AZ

Kamal Abdulla və Rafiq Əliyevin üç kitabının təqdimatı və müzakirəsi keçirildi

Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Ankara Universiteti mühüm elmi-mədəni hadisəyə ev sahibliyi edib.

Kulis.az xəbər verir ki, Azərbaycanın görkəmli elm xadimləri – Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq”, “Qeyri-səlis məntiq və dil-nitq”, eləcə də azərbaycanlı alimlərin Türkiyənin sabiq təhsil naziri, professor Ziya Selcuk ilə birgə qələmə aldıqları “Uşaqlar üçün qeyri-səlis məntiq” kitablarının təqdimatı və müzakirəsi keçirilib.

Universitet rəhbərliyinin, elmi ictimaiyyət nümayəndələrinin, müxtəlif universitetlərin alim və tələbələrinin iştirak etdiyi tədbiri Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar açaraq təqdimatı keçirilən kitabların müasir elmi düşüncədə oynadığı mühüm roldan danışıb. Qeyd olunub ki, humanitar və dəqiq elmlərin sintezindən doğan bu fundamental araşdırmalar yalnız akademik mühit üçün deyil, həm də gələcək texnoloji və intellektual inkişaf üçün mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev təqdim olunan nəşrlərin elmi ictimaiyyət və ziyalılar tərəfindən böyük maraqla qarşılandığını bildirib. “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” əsərində qədim türk eposunun semantik strukturu qeyri-səlis məntiq prizmasından təhlil edilir. “Qeyri-səlis məntiq və dil-nitq” kitabında dilin dinamik və elastik təbiəti, mənanın kontekstdən asılı olaraq dəyişməsi kimi məsələlər elmi əsaslarla araşdırılır. “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabında isə elmi biliklərin sadə və anlaşıqlı şəkildə təqdim olunması gənc nəslin məntiqi və analitik düşüncə qabiliyyətinin inkişafına töhfə verir.

Qeyd olunub ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının “Springer” kimi nüfuzlu beynəlxalq nəşriyyatda çap olunması onun elmi dəyərinin göstəricisidir və Azərbaycan elminin qlobal miqyasda tanınmasına mühüm töhfə verir. Təqdim olunan əsərlər türk, alman və ingilis dillərinə tərcümə olunaraq beynəlxalq elmi ictimaiyyətə təqdim edilib, kitabların digər dillərə tərcüməsi davam edir və yaxın zamanda Özbəkistanda da nəşri planlaşdırılır.

Daha sonra tədbir iştirakçıları qarşısında çıxış edən müəlliflər təqdim olunan əsərlərin yaranma ideyası, metodoloji əsasları və elmi yeniliklərindən danışıblar. Müəlliflər iştirakçıların suallarını cavablandırıb, geniş fikir mübadiləsi aparılıb. Diskussiya zamanı bu tədqiqatların yalnız nəzəri deyil, həm də praktiki sahələr – xüsusilə süni intellekt, təbii dil emalı və koqnitiv elmlər üçün əhəmiyyətli olduğu vurğulanıb. Bildirilib ki, bu təqdimatlar elmi fikir mübadiləsi baxımından məhsuldar olmaqla yanaşı, Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın uğurlu nümunəsidir.

Təqdimat və müzakirə mərasiminin sonunda kitabların imzalanma mərasimi keçirilib.

Qeyd edək ki, Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev son illər qeyri-səlis məntiq nəzəriyyəsinin daha da dərinliklərinə enərək, bu nəzəriyyəni Azərbaycan ədəbi və elmi sahələrinə uğurla tətbiq edirlər. Onlar dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsini Dədə Qorqud boylarına tətbiq etməklə diqqətəlayiq nəticələr əldə etmiş, hər iki alimin birgə yazdıqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Azərbaycan (üç dəfə), Almaniya və Türkiyədə çap olunaraq, oxucular tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

Akademik Kamal Abdulla və professor Rafiq Əliyevin qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən ikinci nəşri – “Qeyri-səlis məntiq və dil-nitq” adlı kitabında qeyri-səlis məntiq nəzəriyyəsini dilçilikdə yeni bir istiqamət kimi təqdim edən müəlliflər bu nəzəriyyənin dilin təbii çoxmənalılığı və qeyri-xətti xüsusiyyətlərini necə izah etdiyini əhatəli şəkildə təhlil edirlər. Bu yanaşma həm dilçilik, həm də informasiya nəzəriyyəsi sahələrində yeni perspektivlərə yol açır, gələcək tədqiqatlar üçün zəmin yaradır.

Akademik Kamal Abdulla, professor Rafiq Əliyev və Türkiyənin tanınmış təhsil və elm xadimi Ziya Səlcuqun həmmüəllif olduğu “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı isə yalnız elmi biliklərin sadələşdirilmiş təqdimatı ilə kifayətlənmir, eyni zamanda erkən yaşlardan analitik, yaradıcı təfəkkürün formalaşdırılmasını hədəfləyir. Müəlliflər uşaqlara dünyanı yalnız sərt kateqoriyalar çərçivəsində deyil, çoxmənalı və dinamik proses kimi dərk etməyin yollarını göstərirlər.

Frida Kahlonun əsərlərinin İspaniyaya aparılması Meksikada etirazlara səbəb oldu

ƏSA Teatrının hazırladığı “Paris Notr-Dam” tamaşası nümayiş edildi

Vado Korovin vəzifəsindən azad edildi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
4
kulis.az

6Mənbələr