Analıq məzuniyyətindən sonra işə qayıdan qadınların əmək hüquqları cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan biri olaraq qalır. Xüsusilə, son dövrlərdə bəzi müəssisələrdə ixtisarların artması fonunda bu kateqoriyadan olan işçilərin iş yerlərini itirmə ehtimalı narahatlıq doğurur. Qanunvericiliyin bu məsələyə necə yanaşdığı isə suallar doğurur.
Bəs analıq məzuniyyətindən qayıdan qadın ixtisara düşə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatlar ixtisar olunarkən əsas meyar əməkdaşın peşəkarlıq səviyyəsi, ixtisası və əmək funksiyalarını yerinə yetirmə bacarığıdır.

Onun sözlərinə görə, işəgötürən ixtisar zamanı bu göstəriciləri mütləq nəzərə almalıdır.
“Əgər işçilərin peşəkarlıq səviyyələri eyni olarsa, bu zaman qanunvericilik müəyyən sosial kateqoriyalara üstünlük verilməsini tələb edir. Bu kateqoriyalara şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, hərbi qulluqçuların həyat yoldaşları, həmçinin himayəsində 2 yaşdan 16 yaşadək uşağı olan şəxslər, qaçqın və məcburi köçkünlər daxildir”.
Ramil Süleymanov vurğulayıb ki, analıq məzuniyyətindən qayıdan qadınların ixtisara salınması məsələsi də məhz bu ümumi qaydalar çərçivəsində qiymətləndirilir.
“Yəni belə şəxslər avtomatik olaraq ixtisardan tam sığortalanmır, lakin onların sosial statusu və himayəsində azyaşlı uşaqların olması müəyyən hallarda üstünlük yaradacaq.
İşəgötürən ixtisar prosesini həyata keçirərkən qanunvericiliyin bütün tələblərinə əməl etməli, işçilər arasında ayrı-seçkiliyə yol verməməlidir. Əks halda, işçi məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edə bilər”.
Aynurə İsmayıl
KONKRET.az