AZ

Urbanizasiya və iqlim böhranı şəraitində vərəmlə mübarizədə yeni strategiyalar formalaşır

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı urbanizasiya, iqlim dəyişiklikləri və ictimai sağlamlıq arasında əlaqəni, xüsusilə də vərəm xəstəliyinin yayılmasına təsir edən yeni riskləri və bu risklərə qarşı cavab mexanizmləri ilə bağlı açıqlama verib.

QHT.az açıqlamanı təqdim edir:

"World Urban Forum (WUF) 2026 çərçivəsində “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin analizi: İqlim dəyişiklikləri, urban risklər və vərəm – yeni çağırışlar və cavab mexanizmləri

Müasir dünyanın qarşısında dayanan ən mürəkkəb problemlərdən biri urbanizasiya, iqlim dəyişiklikləri və ictimai sağlamlıq təhlükələrinin eyni vaxtda dərinləşməsidir.
Sürətlə böyüyən şəhərlər bir tərəfdən iqtisadi imkanların mərkəzinə çevrilsə də, digər tərəfdən yoluxucu xəstəliklərin yayılması üçün daha həssas mühit formalaşdırır.
Xüsusilə vərəm kimi hava-damcı yolu ilə yayılan xəstəliklər urban sıxlıq, qeyri-kafi mənzil şəraiti və ekoloji gərginlik fonunda daha təhlükəli xarakter alır.

Dünya Səhiyyə Təşkilatı şəhərləri artıq yalnız sosial inkişaf məkanı deyil, həm də yoluxucu xəstəliklərin üçqat risk zonasına daxil olan sağlamlıq platforması kimi qiymətləndirir. 
2026-cı ildə Bakıda keçiriləcək World Urban Forum 13 məhz təhlükəsiz və dayanıqlı şəhər icmalarının qurulmasını qlobal prioritet kimi önə çıxarır.
Forumun əsas tezislərində iqlim təsirlərinə davamlı mənzil infrastrukturu, urban yoxsulluğun azaldılması və səhiyyə risklərinə qarşı inteqrə olunmuş cavab mexanizmləri xüsusi yer tutur.Bu isə göstərir ki, gələcəyin şəhər siyasəti yalnız tikinti və nəqliyyatla məhdudlaşmır, insan sağlamlığının qorunmasını da mərkəzə gətirir.

Belə bir beynəlxalq gündəmdə vərəmlə mübarizə aparan vətəndaş cəmiyyəti institutlarının analitik baxışı olduqca vacib görünür. 
“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi hesab edir ki, iqlim dəyişiklikləri vərəm epidemiologiyasına dolayı, lakin güclü təsir göstərən amillərdən birinə çevrilməkdədir.
İlk baxışda iqlim böhranı ilə vərəm arasında birbaşa əlaqə görünməsə də, reallıqda temperatur artımı, hava çirklənməsi, tozlanma, məcburi miqrasiya və yaşayış sıxlığının yüksəlməsi immun zəifləməni və yoluxma riskini artırır.
Xüsusilə isti hava dalğaları zamanı qapalı və havalandırılmayan məkanlarda insanların daha uzun müddət qalması respirator infeksiyaların ötürülməsini sürətləndirir.
Bu proses şəhər yoxsulluğu ilə birləşdikdə vərəmin latent formadan aktiv formaya keçmə ehtimalı yüksəlir.

Urban risklərin digər mühüm tərəfi qeyri-rəsmi yaşayış məntəqələrinin genişlənməsidir.
Mənzil çatışmazlığı, kommunal problemlər və gigiyenik infrastrukturun zəifliyi aşağı gəlirli ailələri dar və havasız mühitdə yaşamağa məcbur edir.
Belə şəraitdə bir nəfərin yoluxması qısa müddətdə ailədaxili və məhəlləvi yayılma zəncirinə çevrilə bilir.Beynəlxalq urban forumların da vurğuladığı kimi, dayanıqlı şəhər anlayışı ilk növbədə sağlam yaşayış mühitinin təminindən başlayır. 
İqlim dəyişikliklərinin yaratdığı təbii fəlakətlər və sosial dislokasiya da vərəmlə mübarizədə yeni çətinliklər yaradır. Sel, quraqlıq, ekstremal istilər və iqtisadi itkilər nəticəsində insanlar yaşayış yerlərini dəyişir, səhiyyə xidmətlərinə çıxış pozulur və müalicə davamlılığı kəsilir. Müalicənin yarımçıq qalması isə dərmana davamlı vərəm hallarının artmasına gətirib çıxaran ən təhlükəli faktorlardandır. Bu səbəbdən iqlim adaptasiyası strategiyaları səhiyyə planlamasından ayrı düşünülməməlidir. 

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin təhlilinə görə, urban səhiyyə siyasətində artıq klassik pasiyent-müalicə modelindən daha geniş yanaşmaya keçid zəruridir.
Yeni modeldə xəstəliyin yalnız tibbi diaqnostikası deyil, yaşayış sahəsinin keyfiyyəti, havalandırma imkanları, sosial təminat vəziyyəti və ətraf mühit faktorları da risk xəritəsinə daxil edilməlidir.Yəni vərəm pasiyenti sadəcə klinik göstərici deyil, urban həyatın içində yerləşən çoxqatlı sosial göstəricidir.Bu baxış səhiyyə ilə şəhərsalma siyasətinin ilk dəfə eyni masada müzakirəsini tələb edir.
Birliyin təklif etdiyi cavab mexanizmlərindən biri urban həssas zonaların xəritələşdirilməsidir.Sıx məskunlaşmış, aşağı sanitariya göstəricili və sosial riskli məhəllələr üzrə xüsusi monitorinq sistemi qurulmalıdır.
Bu zonalarda mobil skrininq, respirator maarifləndirmə və erkən aşkarlama proqramları davamlı xarakter almalıdır.Beləliklə xəstəlik xəstəxanaya müraciət mərhələsində deyil, yaşayış mühitində aşkarlanmış olur.
İkinci mühüm mexanizm iqlimə dayanıqlı səhiyyə xidmətlərinin formalaşdırılmasıdır.
Ekstremal hava şəraiti, nəqliyyat pozuntuları və fövqəladə urban hallarda pasiyentlərin dərman təminatı kəsilməməlidir.Bunun üçün rəqəmsal izləmə, teleməsləhət, ehtiyat dərman nöqtələri və icma könüllüləri ilə əlaqəli çevik sistem qurulmalıdır.
Şəhər sağlamlığının dayanıqlığı məhz böhran zamanı xidmətin dayanmayacağına verilən təminatla ölçülür.
Üçüncü istiqamət urban planlaşdırmada ictimai sağlamlıq indikatorlarının rəsmi meyara çevrilməsidir.Yeni yaşayış massivləri, sosial binalar və müvəqqəti məskunlaşma zonaları layihələndirilərkən havalandırma, günəş işığı, sıxlıq norması və ilkin səhiyyə çıxışı nəzərə alınmalıdır.
Əks halda şəhər böyüdükcə epidemioloji risk də böyüyür.
Sağlam şəhər yalnız estetik şəhər deyil, xəstəliklərin yayılmasını minimuma endirən funksional yaşayış sistemidir.
World Urban Forum 13 fonunda bu yanaşmalar vətəndaş cəmiyyətinin qlobal urban dialoqa verə biləcəyi praktik töhfələr kimi qiymətləndirilə bilər.
“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi hesab edir ki, gələcəyin vərəmlə mübarizəsi təkcə laboratoriyada deyil, küçədə, binada, məhəllədə və iqlim siyasətində aparılmalıdır.
Çünki urban risklərin dəyişdiyi bir dövrdə köhnə səhiyyə reaksiyaları artıq yetərli olmur.
Yeni çağırışlara cavab isə səhiyyə, ekologiya və şəhər idarəçiliyinin ortaq platformada birləşməsindən keçir".

Fatimə Nəbiyeva

Seçilən
33
qht.az

1Mənbələr