AZ

Türkiyənin Quru Qoşunları komandanı Azərbaycanda rəsmi səfərdədir

Aprelin 27-də Azərbaycanın müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Bakıda səfərdə olan Türkiyə Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, daha sonra Şəhidlər xiyabanı, Türk Şəhidliyi və Zəfər parkını ziyarət edib.

Baş Qərargahda keçirilən görüşdə Kərim Vəliyev Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın davamlı inkişaf etdiyini bildirərək, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

O, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “TurAz Qartalı-2026” birgə taktiki-uçuş təliminin ikitərəfli əməkdaşlığın inkişafına və regional təhlükəsizliyə töhfə verdiyini qeyd edib.

Metin Tokel isə qarşılıqlı səfərlərin strateji müttəfiqlik çərçivəsində hərbi əməkdaşlığın genişlənməsinə xidmət etdiyini bildirib.

Tərəflər birgə və çoxtərəfli təlimlərin hərbi qulluqçuların peşəkarlığının artırılması baxımından əhəmiyyətini vurğulayıb, həmçinin hərbi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Seçilən
0
16
anews.az

10Mənbələr