya spirtli içki qoymurdu. Hüseyn daim atamdan soruşurdu ki, masaya qoymaq üçün «ehtiyatda bir şey» varmı? Atam deyirdi: «Mütləq olacaq, Hüseyn, əvvəlcə yeyin». Səttar ağ şərab içməyi xoşlayırdı. Beləcə, tədricən atam onları sakitləşdirir, sonra hər ikisini maşınla evə göndərirdi, çünki Hüseyn və Səttarın Bayılda şərikli emalatxanası vardı.

Heydər Əliyeviç mənə israrla deyirdi ki, memar olmalıyam. Sən demə, atam gəncliyində memar olmaq istəyib, amma taleyin hökmü başqa cür olub. Sonra qardaşının memar olmasını istəyib, amma müharibə bu planları da dəyişdirdi. Bu planların gerçəkləşməməsi Heydər Əliyeviçin istəklərinə təsir etmişdi. Yadımdadır, mənə deyirdi: «Rasim, sən memarlığın nə olduğunu bilmirsən, bunun nə qədər böyük sənət olduğunu bilmirsən. Memarlıq – zamanın əbədiliyi deməkdir».

Heydər Əliyeviç Leninqraddan qayıdandan sonra, artıq Bakıda işləyərkən daim onunla görüşürdük və o, hər dəfə maraqlanırdı – mən nəçi olmaq istəyirəm, memar olmağı qərara almışammı? Heç vaxt yadımdan çıxmaz: mən onuncu sinfi bitirəndə o bizə gəldi. Yenə söhbət etdik və o soruşdu: «Hansı fənlərdən imtahan verəcəksən, axır ki, memarlıq fakültəsinə daxil olmağı qərar aldın?» «Bəli, – dedim, – memarlığa gedəcəm». Belə bir qərar qəbul etməyimə ədəbiyyat müəlliməm Mariya Georgiyevna Savitskayanın da təsiri olmuşdu. Belə ki, mən yeddinci sinfi bitirəndən sonra məktəbdən çıxmaq və Əzimzadə adına Rəssamlıq Məktəbinə girmək istəyirdim. O vaxt müəlliməm mənə dedi: «Başa düş, təhsili yarımçıq olan adam yaxşı rəssam ola bilməz. Rəssam ol, amma hərtərəfli inkişaf etmiş və savadlı insan olmaq üçün əvvəlcə tam orta təhsil al. Fundamental təhsil almayan rəssamlar – o, bir çox rəssamların tərcümeyi-halını nümunə kimi göstərdi – dünyanı bir müstəvidə görürlər, təhsilli adam isə dünyanı həcmli şəkildə görür və bu həmin şəxsin əsl sənətkar olmasına imkan verir».

... Uşaqlıqdan bəri, Heydər Əliyeviçdən daha yaraşıqlı, daha cazibədar bir gənc xatırlamıram. Əsl yaraşıqlı kişi idi. Daxili nur, qeyri-adi xeyirxahlıq, hər kəsə kömək etmək istəyi və bunu həyata keçirmək əzmi – onun xarakteri idi. O qədər gözəl idi ki, onu tanıyan bütün qızlar ona aşiq olurdular. Heç yadımdan çıxmaz: sütül bir gənc olan Heydər Əliyevin instituta getməzdən əvvəl balkona çıxaraq orada qalstuk bağlamasına və saçlarını daramasına tamaşa etmək üçün cavan qızlar saatlarla balkonda və ya pəncərələrin yanında dayanardılar. O çox böyük cazibə qüvvəsinə malik idi.

Onun Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində oxuduğu illəri xatırlayıram. Bəzən onlar – tələbə yoldaşları, hətta başqa fakültələrdə oxuyanlar da Əli Bayramov, 25-də toplaşardılar. Heydər Əliyev adətən pəncərə qabağında oturub bədii ədəbiyyat oxuyurdu. O dövrdə Lev Tolstoyun, Dostoyevskinin, Çexovun, Qorkinin əsərlərini sevirdi. Birlikdə oxuyan yoldaşları, o cümlədən qohumlarından bir qrup, oturub növbəti imtahanlara hazırlaşır, hər bilet üzrə nə isə öyrənirdilər. Yadımdadır ki, aralarında birinin adı Əli, digərinin adı Sübhi idi. Birdən Heydər Əliyeviç deyir:

– Qulaq asın, siz düz demirsiniz, bu belə deyil. Filan səhifəni açıb oxuyun, – sonra həmin səhifədə yazılanları sözbəsöz sitat gətirirdi.

O bunları oxumağa nə vaxt macal tapmışdı? Mən onun qrupla birlikdə məşğul olmasını heç vaxt görməmişəm, yalnız fərdi qaydada məşğul olurdu. Yadımdadır, yoldaşları – yetərincə qabiliyyətli uşaqlar – onun bu bacarığına, fenomenal yaddaşına heyran qalırdılar.

– Bunu nə vaxt əzbərləmisən?
– Mən əzbərləməmişəm, oxumuşam, – deyə Heydər Əliyev cavab verirdi.

Bir şeyin yaddaşında həkk olunması üçün onu bir dəfə oxuması kifayət idi.

Heydər Əliyeviç Leninqraddan bu şəhərin memarlığını dərindən öyrənərək ona vurulub qayıtmışdı. O bilirdi ki, Rastrelli, Rossi, Kvarenqi nəyi inşa edib, Aniçkov körpüsündə Klodt atları nə zaman qoyulub, onlar harada hazırlanıb. O, İsaakiyev kilsəsi, Birja, Rostral sütunları barədə saatlarla danışa bilərdi. Memarlığı sevirdi, onu incəliklərinə qədər bilirdi.

E.A. – Mənimlə söhbətdə Tahir Salahov Heydər Əliyevin Moskva memarları qarşısında təkrarolunmaz çıxışını xatırlayırdı. Siz o çıxışı dinləmisiniz?

R.Ə. – Nəinki dinləmişəm, demək olar ki, onun «günahkarı» olmuşam.

E.A. – Xahiş edirəm, bu barədə danışın.

R.Ə. – 1981-ci ildə Moskvada Nizaminin yubileyinə həsr olunmuş Azərbaycan günləri keçirilirdi. Mən də o vaxtı Moskvada idim. Heydər Əliyevin tapşırığı ilə moskvalı memar Maksim Blinkinlə birlikdə Azərbaycan nümayəndəliyinin binasını inşa edirdik. Qəflətən Azərbaycanın Memarlar İttifaqından mənə zəng gəldi.

– Rasim, biz Azərbaycan Kommunist Partiyası MK-nın qərarından çıxarış almışıq. Sən Moskvada Azərbaycan günləri çərçivəsində memarlıq sərgisinin keçirilməsinə məsul şəxs təyin olunmusan.

Mən çaşıb qaldım. Axı bütün materiallar Bakıda idi. Bunun ardınca MK-dan zəng vurub dedilər ki, Heydər Əliyeviçin tapşırığı ilə tədbir üçün məsuliyyəti mən daşıyıram.

Az müddətdə material Moskvaya, Memarlar Evinə çatdırıldı. Biz sərgini hazırladıq. Bu vaxt, Memarlar İttifaqına rəhbərlik edən Anatoli Trofimoviç Polyanski məni yanına çağırıb dedi:

– Rasim Həsənoviç, burada artıq Özbəkistan, Gürcüstan, Ukrayna günləri keçirilib. Respublikaların məsul rəhbərləri çıxış edib. Ən aşağı səviyyə – Nazirlər Sovetinin sədr müavini olub. Bəs Memarlar İttifaqında toplaşanlar qarşısında sizdən kim çıxış edəcək?

Mən bu barədə bizim Moskvadakı nümayəndəmiz Ənvər Cəlal oğlu Hüseynovdan bir şey öyrənməyə çalışdım. O dedi:

– Elə siz özünüz Bakının baş memarı kimi çıxış edin.

Mən bunu Anatoli Trofimoviçə bildirəndə o etiraz etdi.

– Sən Bakının baş memarısan, bu, ümumittifaq tədbiri üçün yetərli səviyyə deyil. Respublika rəhbərliyindən kimsə çıxış etməlidir.

Mən bunu Ənvər müəllimə söylədim. O mənə çıxış hazırlamağı tapşırdı. Mən Azərbaycan sovet memarlığının inkişafı tarixindən yazdım, hər şeyi mərhələ-mərhələ təsvir etdim və s. Mətni bəyəndilər. Ancaq mən Ənvər Hüseynova dedim:

– Belə alınmayacaq, Bakı ilə danışmalıyıq. Hökumət adamlarından kimsə çıxış etməlidir.
– Sabah Heydər Əliyeviç öz komandası ilə uçub gəlir, – dedi. – Onda söhbət edərik.

Onlar uçub gəldilər. Mən həyəcan içindəydim. Ertəsi gün saat birdə SSRİ Memarlar İttifaqında görüş olmalıdır, ancaq kimin çıxış edəcəyi hələ də məlum deyil. Süleyman Tatlıyevi, Həsən Həsənovu, Həsən Seyidovu dilə tutdum – heç biri məni eşitmək belə istəmədi.

– Məsul şəxs sənsən, özün də çıxış elə.
– Respublikanı təmsil etmək lazımdır, – deyə izah edirəm, onlarsa yaxalarını qırağa çəkirlər.

Neyləməli? Mən qərara gəldim ki, Heydər Əliyevi gözləyim, o yəqin ki, Azərbaycan nümayəndəliyinə gələcək. Polyanski isə məni «topa tutur», tələb eləyir, deyim ki, kim çıxış edəcək? Çünki çıxış edənin səviyyəsindən asılı olaraq auditoriya müəyyən olunur.

Heydər Əliyevin gəlişinə bir saat qalmış «doqquzluğ»un adamları gəlib bütün kabinetləri yoxladılar, kənar adamları binadan çıxartdılar. Nümayəndəlikdə yalnız Ənvər Hüseynov və köməkçisi qaldı. Məndən də xahiş etdilər ki, gedim. Mən Heydər Əliyevin qəbul otağına açılan dəhlizin qapısı arxasında gizləndim. Hətta siqaret də çəkmədim ki, gözə dəyməyim. Təqribən gecə saat on ikinin yarısında eşitdim ki, Heydər Əliyev öz köməkçiləri, respublikanın digər rəhbərləri ilə dəhlizdən keçir. Onlar qəbul otağına çatanda mən qapını açıb dedim:

– Salam, Heydər müəllim. Axşamınız xeyir.
– Sən burada neyləyirsən? – deyə təəccüblə soruşdu.
– Sizi gözləyirəm.
– Xeyir ola, sən məni bu vaxt niyə gözləyirsən?
– İcazə verin, vəziyyəti sizə izah edim. Vəziyyət çox mürəkkəbdir.
– Get qəbul otağına, orada gözlə.

O öz kabinetinə getdi. Gecə saat birə işləyirdi. Hamı çıxandan sonra məni dəvət etdilər. Kabinetdə Həsən Seyidov və Ənvər Hüseynov qalmışdılar.

– Hə, de görüm, nə istəyirsən? Hansı vacib məsələ səni narahat edir?

İzah edirəm ki, Memarlar İttifaqında çıxış etmək lazımdır, artıq sərgi təşkil olunub, restoranda bizim mətbəximiz, çay evimiz fəaliyyətdədir. Ağ zal təxminən 860 yerlikdir. Mən məruzə hazırlamışam, hamıya müraciət etmişəm ki, bu məruzə ilə çıxış etsinlər. Ancaq hamı Bakının baş memarı kimi məni irəli verir. Polyanski isə deyir ki, çıxış edənin səviyyəsi nə dərəcədədirsə, auditoriyanın səviyyəsi də ondan asılı olacaq. Mən isə bu cür toplantıda respublikanı təmsil edə bilmərəm.

– Edə bilməzsən? – deyə soruşdu.
– Xeyr.
– Onlar da təmsil edə bilməzlər? Yəni siz çıxış edə bilməzsiniz?

Hamı susdu.

– Heydər Əliyeviç, biz mütəxəssis deyilik.
– Bəsdirin, – dedi, – sabah üçün mənim işim başdan aşır. Sizin tədbiriniz neçədədir?
– Gündüz saat 1-də.
– Saat 1-də nahar etməyə ümid edirdim. Yenə də hər şeyi mən eləməliyəm. Yaxşı, özüm çıxış edərəm.

Mən rahat nəfəs aldım. Sanki üstümdən dağ götürüldü.

– Ənvər, öz kabinetinizə gedib zəruri tədbirlər görün.

Təqribən gecə saat birin yarısında Polyanskiyə zəng vurub onu yuxudan oyatdım. Üzr istəyib, xəbər verdim ki, Heydər Əliyev özü çıxış edəcək.

– Nə danışırsınız? Bu, vəziyyəti tamamilə dəyişir. Mən Sov.İKP MK-nı məlumatlandırmalıyam.

Mən məruzəni Heydər Əliyeviçə göstərdim.

– Bunu özün üçün yadigar saxla, – dedi.

Ertəsi gün Heydər Əliyev öz mühafizə dəstəsi ilə gəldi. Onu qarşılayıb zala, oradan da Rəyasət Heyətinə ötürdülər. Mən də Rəyasət Heyətində, ikinci sırada oturmuşdum.

Onun çıxışı üç saatdan artıq çəkdi. Zal ağzınacan dolu idi. İlk sıralarda SSRİ-nin xalq memarları, müxtəlif mükafatların laureatları, ağsaqqallar, sovet memarlığının sütunları, dayaqları əyləşmişdilər. Əvvəlcə onlar Heydər Əliyevə şübhə ilə yanaşdılar, yəni ki növbəti partiya lideri çıxış edir. Ancaq üç-dörd dəqiqədən sonra zala ölü sükut çökdü. O, memarlıqdan danışmağa başladı. Memarlığın qarşılıqlı əlaqəsindən, Şərq və Avropa sivilizasiyasından, italyan Renessansından, rus klassisizmindən, XIX əsrin əvvəlində rus memarlıq üslubundan qısaca danışdı. Sonra sovet memarlığına keçdi, bizə, sovet memarlarına dərs verdi ki, necə işləmək lazımdır. Vurğuladı ki, biz insanlara güclü təsir göstərən sovet memarlığının taleyinə, simasına cavabdehik. Bizi yeknəsəqliyə, eynitipliliyə yol verməkdə günahlandırdı. Kəskin, ancaq əsaslı, sağlam tənqid edirdi, ən əsası isə o, düzgün istiqamət göstərirdi.

Xatırlayıram ki, o dedi: «Sizin vəzifəniz odur ki, bizə, rəhbərlərə elə memarlıq nümayiş etdirəsiniz ki, biz sizi haradasa dayandıraq, əl saxlamağa məcbur edək. Daha dövlətin qəbul etmədiyi «boz» layihələr təqdim etməyəsiniz». Zal donub qalmışdı, onu nəfəslərini dərmədən dinləyirdilər, sonra isə dayanmadan, özü də ayaq üstə alqışladılar. Bu, əsl triumf, qələbə idi!

Sonra hamı Memarlar İttifaqının restoranına və kafesinə getdi. Çəhrayı zalda gözəl süfrə açılmışdı. Qəbulda memarlıq və tikintiyə hamilik edən Sov.İKP MK katibi Dolqix, MK-nın şöbə müdiri Fyodorov, bizim adlı-sanlı memarlar iştirak edirdilər. Həmin memarlar Heydər Əliyevdən bir addım aralanmırdılar. SSRİ Memarlar İttifaqının katibi Zinaida Şişkina hamıya pıçıldayırdı: «Onun, yəqin ki, memarlıq təhsili var». – «Ancaq ölkənin heç bir memarlıq institutunda arxitektura bu cür geniş tədris olunmur, – deyə ona etiraz edirdilər, – o bizdən çox bilir, trintoçento dövrü barədə, görəsən, haradan öyrənib?».

Bu çıxış bütün sovet memarlarında dərin iz buraxdı. Mən ona minnətdar idim, çünki bizlərdən heç kim, elə mən özüm də heç vaxt bu cür çıxış edə bilməzdik. O, qabaqcadan hazırlaşmadan, heç bir kağıza-filana baxmadan danışırdı. Beləcə də bütün auditoriyanı ələ almışdı!

E.A. – Valehedici hekayətdir! Özü də bütün bunları, necə deyərlər, bədahətən deyirdi, axı o çıxış edəcəyini bilmirdi. Mənə elə gəlir ki, Heydər Əliyeviçin çox gözəl aktyorluq istedadı vardı.

R.Ə. – O, ümumiyyətlə, istedadlı insan idi. O çox yaxşı rəssam, aktyor ola bilərdi. Siz onun çıxışlarına diqqət yetirin, bu çıxışlar aktyor sənətinin bütün qanunlarına uyğun şəkildə qurulub. Halbuki o bu sahə üzrə təhsil olmayıb. Bu, fitri qabiliyyətdir.

E.A. – Siz Heydər Əliyeviçin dövründə Bakının baş memarı olmusunuz.

R.Ə. – Mən 1965-ci ildə Bakının baş memarı Vadim Mixayloviç İvanovun yanında işləməyə başladım. 21 il Bakının baş memarı olmuş İvanov istedadlı, SSRİ-də bir nömrəli şəhərsalma mütəxəssisi idi. Öz işinin ustası idi. Ancaq, – xüsusən Xruşşov, onun fikrincə, Stalin dövründə memarlıqda yol verilmiş ifrat bədxərcliyi kəskin tənqid edəndən sonra – sovet dönəmindəki ideoloji məngənə bizi sıxırdı. Və o vaxtdan memarlıqda başlanan bəsitləşdirmə bu simasız mikrorayonların yaranmasına səbəb oldu. Doğrudur, bu mikrorayonlar sosial baxımdan düzgün salınmışdı. Orada uşaq bağçaları, məktəblər və idman meydançaları, mədəni-məişət müəssisələri və yaşıllaşdırılmış həyətlər nəzərdə tutulurdu.

Heydər Əliyeviçin mənə bir memar kimi təsiri, memar kimi mənimlə əməkdaşlığı, əslində, mən institutu bitirəndən sonra başladı. 1959-cu ildə, – mən institutu bitirəndən sonra «Azqosproyekt»də («Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutu) işlədiyim vaxt, – bir gün Heydər Əliyeviç mənə zəng vurdu və axşam onun evinə gəlməyə dəvət etdi. Axşam mən Heydər Əliyeviçin ovaxtkı Şaumyan küçəsində, indiki Azərbaycan prospektində (hal-hazırda bu prospekt Z.Əliyevanın adını daşıyır – E.A.), yerləşən mənzilinə gəldim. Nə etdiyimi, nə ilə məşğul olduğumu soruşmağa başladı. Mən icra etdiyim tapşırıqlar barədə məlumat verdim.

– Naxçıvanda sonuncu dəfə nə vaxt olmusan? – deyə soruşdu.
– 42-ci və ya 43-cü ildə.
– Nə xatırlayırsan?
– Həyətimizi xatırlayıram, armud ağacı yadımdadır.
– Bəs abidələr, Möminə xatun məqbərəsi, Gülüstan, Qarabağlar ... Bunlar barədə bir şey bilirsənmi?
– Az-maz, Azərbaycan memarlığı tarixini keçəndə ədəbiyyatda oxumuşam.
– Heç nə bilmirsən. Şuşada olmusanmı?
– Uşaqlıqda.
– Şuşa qalasını, Xan sarayını xatırlayırsanmı?
– Xeyr, xatırlamıram.
– Bəs Əsgəran qalasını xatırlayırsanmı?
– Xeyr, xatırlamıram.
– Bərdədə olmusanmı?
– Xeyr.

Bərdədəki abidələri sadalamağa başladı.

– Gəncədə nəyi xatırlayırsan?

Beləcə, məni sorğu-suala tutdu, sonra dedi:

– Get, bütün bunlara bax, insan öz qədim mədəniyyətini bilməlidir.
– Axı mənim profilim tamamilə fərqlidir, mən müasir memarlıqla məşğulam və indi birtipli evlərin layihələrini tərtib edirəm. Bir də ki məni o yerlərə kim göndərəcək?
– Sən özün, məsələn, istirahət günlərində gedə bilməzsənmi?
– Vaxt yoxdur.
– Vaxtını dostlarınla və qızlarla keçirirsən. Çimərliklərə getdiyinizi bilirəm. Halbuki mənim dediklərim daha maraqlıdır, həm də təzə şeylər öyrənərsən.

Bir sözlə, söhbətimiz başa çatdı. İki gündən sonra birdən məni direktorumuz (sonradan Prezident sarayının layihəsinin müəllifi olmuş) Tahir Abdullayevin yanına çağırırlar. O mənə deyir:

– Rasimcan, səni ezamiyyətə göndərirəm, sənədləri toplamalısan. Sifariş portfelimiz dolmayıb, planı yerinə yetirə bilmirik.

O vaxt biz təsərrüfat hesabı rejimində işləyirdik və işin həcmi ilə bağlı çox gərgin vəziyyət yaranmışdı.

– Bərdəyə, oradan Stepanakertə, sonra Şuşaya gedərsən, orada məktəb, klub, dördmərtəbəli yaşayış evi var.

İlkin məlumatları toplamaq, torpaq sahəsi ayrılması barədə yerli icra orqanlarının qərarını almaq, tikinti pasportlarını rəsmiləşdirmək lazım idi, sonra direktor özü bu işləri emalatxanalar üzrə paylayacaq.

Direktor sözünə davam etdi: – Şuşadan Gəncəyə, oradan Mingəçevirə, sonra Şəkiyə, Şəkidən Şamaxıya gedərsən, sonra Bakıya qayıdarsan. Daha bir məsələ. Oralarda bizim qədim abidələrimiz var. Qayıdarsan, səni Naxçıvana və Ordubada ezamiyyətə göndərərəm. Orada da obyektlərimiz var. Gedəcəyin yerləri özün seçəcəksən. Get, bunların hamısını lazımınca öyrən. Sonra onlardan istifadə etmək imkanları barədə təkliflərini yazarsan. Həmin təklifləri Dövlət Tikinti Komitəsinə təqdim edəcəyik. Bu, Ənvər İsmayılovun tapşırığıdır.

Ənvər İsmayılov Dövlət Tikinti Komitəsinin sədrinin birinci müavini idi, bir müddət Memarlıq və Planlaşdırma İdarəsinin rəisi vəzifəsində işləmişdi.

E.A. – Siz bu məsələnin haradan qaynaqlandığını başa düşdünüzmü?

R.Ə. – Sonra başa düşdüm. Bu marşrut boyunca hər şeyi gəzdim, materiallar topladım. Çox yerdəki vəziyyət dəhşətli idi! Məsələn, Şuşadakı Xan Sarayında bir sex təşkil edilib, dəzgahlar qurulmuşdu. Güclü vibrasiya səbəbindən bina tədricən dağılırdı...
Toplanan materiallardan əlavə, bütün abidələrə aid fotoşəkillər və qeydlər gətirdim. Tahir Abdullayev Dövlət Tikinti Komitəsinə təqdim edilmək üçün onun imzası ilə xidməti məruzə yazmağı əmr etdi. Üzeyir Hacıbəylidən sonra Elmlər Akademiyasında Memarlıq və İncəsənət İnstitutunun direktoru olan Mikayıl Useynov məni Dövlət Tikinti Komitəsinə çağırdı. Eyni zamanda Azərdövlətlayihə İnstitutunda bizim 1 nömrəli emalatxanaya rəhbərlik edən Mikayıl Useynov həm də Politexnik İnstitutun professoru idi – memarlıq fakültəsi Azərbaycan Sənaye İnstitutundan Politexnik İnstituta verilmişdi. Gördüyüm və düşündüyüm hər şeyi Mikayıl Useynova söylədim...

Heydər Əliyeviçin hələ o vaxt bizim hansı istiqamətdə işləməli olduğumuzu göstərməsini heç vaxt unutmaram. Məsələn, Şəki karvansarayının bərpa edilməsi və təyinatı üzrə istifadə olunması barədə tapşırıq aldıq. Bu tikilinin yaranma tarixini XVII-XVIII əsrlərə aid edirlər, amma mən düşünürəm ki, bu karvansara xeyli əvvəl inşa edilib. Bu həmin dövrün səciyyəvi mehmanxanasıdır. Biz də qərara aldıq ki, karvansaradan məhz hotel kimi istifadə edilməlidir. Mənimlə Giza Salamzadə ad-soyadlı, amma öz aramızda «Avrora» dediyimiz bir memar xanım işləyirdi. Leninqrad Rəssamlıq Akademiyasını bitirən və yeri gəlmişkən, əslən Şəkidən olan Avrora çox istedadlı memar idi. Mən onu dəvət etdim və dedim: «Belə bir iş var, Avrora, gəl ora gedək. Sən işə başla, mən də sənə bacardığım qədər kömək edəcəm». Şəki karvansarasının bərpası və yenilənməsi işləri belə başlandı. Nəticədə gözəl bir hotel alındı və onu «İnturist»in sərəncamına verdilər.
Şuşadakı Xan Sarayında isə diyarşünaslıq muzeyi təşkil edildi. Beləliklə, çox cəhətdən Heydər Əliyevin sayəsində, Azərbaycan xalqının maddi mədəniyyət abidələrinin qorunub saxlanması və yenilənməsi işləri fəallaşdırıldı...

O dövrdə, 1959-cu ildə DTK-da şöbə rəisi olan Heydər Əliyev ucaboy, yaraşıqlı, cazibədar bir gənc idi. Daha sonra ona respublikaya rəhbərlik etmək yükü həvalə edildi, o bunu istəmirdi, özü bu barədə mənə deyirdi.

Heydər Əliyeviç mənimlə daim ünsiyyət saxlayırdı. İndiki Azərbaycan prospektində yerləşən evə köçəndə, məni dəvət etdi, mənzili təmir etmək istədiyini söylədi. Mənimlə məsləhətləşməyə başladı. Öz fikirlərini söylədi, mən bütün bunları planşetlərdə təsvir etdim, ölçmələr apardım, rənglədim. Bu mənzilin ilk interyerini mən tərtib etdim. Lakin onun rəhbərliyi altında.

1965-ci ilin may ayında Əliş Ləmbəranski məni baş memar Vadim Mixayloviç İvanovun müavini vəzifəsinə tövsiyə etdi, çünki əvvəlki müavin geniş infarkt keçirmişdi. Məni əsl şəhərsalma mütəxəssisi edən Vadim Mixayloviç olub.

1965-ci ilin sonunda bir dəfə Heydər Əliyeviç məni evinə dəvət etdi. Oturduq, axşam yeməyi yedik, bir az söhbət etdik, sonra sanki təsadüfən – o, söhbəti belə qurmağı bacarırdı – indi nə ilə məşğul olduğumuzu soruşdu. Mən apardığımız işlər barədə ona danışdım. «Bakının abadlaşdırılmasına dair müharibədən əvvəl, 1937-ci ildə hazırlanmış Baş planla tanışsanmı»? Bu plan professor Lev Aleksandroviç İlyin tərəfindən hazırlanıb. Cavab verdim ki, bu planla tanış deyiləm. «Müharibədən sonra, 1948-ci ildə Aleksandrovun rəhbərliyi ilə hazırlanmış variantla necə, tanışsanmı?» Etiraf etdim ki, bu variantla da tanış deyiləm, çünki cəmi bir neçə aydır orada işləyirəm. «Necə yəni bir neçə ay? Artıq bir ilə yaxındır! Sən nə ilə məşğul olursan?.. Bakı artıq tamamilə fərqlidir, o inkişaf edib, böyüyüb, yəqin ki, bu materiallar artıq köhnəlib, müasir tələblərə cavab vermir. Müharibə çoxdan qurtarıb, Bakı sürətlə inkişaf edir. Onu necə abadlaşdırmaq lazım olduğunu təsəvvür edirsinizmi?» Mən izah etdim ki, biz Bakının planlaşdırma strukturları əsasında çalışırıq. «Paytaxtın ciddi, perspektivli Baş planını hazırlamaq, gələcəyə baxmaq lazımdır, bu barədə fikirləş, axı sən Bakının baş memarının müavinisən, bu çox məsuliyyətli vəzifədir. Amma heç kimə demə ki, bunları sənə mən demişəm».

Ertəsi gün bütün bunlar barədə İvanovla danışdım. Dedim ki, baş plan çoxdan hazırlanıb və müasir tələblərə cavab vermir. İvanov mənə təəccüblə baxdı və dedi: «Rasim Həsənoviç, bəli, bu barədə mən də düşünürəm, mənim fikrimcə, əvvəlcə TİƏ – baş planın texniki-iqtisadi əsaslandırılması, sonra isə baş planın özü işlənib hazırlanmalıdır». İvanov mənə bu məsələ ilə məşğul olmağı tapşırdı və mən arxivlərdə axtarış aparmağa, bütün əvvəlki baş planların materiallarını araşdırmağa başladım. Nəticədə, artıq 1966-cı ildə biz 2005-ci ilə qədər olan dövr üçün Bakının baş planının texniki-iqtisadi əsaslandırılmasını işləyib hazırlamağa başladıq.

Beləliklə, 1965-ci ildə Heydər Əliyeviç bu ideyanı irəli sürdü və artıq 1966-cı ildə biz işə başladıq. SSRİ Mərkəzi Şəhərsalma Elmi-Tədqiqat və Layihə İnstitutunu, Moskva Memarlıq İnstitutunu, Bakı Dövlət Şəhərsalma Layihə İnstitutunu, bizim Politexnik İnstitutunu bu işə cəlb etdik. Materialların toplanması ilə tələbələr məşğul olurdu, məlumat toplanması işinə isə hətta məktəblilər də qoşulurdu – biz onlara müəyyən məlumatlar verirdik, onlar da bu məlumatlar əsasında hər bir evi, hər bir binanı, kanalizasiya kollektorlarını, elektrik yarımstansiyalarını, su kəməri şəbəkəsini – bir sözlə, bütün mühəndislik infrastrukturu təsvir etdilər. Teodor Şarinskinin baş mühəndis olduğu Bakı Dövlət Şəhərsalma Layihə İnstitutu Baş təşkilat kimi təyin edildi. Bizdən müəllif hüququna malik olan nümayəndə əvvəlcə İvanov idi, sonra Hənifə Ələsgərov və mən. Orada əsas ideyalar bizə məxsus idi və Heydər Əliyeviç birinci katib olanda o özü çox maraqlı təkliflər verirdi.

Texniki-iqtisadi əsaslandırma üzərində iş tamamlananda bu barədə Heydər Əliyeviçə məruzə etdim. Orada səkkiz-doqquz cild vardı. Heydər Əliyeviç xahiş etdi ki, onları gətir, baxım. Artıq 1969-cu ilin ortaları idi. Adətən paytaxtların və iri şəhərlərin Baş planlarının texniki-iqtisadi əsaslandırma materiallarına Moskvada, SSRİ Dövlət Tikinti Komitəsində, SSRİ Dövlət Plan Komitəsində, yuxarı səviyyəli başqa orqanlarda baxılır, razılaşdırılır və yalnız bundan sonra həmin materiallar müttəfiq respublikaların təsdiqinə verilirdi. Heydər Əliyeviç dedi: «Bu işi Bakıda müzakirə edəcəyik». Hələ heç vaxt belə şey olmamışdı. Təəccübləndim. Bu addıma görə məsuliyyəti öz üzərinə götürdüyünü dedi və xahiş etdi ki, bu barədə heç kimə heç nə deməyim. Mən də bu barədə ilk dəfə danışıram. Onun tələb etdiyi materialları gətirdim. Onlar üç həftə onun yanında «yatıb qaldı». Sonra Zərifə xanım mənə zəng vurdu və məni evlərinə dəvət etdi. «Heydər Əliyeviç tapşırdı ki, sən bu materialları götürəsən», – dedi.

Avqust Plenumundan sonra o, Kirov adına Siyasi Maarif Evində Bakının Baş Planının texniki-iqtisadi əsaslandırmasının müzakirəsini təyin etdi. SSRİ Dövlət Mülki Tikinti Komitəsinin sədri Gennadi Niloviç Fomin, ittifaq nazirləri, bizim bir çox rəhbər işçilər bu tədbirə dəvət olunur. Məruzə üçün o vaxt Bakının baş memarı olan Hənifə Ələsgərova söz verilir. Şarinski həmməruzəçi kimi çıxış etdi. Böyük stendlərdə müzakirə mövzusuna aid materiallar, Abşeron və Bakı ilə bağlı plakatlar və planşetlər yerləşdirilib. Moskvadan dəvət olunmuş ekspertlər də çıxış etdilər. Onlar bu tədbirdən əvvəl gəlmişdilər, buna görə işdən xəbərdar idilər. Sonda Heydər Əliyeviç çıxış etdi. Bu onun birinci katib kimi, memarlıq mövzusunda ilk açıq çıxışı idi. Hamı heyrətə gəldi. Nöqsanları tənqid etdi: bizim yalnız iripanelli beşmərtəbəli «xruşşovka»lar tikməyimizə icazə verilirdi. O isə Lenin meydanının abadlaşdırılması, çoxmərtəbəli binalar tikilməsi problemlərini qaldırdı, çünki, dedi, torpağımız azdır, Bakının, necə deyərlər, əl-qolu buxovlanıb. Kütləvi şəkildə doqquzmərtəbəli yaşayış evləri tikilməsi üçün icazə almaq lazımdır.

Bütün bunlardan sonra Heydər Əliyeviç məni Moskvaya, Fominin yanına ezamiyyətə göndərir və tapşırır: «Sən mənə Moskvanın icazəsini gətirməlisən». Mən ona doqquzmərtəbəli binaların tikilməsinə SSRİ Dövlət Tikinti Komitəsinin icazəsini gətirdim. İlk karkas-daş doqquzmərtəbəli yaşayış evləri Mikayıl Useynovun layihələri əsasında Lenin meydanında tikilmişdi. Heydər Əliyev sonralar təəssüflənirdi: həmişə heyran olduğu gözəl Hökumət Evinin fonunda bu cür simasız binalar tikmək olardımı! Bünövrəsi daha əvvəl qoyulan, lakin sonra tikintisi dayandırılan Lenin sarayı da, «Azərbaycan» mehmanxanası da onun dövründə tikilib.

E.A. – Bəs mikrorayonlar, bəs Əhmədli qəsəbəsi? Bunlar hansı illərdə tikilib?

R.Ə. – Bunlar hamısı onun dövründə, 70-ci illərdə tikilib. Bütün işlər texniki-iqtisadi əsaslandırma qaydalarına uyğun aparılıb. Heydər Əliyeviç deyirdi: «Torpaqdan belə israfçılıqla istifadə etmək olmaz. Doqquzmərtəbəli binalar tikəcəyik».

E.A. – O vaxt memarlıqda milli ənənələr haqqında danışırdımı?

R.Ə. – Baş memar kimi şəxsən mənimlə milli ənənələr haqqında danışırdı. Deyirdi ki, milli memarlıq elementlərindən istifadə etmək lazımdır. Bunlar hamısı onun ideyaları idi. Deyirdi ki, müasir evlər tikmək lazımdır, bu evlərdə milli özəllik, ənənələr, milli memarlığın varisliyi hiss edilməlidir. Mən qonaq evi tikəndə məmnun oldu, müəllifin Lenin mükafatına namizədliyini irəli sürəcəyini vəd etdi. Heydər Əliyeviç bu obyekti şəxsən nəzarətdə saxlayırdı. Mənim layihələndirdiyim, üzüm meynəsi şəklində çilçıraq Avstriyanın Ştayr şəhərində Edvin Braun və Riçard Hauptun zavodlarında istehsal edilib. O vaxt özüm oraya getdim, boyanın içinə bəzi duzlar əlavə etdim və yarpaqların mən istəyən rənglər almasına nail oldum. Bu Venesiya şüşəsi çox bahalı şeydir. Mərkəzi vestibülün tavanındakı ulduzu səkkizguşəli şəkildə düzəltməyimi Heydər Əliyev özü tövsiyə etdi, halbuki mən həmin ulduzun altıguşəli olmasını nəzərdə tutmuşdum, bu variantı ornamentə uyğunlaşdırmaq daha asan idi... O dedi: «Səkkizguşəli, əlbəttə ki, mürəkkəb olacaq, amma məgər sən bu mürəkkəblikdən qorxursan? Səkkizguşəli düzəlt». Ancaq o vaxt bu istəyinin səbəbini demədi. Onun nə üçün səkkizguşəli ulduz istəməsini sonradan başa düşdüm.

E.A. – Moskvada bizim daimi nümayəndəliyin binası da Heydər Əliyeviçin vaxtında tikilib?

R.Ə.– Moskvada bizim daimi nümayəndəliyin binası da Heydər Əliyeviçin vaxtında tikilib. Bu binanın tikintisi başlananda Birinci katib vəzifəsində işləyirdi, Brejnevdən və Kosıgindən icazə aldı. Bizimkilər üç il idi ki, bu layihənin həyata keçirilməsinə Moskvanın baş memarı Posoxinin və Moskva Şəhər Sovetinin sədri Promıslovun razılığını ala bilmirdilər. Onlar isveçli memar Yurxensonun işi olan, memarlıq abidəsi sayılan üçmərtəbəli binanı sökməyə icazə vermirdilər. Kommunal mənzillərdən ibarət olan bu binada taxtabiti əlindən tərpənmək mümkün deyildi. Heydər Əliyeviç bu məsələnin həllini mənə tapşırdı: get, bu düyünü kəs. Daimi nümayəndəliyin binası Heydər Əliyeviç Moskvaya gedənə qədər tikilmişdi, daxili bəzək işləri isə o artıq Moskvada olduğu zaman aparıldı. Və burada Kamran Bağırov bizi çox incitdi.

E.A. – Bəs bu bina tikiləndən əvvəl Heydər Əliyeviç harada işləyirdi?

R.Ə. – Daimi nümayəndəliyin köhnə binasında Heydər Əliyeviçin iş kabineti vardı, bir kabineti də Mərkəzi Komitədə idi. Köhnə bina Stanislavski küçəsi, 16 ünvanında küncdə yerləşən mavi-yaşıl-ağ rəngli ikimərtəbəli bir bina idi. Həyətdə birotaqlı nömrələrdən ibarət altımərtəbəli qonaq evi tikilmişdi. Sonradan Nizaminin heykəli qoyulan bağça və Stankeviç, 17-də, Ukrayna Səfirliyinin yaxınlığında yerləşən bina isə onun dövründə yenidən quruldu. O vaxt Moskva Memarlarının Ağsaqqallar Şurasının sədri olan akademik Yakov Borisoviç Belopolski mənim qarşımda belə bir məsələ qoydu: «Fasadı qoruyub saxlaya bilsən (Stankeviç küçəsindəki binadan söhbət gedirdi), icazə sənədini imzalayacam». Mən fasadı saxladım, memarlıq baxımından heç bir pozuntuya yol vermədən köhnə və yeni binanı bağlayan bir qanad əlavə etdim. Orada Heydər Əliyeviçin arzuladığı hər şey vardı – zal da, restoran da. Lakin bəzək işləri başlananda Heydər Əliyeviç Moskvaya işə getdi və Kamran Bağırov işə müdaxilə etməyə, onun fikrincə bahalı olan materialları azaltmağa başladı. Nəticədə Heydər Əliyeviçin planı tam həyata keçirilmədi.

Seçilən
18
1
kulis.az

2Mənbələr