AZ

“Sülh və Barışıq üçün Gernika mükafatı” tarixin acı dərslərindən çıxarılan nəticələrin gələcəyə yönəldiyini göstərir RƏY

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

89 il əvvəl, iyirmi altı aprel tarixində İspaniyanın Gernika şəhərində dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir. Bu tarixdə yalnız bir şəhərin deyil, bütün insanlığın yaddaşına həkk olunmuş Gernika bombalanması qurbanları ehtiramla yad edilir. Belə bir rəmzi gündə “Sülh və Barışıq üçün Gernika mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması həm siyasi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında yazıçı-publisist Lamiyə İsazadə bildirib.

Onun sözlərinə görə, Prezidentin mükafatın təqdimolunma mərasiminin iştirakçılarına ünvanladığı müraciəti nəzərdən keçirdikdə əsas məqam aydın olur: sülh təkcə siyasi razılaşma deyil, eyni zamanda, tarixi yaddaşın, yaşanmış acıların və gələcəyə dair məsuliyyətin nəticəsidir.

“Gernika şəhəri nümunəsində verilən əsas fikir ondan ibarətdir ki, müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini daha dərindən anlayırlar. Bu yanaşma Azərbaycanın son otuz il ərzində yaşadığı tarixi proseslərlə də üst-üstə düşür. Uzun illər davam edən münaqişə, itkilər və qeyri-müəyyənlik fonunda Azərbaycan cəmiyyətinin formalaşdırdığı düşüncə artıq yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh ölkəmiz üçün yalnız arzu deyil, həm də yeni bir reallıqdır. Bu reallığa uyğunlaşmaq isə həm psixoloji, həm də idarəetmə səviyyəsində dəyişikliklər tələb edir. Dövlətimizin başçısının çıxışında xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, sülh yalnız siyasi razılaşma kimi deyil, praktik nəticələr doğuran proses kimi təqdim olunur. Regionda iqtisadi əlaqələrin bərpası, nəqliyyat və ticarət imkanlarının genişlənməsi artıq nəzəri müzakirə mövzusu deyil, real prosesə çevrilir. Bu isə göstərir ki, davamlı sülh yalnız diplomatik masalarda deyil, gündəlik həyatın içində möhkəmlənir. Digər tərəfdən, Prezidentin müraciətində vətəndaş cəmiyyətinin roluna xüsusi yer ayırması diqqətdən qaçmır. Dövlətlərarası münasibətlər nə qədər vacibdirsə, xalqlar arasında etimadın qurulması da bir o qədər əhəmiyyətlidir. Bu baxımdan müxtəlif səviyyələrdə dialoqun təşviqi gələcək sabitliyin əsas sütunlarından biri kimi təqdim olunur”, - deyə L.İsazadə vurğulayıb

O qeyd edib ki, Prezident İlham Əliyevin mesajında mühüm bir məqam beynəlxalq amillərlə bağlıdır. O, açıq şəkildə göstərir ki, uzunmüddətli münaqişələrin həlli üçün təkcə tərəflərin iradəsi kifayət etmir. Beynəlxalq dəstək və siyasi mühit də həlledici rol oynayır. Bu yanaşma Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını da müəyyən edən əsas çərçivəni ortaya qoyur.

“Prezident İlham Əliyevə təqdim olunan “Sülh və Barışıq üçün Gernika mükafatı” bu kontekstdə yalnız bir təltif deyil. O, həm keçmişin dərslərini, həm də gələcəyə yönəlik öhdəlikləri xatırladan bir simvoldur. Dövlətimizin başçısının müraciətində hiss olunan məsuliyyət tonu da məhz buradan qaynaqlanır: əldə olunan nəticələr qorunmalı, möhkəmləndirilməli və davamlı hala gətirilməlidir. Sülh birdəfəlik əldə olunan nailiyyət deyil, davamlı diqqət və səylər tələb edən prosesdir. Gernikanın acı xatirəsi ilə Cənubi Qafqazda yaranan yeni reallığın paralel təqdimatı isə hər bir oxucuya mühüm bir mesaj verir: tarixdən dərs çıxaran xalqlar gələcəyi daha sağlam qura bilərlər”, - deyə L.İsazadə vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
50
azertag.az

10Mənbələr