AZ

“Uzanan ömrüdü şair dünyanın”, yaxud uşaq təbəssümü

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2026-cı il aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax bölməsinin sədri, şair-publisist, Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyi münasibətilə “Uzanan ömrüdü şair dünyanın” adlı ədəbi-bədii gecə keçirilib.

525.az xəbər verir ki, 75 yaşına çatsa da, əslində səhnədə aparıcı Əkbər Qoşalının yanında sanki üzü təbəssüm dolu bir uşaq əyləşmişdi. Ona baxdıqca adamın yadına yubilyarın bir vaxtlar yazdığı bu misralar düşürdü: “Bu qoca Baratla şeir yazıram, o uşaq Baratı qorumaq üçün!”

75 yaş vermək olmazdı bu şairə, qəlbində uşaqlığını qoruyub saxladığına görə.

Ona görə gülümsər görünürdü ki, uşaq təbiəti, uşaq təbəssümü hələ də baxışlarında idi.

Yubiley mərasimi şairin yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başladı. 96 yaşlı Xalq şairi Nəriman Həsənzadənin təbriki hamını təsirləndirdi.

Giriş sözü söyləyən AYB-nin sədr müavini Rəşad Məcid bildirib ki, Barat Vüsal bu gün Azərbaycanın görkəmli şairlərindən biridir. Anar müəllimin təbirincə desək, onun şairliyi öz yerində... bizi razı salan məsələlərdən biri də Barat Vüsalın uzun illərdir yazıçıların Qazax bölməsinə layiqincə rəhbərlik etməsidir. Şairin həm şair, həm bölmə rəhbəri kimi fəaliyyətini, yaradıcılığını yüksək qiymətləndirən Rəşad Məcid ona Azərbaycan Yazıçılar Birliyinin xüsusi diplomunu təqdim edib.

Milli Məclisin üzvü Səməd Seyidov şairin yaradıcılığının çoxşaxəli olduğunu vurğulayıb, özünün də, sözünun də təsir gücündən danışıb. Ondan təkcə görkəmli şair kimi yox, tanınmış ictimai xadim kimi söz açıb.

Tədbir iştirakçılarına Barat Vüsalın “Şuşanı alan oğullar” şeirinə gənc bəstəkar-müğənni Arif Mehmandostun təzəcə bəstələdiyi mahnı təqdim olunub. Mahnı hamıya xoş təsir bağışlayıb.

Görkəmli söz və sənət adamları Məhərrəm Qasımlı, Rüstəm Kamal, Əsəd Cahangir, Məti Osmanoğlu və Qazax XİB-nin sədri, professor İlham Pirməmmədov şairin yaradıcılığına xalqımızın və dövlətimizin yüksək qiymətindən söhbət açıblar. İlham Pirməmmədov yubilyarı Səməd Vurğunun adını daşıyan xüsusi diplomla təltif edib.

Aşıqlardan Avdı Musayev, Şaiq İncəli, Cahangir Gədəbəyli, İlqar Qələmçili və Şahin Süleymanovun ifasında şairdən şeirlər səsləndirilib.

AYB-nin Poeziya sektorunun rəhbəri, şair İbrahim İlyaslı şairə həsr etdiyi şeiri oxuyub.

Gənc Tamaşaçılar Teatrının aktyoru Kərəm Hadıyev, şeirsevərlərdən Ayna Səs, Səbinə Yusif və şairin nəvəsi Aymən Əsədzadə şairdən şeirlər deyiblər.

Sonda yubilyar bu tədbirin baş tutmasında yüksək qayğı və diqqətə görə Prezident Administrasiyasına, Mədəniyyət Nazirliyinə, AYB rəhbərliyinə, Qazax XİB-nə və əməyi keçən hər kəsə təşəkkürünü bildirib, maraqlı fikirlərini bölüşməklə yanaşı, öz şeirlərindən yeni nümunələr oxuyub.

Yubiley başa çatanda 75 yaşlı qoca şair də tədbirin keçirildiyi zalı məmnunluqla tərk edənlər kimi tərk edib.

Üzündə hələ də uşaq təbəssümü vardı...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
525.az

1Mənbələr