AZ

Bakıda piyada ölümlərinin ACI STATİSTİKASI - 3 ayda...

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yol hərəkəti iştirakçılarına ünvanladığı son müraciət paytaxtda artan piyada ölümü ilə nəticələnən qəza statistikasını bir daha gündəmə gətirib.

Musavat.com-a daxil olan müraciətdə qeyd olunur ki, Heydər Əliyev prospektində – “Koroğlu” metro stansiyasının yaxınlığında baş verən son qəza zamanı piyada həyatını itirib. Hadisənin müşahidə kameraları tərəfindən qeydə alınması isə 12 zolaqlı yolun keçilməsinin yaratdığı real təhlükəni açıq şəkildə ortaya qoyub.
Piyada

NİİM-in yaydığı məlumata əsasən, 2026-cı ilin ilk 3 ayı ərzində Bakıda qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyadaların vurulması ilə bağlı olub. Bu hadisələr nəticəsində 21 piyada həyatını itirib, 24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rəqəmlər göstərir ki, paytaxtda yol təhlükəsizliyi məsələsi hələ də ciddi problem olaraq qalır. Xüsusilə intensiv hərəkət olan magistral yollarda piyadaların davranış qaydalarına əməl etməməsi və sürücülərin diqqətsizliyi faciəvi nəticələr doğurur. Mərkəzin müraciətində həm sürücülərə, həm də piyadalara bir daha xəbərdarlıq edilir: sürücülər sürət həddinə ciddi riayət etməli, piyadalar isə yalnız nəzərdə tutulmuş keçidlərdən istifadə etməli və yolun təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkət etməlidirlər.

Son dövrlərdə Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı çıxarılan məhkəmə qərarları ictimai və hüquqi müstəvidə ciddi müzakirələrə səbəb olub. Xüsusilə piyadaların ölümü ilə nəticələnən işlərdə bəraət hökmlərinin artması diqqət çəkir. Son belə hadisələrdən biri Sabunçu rayonunda 2023-cü il oktyabrın 20-də baş verib. İttihama görə, Hacıağa Ağayev idarə etdiyi yük avtomobili ilə yolu keçən piyadanı vurub və nəticədə ölüm hadisəsi baş verib. Lakin Sabunçu Rayon Məhkəməsi hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə bəraət verilib. Məhkəmə müəyyən edib ki, piyada yol hərəkəti qaydalarını pozaraq keçid olmayan hissədən qəfil şəkildə yola çıxıb və sürücünün toqquşmadan yayınmaq üçün real imkanı olmayıb.

Buna bənzər qərarlar əvvəlki dövrlərdə də çıxarılıb. Binəqədi Rayon Məhkəməsində baxılan və Ayna Sultanova heykəlinin yaxınlığında baş verən qəza ilə bağlı işdə də sürücü Cavid Əsgərov günahsız hesab edilib.
Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, piyada “zebra”dan kənar, qəfil şəkildə digər avtomobilin qarşısından yola çıxıb və sürücünün hadisənin qarşısını almaq imkanı olmayıb. Bu halda məhkəmə “qarşısıalınmaz vəziyyət” prinsipini əsas götürərək bəraət hökmü çıxarıb.
Son günlər Ali Məhkəmədə baxılan daha bir iş isə yol-nəqliyyat hadisələri üzrə cəzaların müəyyən edilməsində yeni yanaşmanı ortaya qoyub. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baxılan kassasiya şikayətində sürücü Elməddin Məmmədovun cəzası azaldılıb. İş materiallarına əsasən, 4 uşaq atası olan sürücü qəza sonrası zərərçəkmişə ilkin yardım göstərib, dəfn xərclərini qarşılayıb və barışıq üçün müəyyən kompensasiya təklif edib. Lakin zərərçəkmiş tərəf 70 min manat tələb edib və razılıq əldə olunmayıb. İlkin instansiya məhkəməsi barışığın olmamasını əsas gətirərək daha ağır cəza təyin etsə də, Ali Məhkəmə bu yanaşmanı düzgün hesab etməyib. Qərarda qeyd olunub ki, barışığın yalnız “reallıqdan uzaq maliyyə tələbləri” ilə şərtləndirilməsi təqsirləndirilən şəxsin hüquqi vəziyyətini ağırlaşdıran amil kimi qiymətləndirilə bilməz. Nəticədə Elməddin Məmmədovun cəzası 5 il 1 aydan 4 il 6 aya endirilib və onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi qərara alınıb. Son məhkəmə qərarları göstərir ki, Azərbaycan məhkəmə təcrübəsində yol-nəqliyyat hadisələrinin qiymətləndirilməsində daha diferensial yanaşma formalaşır. Sürücünün məsuliyyətinin avtomatik şəkildə cinayət tərkibi kimi qiymətləndirilməsi deyil, konkret şərait, texniki imkanlar və piyadanın davranışı əsas götürülür. Hüquqşünasların fikrincə, bu yanaşma “obyektiv məsuliyyət” prinsipindən uzaqlaşaraq “faktiki imkan və qarşısıalınmazlıq” meyarlarına əsaslanır. Bu isə həm sürücülərin, həm də piyadaların hüquqi məsuliyyətinin daha balanslı şəkildə müəyyən edilməsinə xidmət edir. Bakıda yol qəzalarının artması fonunda həm inzibati nəzarətin, həm də hüquqi qiymətləndirmənin sərtləşdirilməsi və eyni zamanda daha ədalətli meyarlara söykənməsi zərurət kimi ortaya çıxır. NİİM-in xəbərdarlıqları, məhkəmə presedentləri və statistik göstəricilər göstərir ki, yol təhlükəsizliyi yalnız hüquq-mühafizə orqanlarının deyil, hər bir hərəkət iştirakçısının şəxsi məsuliyyətidir. Paytaxt yollarında hər bir səhv təkcə inzibati pozuntu deyil, geri dönməz insan faciəsinə çevrilə bilər.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
14
23
musavat.com

10Mənbələr