AZ

Azərbaycan Çexiya iqtisadi əlaqələri dərinləşir - Böyük resurslar yeni imkanlar açır

Azərbaycan və Çexiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və son illərdə bu əlaqələr həm iqtisadi, həm də siyasi müstəvidə yeni bir mərhələyə qədəm qoyub. Münasibətlərdəki inkişafın ən mühüm göstəricilərindən biri Çexiyanın baş naziri Andrey Babişin aprelin 26-da Azərbaycana reallaşdırdığı rəsmi səfərdir.

Ölkələrimiz arasında əməkdaşlıq həm də iqtisadi sferanı əhatə edir. Çexiya Baş nazirini səfər zamanı geniş biznes heyətinin müşayiət etməsi də səfərin əsas prioritetlərindən birinin iqtisadi əməkdaşlıq olduğunu göstərir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a şərhində bildirib ki, keçən il Azərbaycanla Çexiya arasında 814,73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi iqtisadi əlaqələrin dinamik inkişafını göstərir: “Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir. Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Bununla yanaşı, Çexiya tərəfi bərpa olunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir”.

Deputat qeyd edib ki, çex şirkətlərinin Azərbaycanda bərpa olunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu əməkdaşlığın konkret nümunələridir.

A.Hüseynov həmçinin deyib ki, Azərbaycanla Çexiya arasında yeni biznes təşəbbüslərinin reallaşdırılması üçün də imkanlar genişdir: “Bu təşəbbüslər isə yaxın vaxtlarda energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq və ticarət sahələrində əlaqələrin gücləndirilməsinə inamı artırır”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
41
50
musavat.com

10Mənbələr