“Nyu-York meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlərinə yalnız Azərbaycan deyil, bütün türk dünyası öz etirazını bildirməli, sərt mövqe sərgiləməlidir”.
Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Zohran Kvame Mamdani 1915-ci il hadisələri ilə bağlı “X” platformasında tarixi həqiqətləri təhrif edilmiş formada təqdim edib ki, bu da yolverilməzdir:
“Zohran Kvame Mamdaninin “X” platformasındakı paylaşımında 1915-ci il hadisələrinə tamamilə yanlış şəkildə, erməni diasporunun maraqları aspektindən yanaşdığı, tarixi həqiqətləri kobud surətdə təhrif etdiyi göz önündədir. Heç kimə sirr deyil ki, 1915-ci ildə Osmanlı dövlətinin başının I Dünya müharibəsinə qarışmasından istifadə edən ermənilər, türklərə qarşı qətliam törədib, qadınları, uşaqları, mülki insanları amansızcasına qətlə yetiriblər. Yəni 1915-ci il olaylarında ermənilər qurban deyil, qatil rolunda çıxış ediblər. Belə olan halda, erməniləri 1915-ci il olaylarının qurbanı kimi təqdim etmək sadəcə tarixi həqiqətə deyil, həm də əxlaqa və mənəviyyata ziddir.
Hesab edirəm ki, Nyu-York şəhər merinin 1915-ci il olayları ilə bağlı paylaşımı türk dünyasına atılan ləkədır və bu yalana qarşı yalnız Azərbaycan deyil, bütün türk dünyası öz etirazını ortaya qoymalıdır. Türk xalqlarının böyük ziyalıları, ictimai-siyasi xadimləri, QHT təmsilçiləri, media nümayəndələri Nyu-York merinin yalanını ifşa etməli, bu cür təxribatçı fikirlərin ABŞ ilə türk dövlətləri arasındakı münasibətlərə yalnız xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırmalıdır.
2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün atdığı addımlar da Zohran Kvame Mamdani tərəfindən təhrif olunmuş şəkildə təqdim olunub, Nyu-York meri bu məsələdə də açıq-aşkar birtərəfli və qərəzli mövqe tutub. Maraqlıdır ki, Nyu-York meri bu paylaşımını Azərbaycanla Ermənistan arasında de-fakto sülhün mövcud olduğu, ikitətərfli münasibətlərin yaxşılaşmağa başladığı, sülh müqaviləsinin imzalanması üçün əlverişli zəminin formalaşdığı bir dönəmdə yayımlayıb ki, bu da özlüyündə ciddi suallar doğurur. Maraqlıdır, Zohran Kvame Mamdaninin belə həssas bir mqəamda bu cür qızışdırıcı və təxribatçı mövqe ortaya qoyması kimin və ya kimlərin marağına xidmət edir? Nyu-York meri bununla, həm də Prezident Donald Trampın siyasətinə qarşı çıxdığını anlayırmı?
Xatırladaq ki, dövlətimizin beynəlxalq hüquqla təsbit edilən öz suverenliyini qorumaq cəhdini tənqiq edən Nyu-York meri, nədənsə uzun illər ərzində ermənilərin xalqımzı qarşı həyata keçirdiyi soyqırımı və işğal siyasətinə nəzər salmağa “lüzum görməyib”. Halbuki, bir tək Xocalı soyqırımı ermənilərin Azərbaycan və bütövlükdə türk dünyasına, ümumilikdə, insanlığa qarşı necə böyük cinayətlər törətdiyinə nümunədir. Bu həqiqətlərin də yalnız Azərbaycan deyil, bütün türk dünyası tərəfindən dilə gətirilməsi vacibdir və inanıram ki, yaxın gələcəkdə biz bu və bu kimi məsələlərdə türk dövlətlərinin daha koordinasiyalı fəaliyətinə şahid olacağıq”.