AZ

Dünyanın taleyi Bakıda həll olunur

Ukrayna və Rusiya arasında növbəti sülh danışıqları Azərbaycanda keçirilə bilər. 

Aprelin 25-də Azərbaycana səfər edən Ukrayna Prezidenti Volodimir Zelenskinin belə bir təşəbbüslə çıxış etməsindən sonra indi diqqətlər Rusiyaya yönəlib.

Bu görüşün baş tutması Rusiya tərəfinin mövqeyindən asılı olacaq. Prezident Zelenski də əgər Rusiya razılaşarsa, danışıqların Azərbaycanda keçirilməsini mümkün hesab edib.

“Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə, danışıqlarımızı, həmçinin istərdik ki, Azərbaycanda aparaq”, - deyə Volodomir Zelenski əlavə edib.

Qeyd edək ki, Ukrayna və Rusiya arasında sonuncu müzakirələr bu ilin fevral ayında baş tutub.

Ümumiyyətlə, fevraln 4-də hər iki ölkənin münayəndə heyəti ABŞ-nin vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirliklərində, fevralın 18-də isə Cenevrədə bir araya gəliblər.

Mart ayında danışıqların davam etdirilməsi nəzərdə tutulsa da, fevralın 28-də ABŞ-nin İrana qarşı müharibəyə başlamasından sonra beynəlxalq gündəmin dəyişməsi Rusiya və Ukrayna müzakirələrinin diqqətdən kənarda qalmasına səbəb oldu. 

Fars körfəzini əhatə edən ağır müharibə Rusiya və Ukrayna arasında diplomatik təmasların yenidən daha genişmiqyaslı eskalasiya ilə əvəz olunması ilə müşahidə olunur. İran ətrafında sülh danışıqlarının hələlik nəticə vermədiyini nəzərə alsaq, ABŞ-nin tezliklə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə məşğul olmağa başlayacağını demək çətindir.

Bu baxımdan, danışıqların Azərbaycanda keçirilməsi Rusiya və Ukrayna müzakirələrində yaranmış fasilənin aradan qalxması ilə nəticələnə bilər ki, bu da tərəflərin konsensusa yaxınlaşması deməkdir.

Azərbaycanın müxtəlif siyasi və hərbi qütblərdə dayanan tərəfləri bir araya gətirmək bacarığı, eləcə də müzakirələrin təşkili üçün siyasi-diplomatik təcrübəyə malik olması beynəlxalq münasibətlərdə Bakı platformasına inamı artırıb.

Bu, həm də Azərbaycanın uzun illərdir həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət və neytral mövqe nümayiş etdirməsi ilə izah oluna bilər. NATO və Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisləri, ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəislərinin qlobal və regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün məkan kimi Bakını seçməsi də bununla izah oluna bilər.

Bundan başqa, Azərbaycan tərəfi İsrail və Türkiyə, İsrail və Suriya arasında müxtəlif vaxtlarda Bakıda baş tutan qapalı danışıqların da təşəbbüskarı olub. Yəni Bakı platforması beynəlxalq və regional proseslərdə gərginliyin azaldılmasında mühüm rol oynayıb.

Qeyd edilən kontekstdə Azərbaycana marağın artması Prezident İlham Əliyevə olan etimadla bağlıdır. Dövlət başçısının peşəkar diplomatik təcrübəyə və nüfuza sahib olması danışıqlar prosesinin baş tutmasını şərtləndirən xüsusi amillərdən birini təşkil edir. 

Digər tərəfdən, ABŞ-nin vasitəçiliyi ilə keçirilən son iki danışıqlarda Vaşinqton özünü strateji maraqlarına uyğun təkliflər paketi ilə çıxış edib. Yəni Tramp administrasiyasının Rusiya ilə anlaşmaq istəyi Ukraynanı qane etmədiyindən danışıqlar nəticəsiz başa çatıb.

Azərbaycan isə neytral mövqe sərgilədiyindən masada üçüncü dövlətin maraqları nəzərə alınmadan tərəflərin birbaşa dialoq aparması üçün əlverişli imkan yarana bilər. Bu da müəyyən nəticələr əldə edilməsi baxımından, ilk dəfə Ukrayna və Rusiyanın ortaq məxrəcə gəlməsini asanlaşdırmış olar. 

Seçilən
15
cebheinfo.az

1Mənbələr