Ukrayna və Norveç Ukraynanın "mid-strike" pilotsuz uçuş aparatlarının birgə istehsalına başlayacaq.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında bildirilib.
Müvafiq sazişi Kiyevdə Norveçin Ukraynadakı səfiri Lars Raqnar Aalerud Hansen və Ukrayna müdafiə nazirinin müavini Sergey Boyev imzalayıblar.
Məlumata görə, Norveç ərazisində bir neçə min ədəd "mid-strike" dronunun istehsalı planlaşdırılır.
Layihə Norveç tərəfindən 2026-cı ildə Ukraynaya əvvəlcədən nəzərdə tutulmuş 7 milyard dollarlıq müdafiə dəstəyinə əlavə olaraq yönəldilən vəsait hesabına maliyyələşdiriləcək.
"Saziş döyüş meydanında öz effektivliyini artıq sübut etmiş Ukrayna texnologiyalarının istehsalının genişləndirilməsi və hər iki ölkənin müdafiə imkanlarının gücləndirilməsinə imkan yaradır", - məlumatda qeyd edilib.
Layihə çərçivəsində Norveç ərazisində istehsal olunan ilk pilotsuz sistemlərin bu ilin yayına qədər Ukraynaya təhvil veriləcəyi gözlənilir.
Qurumun məlumatına görə, 2026-cı ildə Norveç Ukrayna Müdafiə Qüvvələrinin ehtiyacları üçün Ukrayna istehsalı olan silahların alınmasına 1,5 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır.