Növbəti ildən magistraturaya qəbul səviyyəsində xarici dil imtahanında danışıq bacarıqları da yoxlanacaq.
Bu barədə jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Rasim Həsənzadə bildirdi ki, bu dəyişikliyi sistemli şəkildə dəyərləndirdikdə məsələyə yalnız magistraturaya giriş “çətinləşəcək və ya çətinləşməyəcək” prizmasından baxmaq kifayət etmir:
"Burada əsas məsələ imtahanın funksional mahiyyətinin dəyişməsidir. Əvvəla, xarici dil imtahanında danışıq bacarığının əlavə olunması qiymətləndirmə modelini daha “kompetensiya əsaslı” edir. İndiyə qədər mövcud format daha çox reseptiv (oxuma, dinləmə) və qismən məhsuldar yazı bacarığını ölçürdüsə, yeni yanaşma dilin real istifadəsini, yəni spontan kommunikasiya qabiliyyətini də daxil edir. Bu isə dil biliyinin daha uyğun ölçülməsi deməkdir".
Müsahibimiz əlavə etdi ki, bu dəyişiklik qısa müddətdə qəbul prosesini obyektiv olaraq daha çətin edəcək. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var:
"Birincisi, danışıq bacarığı ən çox praktika tələb edən komponentdir. Namizədlər təkcə qrammatika və söz ehtiyatı ilə deyil, həm də sürətli düşünmə, cavab formalaşdırma və stress altında ünsiyyət qurma bacarıqları ilə qiymətləndiriləcəklər. Bu isə hazırlıq prosesinə daha da kompleks şəkildə hazırlaşmağı tələb edir.
İkincisi, ölkədə dil tədrisinin uzun illər ərzində daha çox yazılı və test yönümlü olması səbəbilə, danışıq bacarığı nisbətən zəif inkişaf etmiş bir sahədir. Buna görə də keçid dövründə bir çox namizəd üçün əlavə adaptasiya ehtiyacı yaranacaq.
Lakin məsələnin strateji tərəfi daha önəmlidir. Bu dəyişiklik magistratura səviyyəsində təhsilin keyfiyyətinə birbaşa təsir göstərəcək. Çünki magistratura artıq təkcə nəzəri bilik deyil, həm də akademik mühitdə fəal iştirak tələb edir".

Ekspertin fikrincə, xarici ədəbiyyatla işləmək, beynəlxalq konfranslarda çıxış etmək, akademik müzakirələr aparmaq üçün danışıq bacarığı fundamental şərtdir.
"Digər mühüm məqam ondan ibarətdir ki, bu model tələbələri dili “imtahan üçün öyrənmək”dən “ünsiyyət üçün istifadə etmək” mərhələsinə keçirir ki, bu da uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətini artırır. Eyni zamanda bu dəyişiklik magistraturaya hazırlıq bazarına da təsirsiz ötüşməyəcək, kurslar proqramlarını daha çox danışıq əsaslı metodlara dəyişdirməyə məcbur olacaq, bu isə ümumi tədris keyfiyyətini yüksəldə bilər. Nəticə etibarilə, bu tələb qısamüddətli dövrdə magistraturaya girişi daha çətin və rəqabətli edə bilər, lakin uzunmüddətli hədəflər baxımdan daha ədalətli, real bacarıqlara əsaslanan və beynəlxalq standartlara uyğun bir seçim mexanizmi formalaşdırır", - deyə Rasim Həsənzadə bildirdi.
Xədicə BAXIŞLI