Hazırda ABŞ və İsrailin İrana qarşı hərbi münaqişəsində qalibi müəyyən etmək hələ tezdir, çünki regionda vəziyyət dinamik olaraq qalır.
Ölkə.Az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının (NATO) Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone "RBC-Ukrayna" agentliyinə verdiyi müsahibədə bildirib.
Admiral qeyd edib ki, hadisələr hələ də inkişaf etməkdədir və yekun rəy vermək üçün bir qədər gözləmək lazımdır:
"Hazırda kiminsə qalib və ya məğlub olduğunu demək çətindir... Düşünürəm ki, sonda danışıqlar yolu üstün gələcək", — deyə o vurğulayıb.
Draqonun sözlərinə görə, münaqişə tərəflərin ciddi dağıntılara səbəb olan kütləvi hücumları ilə müşayiət olunsa da, eyni zamanda hər iki tərəfin yeni "dözümlülük qabiliyyəti" də üzə çıxıb.
Xatırladaq ki, bir qədər əvvəl İranın ABŞ-a xüsusi bir razılaşma təklif etdiyi barədə məlumatlar yayılmışdı. Sözügedən təklifdə Hörmüz boğazının açılması və nüvə məsələsi ilə bağlı müzakirələrin daha sonraya saxlanılması nəzərdə tutulur.