AZ

Çinin ən böyük LNG daşıyıcı gəmisi istismara verilib

Pekin, 27 aprel, AZƏRTAC

Çin ilk dəfə tam yerli layihələndirmə və istehsalla hazırlanmış 180 min kubmetrlik mayeləşdirilmiş təbii qaz daşıyıcısını (LNG) təhvil verib.

AZƏRTAC xəbər verir ki, “Celsius Georgetown” adlı gəmi Çinin Ciansu əyalətinin Nanton şəhərində “China Merchants Heavy Industry” şirkətinin dokundan ilk səfərində Sinqapura yola düşüb.

Bu layihə Çinin yüksək səviyyəli təmiz enerji gəmiqayırma sektorunda mühüm irəliləyiş kimi qiymətləndirilir. Uzunluğu 298,8 metr, eni 48 metr olan “Georgetown” ikiyanacaqlı aşağısürətli hərəkət sistemi ilə təchiz olunub. Gəmidə aşağı buxarlanma göstəricisi və güclü ekoloji performans mövcuddur. Bu xüsusiyyətlər onu həm texniki, həm də ekoloji baxımdan diqqətçəkən layihəyə çevirir. Eyni zamanda, bu gəmi Çində indiyədək istehsal olunan ən böyük yük tutumlu LNG daşıyıcısı hesab olunur.

Qeyd edək ki, LNG daşıyıcıları mənfi 163 dərəcə Selsi temperaturda mayeləşdirilmiş təbii qazın daşınması üçün xüsusi olaraq hazırlanır. Onların layihələndirilməsi və tikintisi son dərəcə mürəkkəb hesab olunur. Bu tip gəmilər aviadaşıyıcılar və lüks kruiz gəmiləri ilə birlikdə gəmiqayırma sənayesinin “tac daşları” sırasında qiymətləndirilir. Çində hazırda LNG daşıyıcılarını istehsal edən 5 gəmiqayırma zavodu fəaliyyət göstərir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Seçilən
59
1
azertag.az

2Mənbələr