Nyu-Yorkun 34 yaşlı meri Zoxran Mamdanidir ermənilərin ağlaşma günü ilə bağlı elədiyi paylaşım Azərbaycanda haqlı hiddət doğurdu. Eyni zamanda, “açıq səmada şimşək” effekti yaratdı. Çünki bu şəxs özü haqda müsəlman dünyasında müəyyən pozitiv rəy yarada bilmişdi.
Təxribatçı sitatı yada salaq: “Bu gün “erməni soyqırımının” (dırnaqlar bizimdir – red.) 111-ci ildönümüdür. Osmanlı İmperiyası tərəfindən indiki Türkiyə, Suriya və Ermənistan ərazisində qətlə yetirilən 1,5 milyon (?! – red.) erməninin xatirəsini yad edərkən, tarixin təkrarlanmasının qarşısını almalıyıq. 2020-ci ildə Azərbaycan və Türkiyə qüvvələri Dağlıq Qarabağın erməni əhalisinə hücum etdi (?! – red.). 2023-cü ildə Azərbaycan 100 mindən çox ermənini Dağlıq Qarabağdan qovdu və 100 ildən çox əvvəl başlayan soyqırımı kampaniyasını davam etdirdi. Bu anım günündə biz erməni xalqının azadlıq, təhlükəsizlik və öz müqəddəratını təyin etmək hüququnu bir daha təsdiqləyirik”.
Azərbaycan və Türkiyənin guya “Dağlıq Qarabağ əhalisinə” qarşı birgə hücum etməsi barədə şər-böhtan öz yerində, açıqca görünür ki, bu adamın nə münaqişənin tarixindən, nə də beynəlxalq hüquqdan xəbəri var. Ondan da xəbəri yox ki, Qarabağda 44+1 günlük savaş zamanı bir mülki erməninin belə burnu qanamayıb. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq, heç vaxt mülki əhali ilə vuruşmayıb. Bölgədəki əhali də könüllü şəkildə çıxıb gedib.
Başqa yandan, Nyu-York meri görəsən niyə yalnız ermənilərin dərdini çəkir, öz yurdlarından vəhşicəsinə qovulmuş azərbaycanlı keçmiş məcburi köçkünlər və qaçqınlar haqda bir kəlmə demir, onların öz müqəddəratını təyinetmə haqqından danışmır?
Bəllidir ki, Nyu-York meri Demokratlar Partiyasının üzvüdür. ABŞ “demokratları” isə ənənəvi olar erməni lobbisinə yaxındır, erməni yalanlarını təbliğ edirlər. Təsadüfi deyil ki, saxta “genosidi” rəsmən tanıyan yeganə prezident Co Bayden olub. Yəni, korrupsiya, pul-rüşvət iyi...
Artıq Azərbaycan XİN-i məsələyə adekvat reaksiya verib. Meri haqlı olaraq, tarixi faktları və reallıqları saxtalaşdırmaqda, Azərbaycanın qanuni hüquqlarını görməzdən gəlməkdə sərt şəkildə qınayıb. Həmçinin, Mamdanidən bədnam paylaşımı dərhal silməyi tələb edib.
Siləcəkmi? İstənilən halda, bu, nəyin siqnalıdır? ABŞ-də demokratlar hakimiyyətə qayıtsa, Bakı və İrəvan arasında sülh və barışıq prosesini geri döndərməyəmi çalışacaqlar? Qarabağdan könüllü köç eləmiş ermənilər üzərindən buna cəhdlər oluna bilərmi? Nə vaxtsa Rusiyanın da bu “xora” qoşulması mümkündürmü?

Politoloq Zaur Məmmədovun sözlərinə görə, Nyu - York meri Mamdani sərsəmləyib: “Siyasi liderlər üçün belə həssas mövzular haqqında çıxışlar onlardan məsuliyyət tələb edir. Nyu - Yorkun gündəlik çağırışları ilə məşğul olmalı şəxs, görünən odur ki, prezidentliyə hazırlaşır və mütəmadi olaraq xarici siyasətlə bağlı bəyanatlar verməkdədir. O da məlumdur ki, Nyu-York kimi şəhərlərdə güclü diaspora qruplarının təsiri var. Bu kontekstdə ABŞ erməni diaspora təşkilatları, ABŞ-da erməni məsələsinin tanıdılması və siyasi gündəmdə saxlanılması üçün aktiv işləyir”. Ekspertin fikrincə, Mamdani nümunəsi göstərir ki, müasir siyasətdə populizm yalnız milli səviyyədə deyil, lokal idarəetmədə də güclənir, tarixi və geosiyasi məsələlər isə bu populizmin alətinə çevrilir.

Siyasi ekspert Ramiyə Məmmədova isə Qarabağdan gedən ermənilərlə bağlı anti-Azərbaycan təbliğatın gücləndiyini müşahidə edir. Bu prosesin arxasında erməni lobbisinin dayandığını deyən təhlilçi hesab edir ki, Azərbaycan növbəti qərəzli və çirkin kampaniyalara hazır olmalıdır: "Qarabağ mövzusunda onların deyəcəyi söz qalmayıb. Ona görə də yeganə tutduqları istiqamət " etnik təmizləmə" ittihamı irəli sürməkdir. Biz bilməliyik ki, onlar illərlə bu mövzunu saqqız kimi uzadacaqlar. Halbuki dünya ictimaiyyəti Qarabağdan ermənilərin necə getdiyini xatırlayır. Sadəcə, Mamdani və onu kimi ələ alınmış qüvvələr ləkələmə kampaniyasını körükləyirlər. Sualınıza cavab olaraq deyə bilərəm ki, bəli, Rusiyadan, Fransadan bu "xor"a qoşulanlar ola bilər. Nəzərə alaq ki, Avropa Parlamenti, Avropa Şurası, Benilüks ölkələri də Mamdanidən geri qalmırlar".
Emil Salamoğlu
Musavat.com