Moskvanın Taqanski Məhkəməsi “TikTok” sosial şəbəkəsini Rusiyada qadağan olunmuş məlumatlara girişin məhdudlaşdırılması prosedurunu pozduğuna görə cərimələyib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, platforma İnzibati Xətalar Məcəlləsinin qadağan olunmuş məlumatlara girişin məhdudlaşdırılması və ya onun silinməsi qaydalarından bəhs edən 13.41-ci maddəsinin 2-ci hissəsinin pozulmasında təqsirli bilinib.
Məhkəmə sosial şəbəkəyə 7 milyon rubl cərimə kəsib. Eyni qərar çərçivəsində “Pinterest” (vizual kəşf və paylaşım üçün yaradılmış sosial media platformasıdır) də cərimələnib. Platforma 3,5 milyon rubl ödəməli olub. Buna səbəb isə qadağan olunmuş məzmunun bloklanmaması göstərilib.
Qeyd edək ki, daha əvvəl isə “Twitch” (canlı yayım platforması) platforması isə 3,8 milyon rubl cərimə olunmuşdu.
Dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-də yerləşən transmilli “Google” şirkəti də qadağan olunmuş məzmunu silmədiyi üçün 3,8 milyon rubl cərimə ilə üzləşmişdi.