ABŞ-də siyasi və media gündəmini silkələyən silahlı insident - prezident Donald Trampa qarşı hücum cəhdi təhlükəsizlik problemini gündəmə gətirməklə yanaşı, hadisənin ssenariyə bənzər detalları ilə müzakirəsinə yol açıb. Vaşinqtondakı Hilton hotel-də baş verən hadisə müxtəlif ekspertlər tərəfindən fərqli rakurslardan dəyərləndirilir. Rəsmi məlumatlara görə, hücumda şübhəli bilinən şəxs Koul Tomas Allen olub. O, hadisə yerində saxlanılıb və hazırda xəstəxanada müalicə alır. İlkin versiyaya əsasən, onun tək hərəkət etdiyi bildirilir və bu səbəbdən “tənha canavar” modeli gündəmə gətirilib. Lakin istintaq hələ ilkin mərhələdə olduğundan motiv və mümkün əlaqələr tam aydın deyil.
Təhlükəsizlik xidmətlərinin açıqladığı ilkin məlumatlara görə, şübhəlinin üzərindən bir neçə silah aşkarlanıb. O, tədbirin keçirildiyi hoteldə qonaq kimi qeydiyyatdan keçib. Məhz bu məqam yəni silahlı şəxsin yüksək təhlükəsizlik tədbirlərinin tətbiq olunduğu məkana necə daxil olması sualların əsasını təşkil edir.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Musavat.com-a deyib ki, baş verən hadisə real təhlükəsizlik insidentindən çox, səhnələşdirilmiş tamaşanı xatırladır:
“Birincisi, biz bilirik ki, bəzi dövlət başçıları, xüsusən də ABŞ-dəki kimi, çox ciddi şəkildə qorunur. Məsələn, Avropada baş nazir və ya kansler çox vaxt sadə vətəndaş kimi, yanında cəmi bir nəfərlə mağazaya gedə bilərdi. Lakin ABŞ prezidenti bəlkə də dünyada ən yüksək səviyyədə qorunan dövlət başçısıdır. Onun hər hansı bir yerə daxil olması zamanı riayət edilən xüsusi “məsafə” qaydası var. Həmin məsafə çərçivəsində, ən azı güllənin çata biləcəyi 1800 metrə qədər olan ərazidə bütün təhlükəsizlik məsələləri həll olunur. Ətrafdakı binaların damlarından tutmuş, o istiqamətdə olan hər nöqtə yoxlanılır. Hətta hadisə hoteldə baş verirsə, orada qalan şəxslərdən həmin müddət ərzində otaqlarından çıxmamaq və ya hoteli müəyyən saatda tərk etmək tələb olunur. Yəni belə məsələlərdə çox ciddi məcburiyyətlər olur. Amma burada baş verənlər çox şübhəli görünür. Ən birinci şübhəli məqam cinayəti törədən şəxsin heç bir təşkilata mənsub olmamasıdır. İndiyə qədər heç kim onun hər hansı bir radikal təşkilatın və ya partiyanın üzvü olduğunu deməyib. İkinci şübhəli məqam isə ilkin məlumatlarda “hədəfim Tramp deyil, onun komandasıdır” deməsidir. Komandada o qədər üzv var ki, tək bir adamın belə bir hazırlıq görməsi inandırıcı deyil”.

İ.İsmayıl daha bir faktora da diqqət çəkib:
“Adətən təhlükəsizlik qüvvələri içəri daxil olanda birinci prezidenti, sonra digərlərini qorumalıdırlar, amma burada ardıcıllıq fərqli idi. İlk olaraq vitse-prezident Cey Di Vens salondan çıxarılır. Saniyələr keçsə də, biz görürük ki, Tramp bu hadisəni çox sakit qarşılayır. Sanki tamaşaya baxırmış kimi davranır. Eyni zamanda nə icraçının motivasiyası bəllidir, nə də hazırlığı. Bir adamın bir neçə tüfəng və tapança ilə ora gəlməsindən heç kimin xəbəri olmaması qeyri-mümkündür”.
İlham İsmayıl Trampın narsist xarakteri və siyasi gedişlərinin də gözardı edilməməsinin vacibliyini vurğulayıb:
“Tramp Vaşinqtonda Ağ Evdən kənarda möhtəşəm bir saray tikdirmək istəyir. Konqres buna razılıq vermir, bunun çox baha başa gələcəyini və ehtiyac olmadığını deyirlər. Bəlkə də o, belə bir hadisəni bəhanə gətirərək “hotellər təhlükəlidir, mənə xüsusi yer lazımdır” demək istəyir. Onun özünəvurğunluğu və narsist xarakteri artıq dünyaya bəllidir”.

Ekspert ABŞ təhlükəsizlik qüvvələrinin bu qədər zəif fəaliyyətinin də inandırıcı olmadığını deyib:
“Xilasetmə əməliyyatındakı qeyri-peşəkarlıq, ərazinin mühasirəyə alınma tərzi sanki hər kəsin bu "tamaşada" öz rolunu oynadığını göstərir. Kimsə ona ayrılan rolu mükəmməl oynayır, kimlərsə də bu tamaşada zorən iştirakçı olmalarını hərəkətləri ilə büruzə verirlər. İndi ortalığa bir iddia da atıblar ki, guya sui-qəsdçinin İsrail Müdafiə Ordusunun simvolu olan köynəyi var. Bunu İsrailin Trampa təzyiqi kimi qiymətləndirirlər. Amma mən inanmıram ki, İsrail belə həssas məqamda terror vasitəsilə Trampa nəyisə diktə etsin. Əksinə, mən hesab edirəm ki, Donald Tramp bundan sonra İranla münasibətlərdə daha sülhpərvər mövqe tutacaq, kəskin hərbi ritorikadan uzaqlaşacaq”.
İlham İsmayıl bildirib ki, baş verənləri təhlil edərkən Trampın xarakterini mütləq nəzərə almaq lazımdır:
“Son iki ildə bu, ona qarşı ikinci sui-qəsd cəhdidir. İki dəfə impiçment təhlükəsi ilə üzləşmiş bir adamdır. Qeyri-müəyyənliklər çoxdur. Ona görə də “bunun arxasında İsrail dayanır” və ya “bunu Tramp özü qurub” deyə qəti fikir söyləmək çətindir. Amma hadisə daha çox Trampın maraqlarına xidmət edən bir tamaşaya bənzəyir. Videolarda görünür ki, bir güllə atılır və icraçı qaçır. Heç bir ciddi atışma baş vermir. Adətən ABŞ polisi əlini cibinə atan şübhəlini belə dərhal vurub öldürür. Görünür, bu tamaşanın aktyorunu öldürməmək barədə razılıq olub. İcraçının sağ qalması və təhlükəsizlik qüvvələrinin davranışları bizim indiyə qədər gördüyümüz standartlara tamamilə ziddir. Bəzi epizodlarda müdaxilə və zərərsizləşdirmə prosesi qeyri-peşəkar təsir bağışlayır. Bu isə hadisənin ümumi məntiqinə dair şübhələri artırır”.
E.Məmmədəliyev,
Musavat.com