AZ

“Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” ŞƏRH

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı rayon İcra Hakimiyyəti və Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə aprelin 27-də Masallı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə “Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda ümumrayon konfransı keçirilmişdir.

Konfrans iştirakçıları ilk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini və şəhidlər kompleksini ziyarət edib, abidə önünə tər- gül dəstələri qoyublar.

Konfrans iştirakçıları ilk öncə Masallı rayon Heydər Əliyev Mərkəzində “Dahi Lider və Mədəniyyət Strategiyası – Heydər Əliyev” adlı səyyar sərgi ilə tanış olublar.

Konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ulu Öndərin öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etdiyini, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Natiq bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyev prezidentlik dövründə sadə vətəndaşların, şəhid ailələrinin, müharibə əlillərinin yanında olub, onlara mütəmadi qayğı və diqqət göstərib. Məhz bunun nəticəsidir ki, ümumxalq məhəbbətini qazanan cənab İlham Əliyev xalqın bütün təbəqələri tərəfindən sevilməkdədir.

Araz Əhmədov çıxışda xüsusi vurğuladı ki, bu sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın hər bir çətin sınaqdan alnıaçıq çıxmasının əsas rəmzinə çevrilmişdir. Ulu Öndərin uzaqgörənliklə təməlini qoyduğu milli dövlətçilik strategiyası bu gün cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizi hərbi zəfərlərlə yanaşı, həm də böyük humanizm və sosial rifah dövlətinə çevirib.

Natiq qeyd etdi ki, işğaldan azad olunmuş torpaqlarımızda bu gün həyata keçirilən nəhəng quruculuq işləri, "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qovuşması Heydər Əliyev arzularının və İlham Əliyev vədlərinin real təntənəsidir. Bildirilib ki, dövlətimizin hər bir vətəndaşına, xüsusilə də həssas təbəqəyə göstərilən bu ali diqqət Azərbaycanın sarsılmaz gələcəyinin ən böyük təminatıdır. Sonda əminliklə ifadə olunub ki, Heydər Əliyev ideyaları ilə silahlanmış müasir Azərbaycan dövləti bundan sonra da öz liderinin ətrafında sıx birləşərək yeni-yeni zirvələr fəth edəcəkdir

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirmişdir ki, Müasir Azərbaycan dövləti Ümummilli Liderin ən böyük mirası olaraq Onun uzaqgörən ideyaları işığında addım-addım güclənir və tərəqqi edir. Bu gün ölkəmiz qlobal arenada öz nüfuzunu davamlı şəkildə artıraraq, Cənubi Qafqazın lider dövləti kimi özünəməxsus inkişaf modelini bütün dünyaya sübut edir. Heydər Əliyev xəttinin uğurlu davamı olan bu nailiyyətlər, xalqımızın dahi şəxsiyyətə olan sarsılmaz bağlılığının və sonsuz ehtiramının bariz nümunəsidir. Ulu Öndərin 103-cü ildönümünün ölkə miqyasında böyük coşğu və yüksək ruh yüksəkliyi ilə qeyd edilməsi də məhz bu tükənməz sevginin təzahürüdür.

Ulu Öndərin dövlətçilik fəaliyyəti Azərbaycanın müstəqil bir subyekt kimi dünya xəritəsində öz yerini möhkəmləndirməsinə xidmət edən kompleks islahatlar zənciridir-deyən Seyfəddin Əliyev qeyd etmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev, ilk növbədə ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas edərək daxili sabitliyi bərpa etdi. Onun balanslı və uzaqgörən xarici siyasət kursu sayəsində Azərbaycan beynəlxalq təşkilatların tamhüquqlu üzvünə çevrildi, ölkəmiz ətrafındakı informasiya blokadası yarıldı və milli maraqlarımıza söykənən diplomatik strategiyanın əsası qoyuldu.

Təşkilat sədri sonda vurğuladı ki, Prezident cənab İlham Əliyev bu möhkəm bünövrə üzərində Ulu Öndərin siyasi varisliyini böyük məharətlə davam etdirərək, Azərbaycanı yeni bir inkişaf mərhələsinə yüksəltdi. Məhz bu uzaqgörən strateji kursun məntiqi nəticəsi olaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və 30 illik işğala son qoyaraq tarixi Zəfər qazandı. Bu gün müasir və qüdrətli Azərbaycan Heydər Əliyev ideyalarının sarsılmaz gücünü həm iqtisadi tərəqqidə, həm də azad olunmuş Qarabağın yenidən qurulmasında bütün dünyaya nümayiş etdirir.

Milli Məclisin deputatı Məşhur Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni naliyyətlərə imza atır.

Konfransda Masallı Dövlət Regional Kollecinin direktoru, Filalogiya üzrə Fəlsəfə Doktoru Rövşən Qurbanov “Azərbaycan Tarixinin Əbədi İmzası” mövzusunda çıxış edərək qeyd etmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.

Astara Pedoqoji Kollecinin direktoru, Filalogiya Elmləri Doktoru, Professor Kamran Kazımov “Heydər Əliyev və müstəqil dövlət quruculuğu” mövzusunda çıxış edərək Müasir Azərbaycanın dövlətçilik tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Ulu Öndər təkcə müstəqil dövlətin rəhbəri deyil, həm də onun siyasi, hüquqi və iqtisadi sütunlarını inşa edən dahi memardır. Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi Azərbaycanın milli maraqlarını qlobal çağırışlarla sintez edən unikal bir inkişaf modelidir.

Lənkəran Dövlət Universitetinin Tarix və onun tədrisi kafedrasının müdiri, dosent Kamal Mahmudov “Ulu Öndər Heydər Əliyevin Azərbaycanın memarlıq sahəsinin inkişafında rolu” mövzusunda çıxış edərək bildirdi ki, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli quruculuq salnaməsinin məntiqi davamıdır. Bu əlamətdar il çərçivəsində görülən işlər Ulu Öndərin memarlıq fəlsəfəsini müasir dövrün çağırışları ilə birləşdirir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının Təbiət və sosial elmlər, onların tədrisi, texnologiyası kafedrasının baş müəllimi Fuad Mürsəlli “Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir” mövzusunda çıxış edərək qeyd etdi ki, Ümummilli Lider hələ 90-cı illərdə gənclər siyasətinin təməlini qoymaqla, müasir Azərbaycan gəncliyinin intellektual və vətənpərvər təbəqə kimi formalaşmasını təmin etdi. Onun təşəbbüsü ilə yaradılan Gənclər Günü və həyata keçirilən islahatlar gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə yol açdı.

YAP Mərkəzi Aparatının məsul işçisi Əli Axundov çıxışında bildirdi ki, ulu öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Xalqımızın xilaskarı, müdrik dövlət xadimi Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycan xalqının dəyərli sərvətidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisini təmin edib, torpaqlarımız işğaldan azad olunub və ölkəmiz möhtəşəm nailiyyətlərə imza atmaqdadır.

Konfransda Masallı Dövlət Regional Kollecinin təqdimatında kompozisiya və musiqi dəqiqələri təqdim olunub.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
sesqazeti.az

2Mənbələr