AZ

Ağcabədidə faciə - 2 kişi QƏTLƏ YETİRİLDİ

Ağcabədi rayonunda baş verən qanlı hadisə cəmiyyətdə ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, aprelin 26-da rayonun Yuxarı Qiyaməddinli kəndində iki nəfərin amansızlıqla qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalar zamanı məlum olub ki, kənd sakinləri – 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedov bıçaq xəsarətləri nəticəsində həyatlarını itiriblər. İlkin ehtimallara görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ tədbirlər nəticəsində 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin hər iki şəxsi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Bildirilir ki, o, mübahisə zəminində tərəflərə çoxsaylı bıçaq zərbələri endirib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (iki və ya daha çox şəxsin qəsdən öldürülməsi) ilə cinayət işi başlanıb. Əliniyaz Əliyev şübhəli şəxs qismində saxlanılıb və artıq istintaqa cəlb olunub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Hadisənin bütün təfərrüatlarının, o cümlədən qətlin motivlərinin tam şəkildə müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
62
musavat.com

1Mənbələr