
FİFA 2026-cı il Dünya Kuboku üçün mükafat fondunu və iştirak haqqını artırmaq barədə razılıq verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, genişləndirilmiş maliyyələşdirmənin təfərrüatları bu həftə Kanadanın Vankuver şəhərində keçiriləcək FİFA Şurasının iclasında təsdiqlənəcək.
FİFA bunun bir sıra milli assosiasiyalar tərəfindən bildirilən narahatlıqlara cavab olduğunu bildirib. Bu narahatlıqlar, xüsusən də bəzi oyunların keçiriləcəyi ABŞ-də uçuşlar, əməliyyatlar və vergilər üçün yüksək xərclərin, hətta komandaları yaxşı çıxış edib yarışın sonrakı mərhələlərinə çıxsalar belə, assosiasiyalar üçün maliyyə itkilərinə səbəb olacağı ilə bağlıdır.
2025-ci ilin dekabr ayında FİFA Dünya Kuboku üçün rekord məbləğdə 727 milyon dollar mükafat fondu elan edib. İlkin plana əsasən, iştirakçı 48 komandanın hər biri minimum 10,5 milyon dollar, qalib komanda isə 50 milyon dollar alacaq. Lakin son həftələrdə bir neçə milli futbol assosiasiyası ilə məsləhətləşmələrdən sonra bu fond daha da artırılacaq.