AZ

Gənclər bizim gələcəyimizdir, gəlin onları zərərli vərdişlərdən qoruyaq!

Gənc Vətənpərvərlər İctimai Birliyi “Gənclər bizim gələcəyimizdir, gəlin onları zərərli vərdişlərdən qoruyaq” mövzusunda ADNSU nəzdində Bakı Neft-Energetika Kollecində birgə tədbir keçirib.

Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb, Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. GVİB sədri, ictimai xadim, Azərbaycan fəxri bədən tərbiyəsi və idman xadimi Müqamət Əliyev tədbir iştirakçılarını salamlayıb və keçirilən tədbirin mahiyyətindən danışıb.

Daha sonra o qeyd edib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi və mahiyyəti böyük əhəmiyyət daşıyır. Bildirilib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin müəyyən hissəsi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkir.

Bu problemin qismən aradan qaldırılması üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün və effektiv aparılması çox vacibdir. Narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin onun ailə üzvlərinin sağlamlığına da mənfi təsir göstərir.

Qeyd olunub ki, narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, cəmiyyət də aktiv iştirak etməlidir. Ailədaxili münaqişələrin yaranmasına səbəb olan narkomaniyanın profilaktikasında valideynlərin rolu xüsusilə önəmlidir.

Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməlidirlər. İnanırıq ki, dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət və həyata keçirilən tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki cəhətdən sağlam böyüməsinə öz töhfəsini verəcəkdir.

Bakı Neft-Energetika Kollecinin direktoru Ata Babayev qeyd edib ki, şəxsiyyətin formalaşmasında cəmiyyət mühüm rol oynasa da, insanın cəmiyyətə qoşulmazdan əvvəl aldığı ilkin tərbiyə, eşitdiyi öyüd-nəsihətlər və böyüdüyü mühit onun gələcək həyat yolunun müəyyənləşməsində xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə ailə tərbiyəsi və ata amili hər bir uşağın taleyində aparıcı rol oynayır. Çünki ailə mühiti və tərbiyəsi insanın cəmiyyətdəki fəaliyyətində mənəvi vəsiqə rolunu oynayır.

Tədbirdə kollecin tərbiyə işləri üzrə müavini Muxtar Həsənov, Vəkillər Kollegiyasının üzvü, vəkil Arslan Mikayılov, vəkil Elminaz Qafarova, Zümrüd Vəliyeva və digərləri mövzu ilə bağlı çıxış edərək narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu, “ağ ölüm” adlandırıldığını vurğulayıblar. Çıxışçılar gəncləri bu bəladan uzaq durmağa, eyni zamanda bu problemə düçar olmuş insanlara dəstək olmağa çağırıblar.

Diqqətə çatdırılıb ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinin gücləndirilməsinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac var. Eyni zamanda orta və ali məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar.

Tədbirdə narkomaniya, QİÇS və İİV haqqında ümumi anlayış və terminologiya ilə bağlı geniş maarifləndirici müzakirə aparılıb. Sonda narkomaniya, QİÇS və İİV mövzusunu əks etdirən videoçarx nümayiş olunub.

İştirakçılar əsasən 16–17 yaş arası gənclərdən ibarət olub. Tədbirdə ADNSU nəzdində Bakı Neft-Energetika Kollecinin tələbələri, ictimaiyyət nümayəndələri, GVİB-in İdarə Heyəti və könüllülər iştirak ediblər.

Qeyd edək ki, tədbir Gənc Vətənpərvərlər İctimai Birliyinin dəstəyi ilə silsilə tədbirlər çərçivəsində, ali təhsil müəssisələrində və əlaqədar təşkilatlarda tədbirlər planına uyğun olaraq həyata keçirilir.

GVİB KİV iş şöbəsi

Seçilən
52
qht.az

1Mənbələr